NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

USAID rəsmi Vaşinqtonun liberal xarici siyasətinin aləti və ideoloji silahı idi

...

Hazırda dünyada çox ciddi dəyişikliklərin baş verdiyini müşahidə edirik. Dünya nizamı yenidən qurulur, “çoxqütblü” təsir üzərində qurulmuş beynəlxalq münasibətlər sistemi müasir dövrdə bu nizam ilə əvəz olunur. Belə dövrdə bir çox beynəlxalq təşkilat da getdikcə öz funksionallığını itirir. Belə təşkilatlardan biri də ABŞ Beynəlxalq İnkişaf Agentliyi-USAID-dir. 
USAID 1961-ci ildə ABŞ prezidenti Con Kennedi tərəfindən yaradılıb. Agentliyin yaradılmasında məqsəd əsas alət kimi soyuq müharibə dövründə Birləşmiş Ştatların qlobal təsirlərini artırmaq, maraqlarını qorumaq, ideoloji nüfuzunu yaymaq, inkişaf etməkdə olan ölkələrə dəstək vermək olub. Görüntüdə başlıca məqsəd inkişaf etməkdə olan ölkələrə dəstək vermək, demokratiyanı, insan hüquqlarını təşviq etmək, müxtəlif təbii fəlakətlər və epidemiyalar zamanı yardımlar göstərmək və digər məsələlər olsa da, mahiyyət etibarilə “dəstək verdiyi ölkələr”in iqtisadi sisteminə daxil olmaq, onları idarə etmək, yardım adı altında özlərini yardımsevər kimi göstərmək, “ələ keçirdikləri” ölkələrin əhalisinin rəğbətini qazanmaq olub. Başqa sözlə, USAID rəsmi Vaşinqtonun liberal xarici siyasətinin aləti idi. 
Agentlik gender bərabərliyi, səhiyyə, insan hüquqları, seçki islahatları kimi sahələrdə proqramlar həyata keçirir, fərqli administrasiyalar dövründə müxtəlif ölkələrdə QHT-lərə, siyasi qruplara maliyyə dəstəyi verilirdi. Hərbi müdaxilələrə alternativ olaraq “yumşaq güc” (soft power) siyasətinin bir parçası olaraq da bu agentlikdən istifadə olunurdu. Getdikcə fəaliyyətini elə gücləndirdi ki, ölkələrin daxili işlərinə müdaxilə etməyə, siyasi müxalifətə dəstək verməyə, hakimiyyətin dəyişməsinə təsir etmək üçün böyük cəhdlərə başladı. Bunlar isə çox sayda ölkələrdə narazılıqlara səbəb oldu. Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi LGBT hüquqları sahəsində də maliyyə dəstəyi verib, amma bu dəstək bir çox ölkədə əks-reaksiyalara, sosial qarşıdurmalara səbəb olub. Çünki bu yardım proqramları həm dövlətlərin milli maraqlarına, həm də milli-mənəvi dəyərlərə qətiyyən uyğun gəlməyib. Zaman keçdikcə aydın oldu ki, USAID-in əsas fəaliyyəti daha çox milli iradə üzərində hegemonluq yaratmağa əsaslanıb. 
ABŞ-də aparılan ilkin araşdırmalar agentliyin fəaliyyəti ilə bağlı nəticələr ortaya qoyub. Müəyyən edilib ki, USAID-in fəaliyyəti ABŞ-nin dövlət maraqlarına uyğun olmayıb, müəyyən qrup və şəxslərin maraqlarına xidmət edib, yardım proqramları adı altında əsas fəaliyyətini narkotik istehsalının stimullaşdırılmasına, müəyyən cinsi qrupların və ideoloji istiqamətlərin təşviqinə, transgender komikslərinin yaradılmasına, casus şəbəkəsi olaraq ölkələrin daxili işlərinə müdaxilələrə yönəldib, müxtəlif ölkələrdə terrorist təşkilatları, radikal qruplaşmaları maliyyələşdirib, həyata keçirdiyi proqramlarda maliyyə pozuntuları, korrupsiya hallarına yol verib. Buna görə də ABŞ prezidenti Donald Tramp USAID-in fəaliyyətini fevralın 1-dən etibarən dayandırıb. 
Qeyd etmək lazımdır ki, bu agentlik Azərbaycana qarşı da qarayaxma kampaniyalarına start verib, ölkə daxilində ideoloji təsir yaratmağa çalışıb, milli maraqlarımıza zidd fəaliyyət göstərib. Bunu nəzərə alaraq Azərbaycan USAID-in fəaliyyətini dayandırıb. Azərbaycan nəinki bu təşkilatın, ümumiyyətlə, dövlət maraqlarımıza zidd fəaliyyət göstərən bütün xarici şəbəkələrin, agentliklərin fəaliyyətinə qadağa qoyub, o cümlədən “Rus evi”nin də fəaliyyətinə xitam verib. Əlbəttə ki, bu cür addımlar dövlətimizin artan gücünü, qətiyyətini, Azərbaycana qarşı qarayaxma kampaniyaları ilə məşğul olan bütün dövlətlərə, xarici ünsürlərə qarşı heç bir fərq qoymadan prinsipial mövqeyini nümayiş etdirir. 

Emin ŞIXƏLİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
tarix elmləri doktoru, dosent

Nəşr edilib : 12.02.2025 10:52