NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Uşaqlar bizim aynamızdır

...

Uşaqların inkişafı onları əhatə edən mühitlə bağlıdır. Bu baxımdan məktəbəqədər təhsil uşaqlar üçün böyük həyati əhəmiyyətə malikdir. Biz də belə müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmaq istədik. Üz tutduq Naxçıvan şəhərindəki 5 saylı uşaq bağçasına.

Bağçanın müdiri Cəmilə Hüseynova ilə həmsöhbət olduq. O bildirdi ki,  bağçamız 2014-cü il yanvar ayının 14-ü fəaliyyətə başlayıb. Uşaqlar 3-ü körpələr, 4-ü orta, 4-ü böyük yaşlı qruplara cəlb ediliblər. 205 uşağın təlim-tərbiyəsi ilə 49 müəllim və tərbiyəçinin məşğul olduğu bağçanın kollektivi öz fəaliyyətində bunu əsas götürür ki, uşağın şəxsiyyətə çevrilməsində ailə mühiti ilə bərabər bağçalar da  mühüm rol oynayır. Odur ki, burada hər bir uşağa fərd, şəxsiyyət kimi yanaşılır.

Cəmilə xanım vurğuladı ki, bağçadakı 3 körpələr qrupundan biri 1-2 yaş, 2-si isə 2-3 yaş aralığını təşkil edir və hər bir uşaq bağçaya eyni yanaşmır.  Normal bir haldır. Çünki onlar ana qayğısı istəyir. Kollektivimizin üzvləri də uşaqlara belə yanaşmağa çalışırlar. Bu yaş aralığı elə bir  dövrdür ki, onlar günün böyük bir hissəsini ana ilə keçirmək istəyir. Yeri gəlmişkən onu da deyim ki, aparılan tədqiqatlarda müəyyən olunub ki,  ailəylə böyüyən uşaqlarda emosional bağlılıq daha möhkəm olduğu üçün bu uşaqlar daha tez qavrayırlar, adaptasiya olunurlar. Buna görə də uşaqlar bağçaya gəldikdə özlərini yalnız, qorxu və həyəcanlı hiss edirlər. Biz də bu prosesi aradan qaldırmağa çalışırıq ki, onlarda həm də kollektivçilik rolu formalaşdıra bilək. Bunun üçün bağçada hər cür şərait yaradılıb. İşıqlı və müasir məşğələ otaqları, otaqların lazımi avadanlıqlarla təchiz edilməsi kollektivə imkan verir ki, qarşıya qoyulmuş məqsədlərə nail olaq. Uşaqların dövlətimizə, müstəqilliyimizə, milli-mənəvi dəyərlərimizə, təbiətimizə məhəbbət ruhunda tərbiyə olunmaları üçün keçirilən tədbirlərə geniş yer veririk.

“Uşaqların əqli inkişafı üçün oyunlar, interaktiv bacarıqlar tətbiq olunur” –sualımıza cavab olaraq Cəmilə xanım bildirdi ki, oyun oynamağı hər bir uşaq çox sevir. Bu gün bağçalarda demək olar ki, uşaqların sağlam böyüməsi üçün didaktiv, əqli oyunlar təfəkkürün, təxəyyülün inkişafında mühüm rol oynayır. Bu oyunlar yaş qruplarına görə səciyyələndirilir. Uşaqlara 10 dairəsində saymağı, hərflərlə və ətraf mühitlə tanışlığı, bədii nitqi, uşaqlarda ilkin bilik və bacarıqları aşılamağa çalışırıq. Kiçik yaşlı uşaqlarda 10 dəqiqə çəkən məşğələ yorur. Orta yaş qruplarında isə bu 20 dəqiqə olur. Həmin yaş qrupundakı uşaqlar daha çox stolüstü oyunlara meyil edirlər.

Bağçada uşaqların gigiyenası və qida rejimi diqqət mərkəzində saxlanılır. Bağçada görüşdüyümüz valideynlər də bu məktəbəqədər tərbiyə müəssisəsində yaradılmış şəraitdən və kollektivin fəaliyyətindən razılıqlarını bildirdilər. Onlarla birlikdə uşaqların söylədikləri şeirləri, oxuduqları mahnıları dinlədik,  onların çəkdikləri rəsmlərə və düzəltdikləri əl işlərinə baxdıq. Bu da bizdə əminlik yaratdı ki, bu gün burada tərbiyə alan uşaqlar gələcəkdə Azərbaycanımız üçün layiqli övladlar kimi böyüyəcəklər.

Günay HACIYEVA

Nəşr edilib : 25.09.2024 10:36