NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

“Uşaqların tərbiyə olunmasında valideynlərin öhdəlikləri” mövzusunda təlim keçirilib

...

11 mart 2026-cı il tarixdə Culfa rayon Yaycı kənd 1 nömrəli tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqların tərbiyə olunmasında valideynlərin öhdəlikləri” mövzusunda təlim keçirilib.
“Şərq qapısı” xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Səkinə Fərzəliyeva açılış nitqi ilə çıxış edərək mövzunun əhəmiyyətini vurğulayıb. 
Naxçıvan şəhər 2 nömrəli İncəsənət Məktəbinin müəllimi, psixoloq Çingiz Babayev bildirib ki, uşağın psixoloji inkişafında ailənin, xüsusilə də valideynlərin rolu əsas amillərdəndir. Valideyn uşaq üçün ilk güzgü, müəllim və sosial modeldir. Uşaqlar davranışları, əsasən, valideynlərini müşahidə edərək və onları təqlid edərək öyrənirlər. Bu səbəbdən valideynin dedikləri ilə etdiyi hərəkətlər arasında uyğunluq olduqca vacibdir. Bu səbəbdən valideynlər uşaqlara nümunə olmaq üçün öz davranışlarına xüsusi diqqət yetirməlidirlər. Uşaq ailədə gördüyü münasibət və dəyərləri sonradan cəmiyyətə daşıyır. Sağlam və sevgi dolu ailə mühiti uşağın özünə inamlı və emosional cəhətdən balanslı fərd kimi formalaşmasına zəmin yaradır. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Kənan Məmmədov təlimdə təqdimatla çıxış edərək bildirib ki, uşaq tərbiyəsi cəmiyyətin gələcəyini formalaşdıran ən vacib amillərdən biridir. Bu prosesdə valideynlərin rolu əvəzolunmazdır. Valideyn həm övladına ilk müəllim, həm də ilk nümunədir. Uşağın şəxsiyyət kimi formalaşmasında valideynin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyət təkcə bioloji övlad sahibi olmaqla bitmir, eyni zamanda onların əxlaqi, mənəvi, sosial və psixoloji inkişafı üçün davamlı və şüurlu şəkildə çalışmaq tələb olunur. Bu məqsədlə valideynlər övladlarına vaxt ayırmalı, onları dinləməli və hisslərini başa düşməyə çalışmalıdırlar. Uşağın inkişafı üçün həm fiziki, həm də emosional ehtiyaclarının qarşılanması vacibdir.
Qeyd edək ki, təlim diskussiya şəklində davam edib və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Sonda mövzu ilə əlaqədar broşürlər paylanılıb.

Nəşr edilib : 11.03.2026 18:29