NAXÇIVAN :

19 Yanvar 2026, Bazar ertəsi

Üzeyir bəy Hacıbəylinin yaradıcılığında yeni dramaturji janrlar, məzmun və ifadə çalarları

...

Azərbaycan xalqı dünya mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmişdir. XX əsrin qüdrətli sənətkarı Üzeyir Hacıbəyli də belə şəxsiyyətlərdəndir. Dahi bəstəkar həm də ədəbi-bədii aləmə həyatı yaxşı və dərindən bilən bir publisist kimi gəlmişdi. O, zamanın qabaqcıl ideyaları səviyyəsində dayanmağı, xalqının keçmişinə hörmət etməyi, onun milli ləyaqətini qorumağı baxımından yeni yaradıcılıq üfüqləri açdı. Üzeyir Hacıbəylinin  ideyalarındakı məqsəd xalqının xeyrini, ictimai məramını düşündürən, onların təbliği üçün yeni yollar, üsullar və formalar tapmaqdan ibarət idi.

Dahi bəstəkar musiqi mədəniyyətimizə bir sıra yeni çalarlar, janrlar gətirmişdir. Gərgin fəaliyyəti dövründə bütün əzab və əziyyətlərə dözürdü və bu yolda dəhşətli çətinliklərlə üzləşməyə məcbur olurdu. Belə bir çətin zamanda o, bir an da olsa, öz əqidəsindən dönmədi, eləcə də ictimai mövqeyindən geri çəkilmədi. Əksinə, ildən-ilə öz gərgin fəaliyyəti ilə ucaldı, tərəqqiyə, maariflənməyə, böyük ehtiyacı olan doğma xalqına, torpağına daha dərindən bağlandı.  

Üzeyir bəy Hacıbəyli xalq yaradıcılığı, xalq musiqisi və xalq hikmətlərindən ilham alaraq xalq məsəli, zərbi məsəllər, atalar sözlərindən bəhrələnmişdir. Folklor üslubunu dərindən mənimsəmiş, topladığı xalq incilərindən ilham almışdı Üzeyir Hacıbəyli.

Dahi bəstəkar kiçik yaşlarından Azərbaycan nağıllarından, lətifələrindən, bayatı və mahnılarından, atalar sözləri və məsəllərindən bəhrələnmişdir. Üzeyir Hacıbəylinin uşaqlıq və gəncliyinin ilk çağları Şuşada keçmişdir. Şuşa yalnız öz təbii gözəlliyi, tarixi yaraşığı ilə deyil, həm də özünün elmə, mədəniyyətə, ədəbiyyat və incəsənətə verdiyi böyük şəxsiyyətləri ilə nəzəri cəlb etmişdir.

Azərbaycanın musiqi ocağı kimi şöhrət qazanan Şuşa şəhəri Üzeyir bəy üçün də ilk yaradıcılıq qaynağı idi. Üzeyir Hacıbəyli ilk uşaqlıq xatirələri haqqında yazırdı: “...Mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və sazəndələrdən almışam. O vaxt mən “Muğam” və “Təsnif” oxuyardım. Səsim xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər...” Üzeyir Hacıbəyli ibtidai təhsilini Şuşada Nikolayevski adına rus-tatar məktəbində almışdı. Uşaqlıqdan təbiətdən zövq alan, el ruhunda tərbiyələnən Üzeyir sənətə böyük həvəs göstərmiş, zəngin xalq yaradıcılığı ilə maraqlanmağa başlamışdır. Şagird ikən bir neçə kiçik nağıl toplamış, üzünü köçürmüş və bir kitabça tərtib etmişdir.

Artıq XX əsrin lap əvvəllərində Azərbaycan mədəniyyətinin, ictimai fikrinin inkişafında yeni bir dövr başlanırdı. Üzeyir Hacıbəyli bu dövrün yeni bir nümayəndəsi kimi mübarizəyə qoşulur. Bu təlatümlü dövrdə onun fəaliyyətinin məqsədi doğma xalqına xidmətdən, onun azadlığı uğrunda mübarizədən ibarət idi.

Seminariyaya daxil olduqdan sonra buranın müxtəlif millətlərdən olan qabaqcıl dünyagörüşlü insanları Üzeyirdə Vətən qürurunu daha da qüvvətləndirir. O, kütləvi fənlərlə yanaşı, bilavasitə musiqi təhsili və nəzəriyyəsi ilə bağlı olan elmlərlə də maraqlanır, bir sıra alətlərdə çalmağı öyrənir. Tələbəlik illəri haqqında Üzeyir Hacıbəyli yazır: “...Seminariyada skripkada, violonçeldə və nəfəsli alətlərdə çalmağı öyrəndim. Mən orada musiqi nəzəriyyəsi haqqında da az-maz məlumat ala bildim”. Üzeyir   Hacıbəylinin seminariya təhsili haqqındakı məlumatlarda diqqəti daha çox iki məsələ cəlb edir. Onlardan biri Üzeyirin xarakterinə tam uyğun olan vətəndaşlıq borcunu yerinə yetirmək cəhdi idi. Üzeyir Hacıbəyli boş yerə əmək və vaxt sərf etməmiş, hər günün qədrini bilmiş, hər anın ictimai dəyərini nəzərə almışdı.

İkincisi, həqiqi istedadını tapana, üzə çıxarana qədər özünü müxtəlif sənət sahələrində sınaqdan keçirmişdir. Gah müxtəlif musiqi alətlərində çalmış, gah rəsm çəkmiş, bəzən şən, gümrah olmuş, bəzən də uzun müddət fikrə dalmışdır. Bütün bunlarla yanaşı, o, seminariya illərində “Şərq musiqi və nəğmə məsələlərində... misilsiz avtoritet, tənqidçi və icraçı ustad Üzeyir” kimi tanınmışdır. Tələbəlikdə qazandığı müvəffəqiyyət qətiyyən gənc Üzeyiri razı salmırdı. Ona görə də daha ciddi, daha məhsuldar işləyir, xalqının ehtiyacını yüngülləşdirmək üçün yeni yollar axtarırdı. Hətta bir dəfə seminariyanın son kursunda ikən imtahan üçün “Mən gələcəkdə nə iş görəcəyəm” mövzusunda yazdığı inşada, “Mən məktəblərimiz üçün ana dilində tədris olunmaqdan ötrü dərs kitabları tərtib edəcəyəm” yazmışdı. Bu, əsl vətəndaşlıq idi. Gələcəkdə xalqın, Vətənin inkişafı yolunda bütün bilik və bacarığını əsirgəməyən bir gəncin, tələbə Üzeyirin andı idi.      

1904-cü ildə Üzeyir Hacıbəyli Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Şuşanın yaxınlığında Cəbrayılın Hadrut kənd məktəbinin 3-cü paralel sinfinə müəllim təyin olunur. Üzeyir Hacıbəyli yalnız dərs deməklə kifayətlənmir. Burada çalışdığı vaxtda o, bir sıra mətbuat orqanları ilə əlaqə saxlayırdı. “Kaspi” qəzetində “U” imzası ilə bir neçə məqaləsi çap olunur.

1905-ci ildə Üzeyir Hacıbəyli Hadrutdan Bakıya qayıdır və “Həyat” qəzetində çalışmağa başlayır. 1905-1908-ci illərədək Bibiheybət rayonunda və şəhərdə müəllimlik etməklə yanaşı, redaksiyalarda çalışır. Həmin dövrdə Bakı həyatı inqilablar şəhərinin ictimai-siyasi hadisələri gənc Üzeyirə təsirsiz qalmır. O, tez bir zamanda ictimai həyat axınına düşür, zamanın qabaqcıl ideyalarının təsiri altında onun dünyagörüşündə yeni meyillər yaranır.

Bildiyimiz kimi, XX əsrin birinci yarısında ölkəmizdə dahi bəstəkara, jurnalistə, dramaturqa və ictimai xadimə böyük ehtiramlar olduğu vaxtda o, müxtəlif janrlı əsərlərlə yanaşı, mədəniyyət və ədəbiyyat aləmində yeni  səhifələr yazır və  xalqı üçün öz yaradıcılıq töhfələrini ərməğan edirdi. Yaşadığı əsr onu özünün böyük oğlu, milli operanın banisi, musiqili komediya janrının ilk yaradıcısı, mahir jurnalist, yeni çalarlı publisistik ədəbiyyatın banilərindən biri, ilk   maarif və mədəniyyət işçisi, qüdrətli dramaturq və güclü vətəndaş, yazıçı kimi qəbul etdi.

Böyük bəstəkarın yaradıcılıq hünərinin başqa bir sahəsini göstərən bədii publisistikası öz siyasi kəsəri, satirik təsvir üsulları, öz məzəli dili, xalq yumoru ünsürləri ilə adamı heyran edirdi. Üzeyir Hacıbəylinin yazıları ilə tanış olan xalq öz səadəti üçün döyünən ürəyin hərarətini duyur, istedadlı qələm sahibinin söhbətinin ləzzətindən doymaq bilmirdi.

Özünə qarşı son dərəcə tələbkar olan Üzeyir Hacıbəyli hər saat belə təzə-təzə məlumatlar əldə etmək üçün çalışır və təbiətindəki narahatlıq ilə jurnalistika sənətindən irəli gələn operativlik bir-birinə qarışır, o bir ümman kimi təlatümə gəlirdi. Bu xüsusiyyət özünü iki cəhətdən göstərirdi: həm bədxahlarından birinin dediyi kimi, o, “bir budağa çıxıb çox budağı silkələyirdi”. O, demək olar ki, “İrşad”, “Tərəqqi”, “Həqiqət”,  “Həyat” qəzetlərində hər gün məqalə dərc elətdirirdi. Dahi Üzeyir Hacıbəyli həm ciddi məqalə, həm də felyeton və ya satirik miniatürlərlə çıxış edirdi. O, bir jurnalist kimi öz yazıları üçün çox ustalıqla söz axtarır və onların ən münasibini xalqı üçün yazırdı.

Üzeyir Hacıbəyli yaradıcılığının ən mühüm xüsusiyyətləri gülüşlə bağlı olduğu kimi böyük bəstəkarın “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının, felyeton, satirik hekayə və miniatürlərinin də mayası şən gülüşlə yoğrulmuşdur. O, böyük gülüş ustası idi. Bu gülüşləri həyatda müşayiət edir sonra özünün yazı üslubuna xas bir şəkildə xalqa təqdim edirdi.

Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. Hələ XIX əsrin əvvəllərində şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini xalq musiqi xəzinəsinin sayəsində zənginləşdirdi. Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivləri, estetik prinsiplərini müəyyənləşdirdi.

Dahi Üzeyir “Arşın mal alan” musiqili komediyasını yazmaq haqqında hələ Qori Müəllimlər Seminariyasında oxuyarkən fikirləşir və qeydlər aparırdı. O bu operettanı 1913-cü ildə Sank-Peterburqda konservatoriyada oxuyarkən tamamlamışdır.

1914-cü il oktyabr ayının 25-də Bakıda H. Z.Tağıyevin teatrında “Arşın mal alan” operettasının premyerası olmuşdur. İlk tamaşanın yaradıcı heyəti belə idi: Əsgər – H.Q. Sarabski, Gülçöhrə – Ə. Ağdamski, Soltanbəy – Ə.Hüseynzadə, Cahan xala – Gülsabah xanım, Süleyman –  M Terequlov, Vəli – H.Hüseynov ifa etmiş, rejissoru H.Ərəblinski və dirijoru M.Maqomayev olmuşdur.

“Arşın mal alan”ı populyarlığına və şöhrətinə görə heç bir musiqi əsəri ilə müqayisə etmək olmaz. 75-dən çox dildə tərcümə olunmuş 76 ölkənin 187 teatrında tamaşaya qoyulmuşdur.

Operettanın səhnə həyatından 100 ildən artıq bir vaxt keçsə də, ona tamaşaçı rəğbəti daha da artır. Bunun əsas səbəbi süjetin xalq həyatından alınmış epizodlara söykənməsidir. Operetta ekranlaşdırıldıqdan sonra daha da məşhurlaşmış və dünya kinoteatrlarında tamaşaçıların ən sevimli filmlərindən birinə çevrilmişdir.

Görkəmli bəstəkar xalq musiqisi haqqında fikirlərində yazırdı: “Xalq bəstəkarın yaratdığı musiqi əsərindən qəlbinə təsir edəcək qida tələb edir”. Gənc bəstəkarlara xalq musiqisindən bəhrələnərək əsərlər yazmaqda tövsiyə edərək bildirirdi: “Bəstəkar xalqın öz doğma ana dili ilə danışmalıdır. Bunun üçün gənc bəstəkarlarımız xalq musiqi dilinin bütün qanunlarını düzgün mənimsəməli və aydın bir dildə danışmalıdır. Xalq öz arzularını, düşüncələrini doğma folkloru əsasında arzulayır. Buna görə də xalq musiqi dilinin bütün qanunlarını öyrənməli, sadə bir dillə yazmağa çalışmalıdırlar”. Bəstəkarın bu fikirləri 1940-cı ildə ömrünün kamillik çağı yazmış olduğu məqaləsində öz əksini tapmışdır. Bir sözlə, Üzeyir gülüşü, hazırcavablığı xalqımıza gülüş çələngi bəxş etmişdir.

Azərbaycan xalqının maariflənməsi sahəsində dahi bəstəkar Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə professional musiqi tariximizin təməlini qoymaqla bərabər, dövri mətbuatda saysız-hesabsız əsərləri yer almışdır. Həm  bir bəstəkar kimi, həm də yazıçı, jurnalist kimi, felyetonları, satirik miniatürlərinin məzmun və ideya, ifadə tərzinə görə fərqlənirdi. Xalqın maarifləndirilməsi yolunda xalq hikmətləri ilə zəngin  saysız-hesabsız motivləri ilə söz xəzinəsinə yeni çalarlar gətirdi Üzeyir Hacıbəyli.

Zəngin xalq hikmətlərindən bəhrələnərək özünün düşündürən gülüş çələngini operettalarında obrazların dili ilə xalqına ərməğan etdi.

Dahi bəstəkarın əsərləri onun 140 illik yubleyində öz təravətini nəinki saxlamış, ona hər gün, hər an milyonlarla tamaşaçı məhəbbəti qazandırmaqdadır.

Bənövşə RZAYEVA

Naxçıvan Dövlət Universitetinin müəllimi,

 sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 18.09.2025 09:00