NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Dünya irsindən Naxçıvan abidələrinədək

...

Hər il 18 aprel tarixi “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu gün dünyada daha çox Dünya İrsi Günü adı ilə tanınır.
Bu günün əsas məqsədi yalnız tarixi abidələri xatırlamaq deyil, həm də onların qarşılaşdığı təhlükələrə – müharibələrə, təbii fəlakətlərə, urbanizasiya prosesinə, laqeydliyə və iqlim dəyişikliklərinə diqqət çəkməkdir. 18 aprel yalnız keçmişə ehtiram günü deyil, həm də gələcəyə qarşı məsuliyyətin çağırışıdır. Hər bir abidə xalqın tarixinin daşlaşmış yaddaşı, milli ruhunun bədii ifadəsi və sivilizasiyanın izidir. Onları qorumaq, keçmişi anlamaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
Azərbaycanın zəngin tarixi və mədəni irsi bu gün yalnız milli sərvət kimi qiymətləndirilmir, həm də beynəlxalq təşkilatlar tərəfindən tanınan və bəşəri irs nümunəsi kimi yüksək dəyər verilən əhəmiyyətli bir mədəniyyət mirasıdır. Xüsusilə UNESCO tərəfindən bir sıra tarixi abidə və obyektlərimizin Dünya İrs Siyahısına daxil edilməsi ölkəmizin qədim sivilizasiya mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ən mühüm tarixi abidələrindən biri İçərişəhərdir. Qədim qala divarları, dar küçələri, karvansaraları, məscidləri və orta əsr memarlıq nümunələri ilə zəngin olan İçərişəhər, Azərbaycanın tarixi yaddaşının canlı simvolu hesab olunur. 2000-ci ildə bu kompleks UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.
Bu kompleksin tərkib hissəsi olan Qız Qalası və Şirvanşahlar Sarayı yalnız Azərbaycan memarlığının deyil, bütün dünya memarlıq sənətinin nadir incilərindən hesab olunur. Tarixi abidələrin qorunması və təqdimatı baxımından böyük əhəmiyyət kəsb edən bu yerlər, Azərbaycanın qədim mədəni irsinin canlı simvoludur. Beynəlxalq aləmdə tanınan digər mühüm abidəmiz isə Qobustan qayaüstü rəsmləridir. 2007-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş bu kompleks, ibtidai insanların həyat tərzini, ov səhnələrini, dini ayinlərini və gündəlik məişətini əks etdirən minlərlə qayaüstü təsvirlə zəngindir və bəşəriyyət üçün unikallıq daşıyır.
Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi də beynəlxalq səviyyədə tanınan əhəmiyyətli abidələr sırasındadır. 2019-cu ildə bu kompleks UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilmişdir. Son illərdə isə Xınalıq kəndi və “Köç yolu” marşrutu da beynəlxalq aləmdə tanınaraq dünya irsi statusunu qazanmışdır, beləliklə, Azərbaycanın qədim mədəniyyət mərkəzlərinin zənginliyi və unikal irsi bir daha təsdiqlənmiş olur.
Böyük Qafqaz dağlarında yerləşən Xınalıq kəndi, yüksək dağ yaylaqları və Aran düzənliklərindəki qışlaq ərazilərini birləşdirən, təxminən, 200 km lik mövsümi köç marşrutu – “Köç yolu” bu mədəni landşaftın əsas elementlərini təşkil edir. Bu abidə yalnız müəyyən bir məkan deyil, həm də geniş bir coğrafiya və həyat tərzinin canlı mənzərəsidir.
Xınalıq və “Köç yolu” (yaylaq–qışlaq köç yolu) 2023-cü ildə UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilmiş və həm etnoqrafik, həm də tarixi-mədəni əhəmiyyətə malik olduğu təsdiqlənmişdir. Bu abidə yalnız bir yer deyil, geniş coğrafi məkan və həyat tərzinin mənzərəsini əks etdirir. Xınalıq kəndi qədimdən bəri yarımköçəri xalqın mərkəzi olub və bu xalqın yaşam tərzi uzun illər boyunca mövsümi yaylaqlara və qışlaqlara dağlıq və aran ərazilər arasında mövsümi köç ənənəsinə əsaslanıb. “Köç yolu” isə bu köçəri heyvandarlıq ənənəsinin praktikasının əsas elementi olmaqla yanaşı, insanla təbiət arasında tarazlaşdırılmış harmoniya yaradan dayanıqlı ekoloji-sosial sistemin nümunəsidir. Bu mədəni landşaft yalnız fiziki coğrafiyanı deyil, həm də köçəri həyat tərzi ilə bağlı mədəni elementləri əhatə edir; qədim yollar, müvəqqəti otlaqlar, gecələmə yerləri, su mənbələri, qəbirlər, dini məkanlar, məscidlər və digər infrastruktur elementləri insan-təbiət münasibətinin əsrlərboyu qorunmuş izlərini nümayiş etdirir. 
Azərbaycanın digər qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan da öz zəngin maddi və qeyri-maddi irs nümunələri ilə beynəlxalq aləmdə xüsusi yer tutur. Tarixin müxtəlif mərhələlərində formalaşmış bu abidələr və mədəni dəyərlər beynəlxalq təşkilatlar tərəfindən ardıcıl şəkildə tanınaraq nüfuzlu siyahılara daxil edilmişdir. Bu baxımdan, Naxçıvanın beynəlxalq səviyyədə qəbul olunmuş irs nümunələrinə xronoloji ardıcıllıqla nəzər salmaq xüsusi əhəmiyyət kəsb edir.
Naxçıvanın zəngin maddi və qeyri-maddi mədəni irsi müxtəlif illərdə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək bir sıra nüfuzlu siyahılara daxil edilmişdir. Bu fakt qədim diyarın yalnız Azərbaycanın deyil, bütövlükdə, dünya mədəniyyət tarixinin mühüm mədəniyyət ocaqlarından biri olduğunu bir daha təsdiqləyir. Xronoloji baxımdan ilk mühüm mərhələ 1998-ci ildə “Naxçıvan məqbərələri”nin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi olmuşdur. Bu nominasiya çərçivəsində Möminə xatun türbəsi, Yusif ibn Küseyir türbəsi, Qarabağlar türbəsi və Gülüstan türbəsi dünya əhəmiyyətli memarlıq abidələri kimi tanınmış, beləliklə, Naxçıvan memarlıq məktəbinin zəngin ənənələri beynəlxalq səviyyədə təsdiq olunmuşdur. Xüsusilə Əcəmi Naxçıvaninin memarlıq dühasını əks etdirən Möminə xatun və Yusif Küseyir oğlu türbələri Şərq memarlıq sənətinin ən nadir incilərindən hesab olunur.
Bunun ardınca, 24 oktyabr 2001-ci ildə Ordubad Tarixi-Memarlıq Qoruğunun UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilməsi Naxçıvanın tarixi şəhərsalma mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasında mühüm mərhələ olmuşdur. Bu qərar Ordubadın özünəməxsus memarlıq üslubunun, qədim məhəllə sisteminin, dar küçələrinin, yaşayış evlərinin, məscidlərinin, hamam və karvansaralarının Şərq şəhərsalma ənənələrinin dəyərli nümunəsi kimi beynəlxalq səviyyədə qəbul olunduğunu aydın şəkildə göstərir. Naxçıvanın qeyri-maddi mədəni irsi sahəsində növbəti mühüm mərhələ 2018-ci ildə Şərur yallılarının UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi olmuşdur. “Yallı” (Köçəri, Tənzərə) adı ilə qeydə alınan bu qədim xalq rəqsləri, xüsusilə Şərur bölgəsinin zəngin folklor və mərasim ənənələrini dünya miqyasında tanıtmışdır. 
Daha yeni və mühüm hadisələrdən biri isə 28 sentyabr 2024-cü ildə Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksinin UNESCO-nun İlkin Siyahısına daxil edilməsi olmuşdur. Ordubad rayonu ərazisində yerləşən bu kompleks minilliklərə aid qayaüstü rəsmləri, qədim insan məskənlərinə dair arxeoloji izləri və zəngin təbii landşaftı ilə Naxçıvanın ən qədim sivilizasiya ocaqlarından biri kimi xüsusi əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Gəmiqaya petroqlifləri burada yaşamış qədim insanların düşüncə tərzini, inanclarını, məişətini və təbiətlə münasibətlərini əks etdirən unikal tarixi qaynaq kimi xüsusi əhəmiyyət daşıyır.
Nəhayət, 11 fevral 2026-cı ildə Ordubad Tarixi-Memarlıq Qoruğunun ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi bu qədim şəhərin beynəlxalq miqyasda daha geniş tanınmasının mühüm mərhələsinə çevrilmişdir. Bu qərar Ordubadın yalnız UNESCO çərçivəsində deyil, bütövlükdə, İslam memarlıq və şəhərsalma irsinin mühüm nümunələrindən biri kimi qəbul olunduğunu göstərir. Eyni zamanda bu fakt Naxçıvanın zəngin tarixi-mədəni irsinin dünya miqyasında yüksək qiymətləndirilməsinin növbəti bariz nümunəsidir.

Gülxarə ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Nəşr edilib : 18.04.2026 12:05