NAXÇIVAN :

25 Oktyabr 2026, Bazar

Dünya çempionatı: Azərbaycanın iki yunan-Roma güləşçisi finala yüksəlib

...

Astanada yunan-Roma, sərbəst və qadın güləşi üzrə dünya çempionatı keçirilir. 135 ölkədən 900-ə yaxın idmançının qatıldığı yarış oktyabrın 24-dən noyabrın 1-dək “Barıs Arena” idman kompleksində təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, doqquz gün ərzində idmançılar güləşin 3 növü üzrə medallar uğrunda mübarizə aparacaqlar. Astana 2019-cu ildən sonra ikinci dəfə güləş üzrə dünya çempionatına ev sahibliyi edir.
Yarışların ilk günündə Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov dünya çempionatının finalına yüksəliblər.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı bildirib ki, hər iki idmançımız yarımfinal mərhələsini uğurla tamamlayaraq ən azı gümüş medalı təmin edib.
Onun sözlərinə görə, 55 kiloqram çəki dərəcəsində çıxış edən Eldəniz Əzizli yarımfinalda ötən ilin dünya çempionu olan Gürcüstan təmsilçisinə qalib gəlib. Bununla da Azərbaycan güləşçisi karyerasında beşinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb: “Oktyabrın 25-də Eldəniz Əzizli böyüklər arasında dünya çempionatlarında səkkizinci medalını qazana bilər. Qalib gələcəyi təqdirdə, o, beşqat dünya çempionu kimi Azərbaycan güləş tarixində yeni rekorda imza atacaq. Eldəniz Əzizli artıq 4 qızıl medalla rekordçudur və beşinci çempionluqla bu göstəricini daha da yaxşılaşdıra bilər”.
77 kiloqram çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov isə 3 illik fasilədən sonra yenidən dünya çempionatının finalına yüksəlib. O, yarımfinal görüşündə İran güləşçisinə qalib gəlib. Bu, Sənan Süleymanovun böyüklər arasında dünya çempionatlarında üçüncü finalı olacaq.
Federasiya rəsmisinin sözlərinə görə, final görüşləri oktyabrın 25-də yarışların axşam proqramında keçiriləcək. Eldəniz Əzizli ötən il dünya çempionatının yarımfinalında məğlub olduğu İran təmsilçisi ilə qarşılaşacaq. Sənan Süleymanov isə qızıl medal uğrunda Moldova güləşçisi ilə mübarizə aparacaq.
Azərbaycanın daha iki güləşçisi – Murad Məmmədov (60 kq) və Qurban Qurbanov (82 kq) dörddəbir final mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar. Rəqibləri finala yüksələ bilmədiyi üçün təmsilçilərimiz təsəlliverici görüşlərdə iştirak etmək imkanını da itiriblər.
Oktyabrın 25-də Azərbaycanın daha üç təmsilçisi – Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov (130 kq) və ikiqat dünya çempionu Ülvü Qənizadə (72 kq) mübarizəyə qoşulacaq. Oktyabrın 26-da isə Həsrət Cəfərov (67 kq), Nihat Məmmədli (63 kq) və İslam Abbasov (87 kq) dünya çempionatında ilk görüşlərinə çıxacaqlar.

Nəşr edilib : 24.10.2026 21:08