Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda ol...
19:55 11.07.2026
0
0
0
NAXÇIVAN :
11 Iyul 2026, Şənbə
Naxçıvanın təbiəti gözəl mənzərələri ilə yanaşı, həm də əsrlərboyu insanların şəfa mənbəyi kimi istifadə etdiyi sərvətləri ilə də yadda qalır. Bu sərvətlərdən biri də Duzdağ ərazisində yerləşən və zamanında insanlar arasında müalicəvi xüsusiyyətləri ilə tanınan şor su olub. Bu gün həmin su haqqında müxtəlif xatirələr yaşlı nəslin yaddaşında yaşayır. 93 yaşlı Gülgəz Kərimova da bizə həmin xatirələrdən söhbət açır.
Gülgəz nənə ilə söhbətimiz zamanı o bizi, təxminən, yarım əsr əvvələ apardı. Deyir ki, 1980-ci illərdə qohum-qonşularla birlikdə tez-tez həmin şor suyun olduğu əraziyə gedərmişlər. Suyun təpələrin dibi ilə axdığını xatırlayan həmsöhbətimiz bildirir ki, insanlar təpənin kənarında oturaraq əllərini və ayaqlarını suya salır, onun şəfalı təsirindən faydalanmağa çalışırdılar.
Gülgəz Kərimovanın oğlu Həmid Kərimlinin sözlərinə görə, əvvəllər həmin əraziyə getmək daha rahat idi. Belə ki, yerli sakinlərin “Taxta körpü” adlandırdığı yerdən müalicəvi şor suya birbaşa gedən yol mövcud olub. Onun sözlərinə görə, o illərdə hamı həmin yoldan istifadə edərək rahatlıqla suyun yanına gedirdi. Hazırda isə həmin yol mövcud deyil və əraziyə çatmaq üçün dolanbac yolla hərəkət etmək lazım gəlir. Həmid Kərimli bildirir ki, müalicəvi şor su Duzdağ istiqamətində yerləşən keçmiş hərbi poliqonun yaxınlığındakı ərazidə yerləşirdi və yerli sakinlər həmin məkanı yaxşı tanıyırdılar.
Onun sözlərinə görə, həmin dövrdə insanlar bu suya böyük inam bəsləyirdilər. Müxtəlif ağrı və narahatlıqlardan əziyyət çəkən şəxslər bəzən 10 gün ardıcıl olaraq həmin əraziyə gələr, su və onun yaratdığı çöküntülərlə müalicə olunardılar.
Gülgəz nənənin yaddaşında, xüsusilə bir hadisə daha canlı qalıb. O danışır ki, günlərin birində şor suyun yanına ayaqlarında ciddi problem olan bir qadını gətirmişdilər. Qadının qızı ilə söhbət zamanı məlum olub ki, onlar artıq beş gündür, həmin əraziyə gəlirlər. Qızı anasının ayaqlarının tutulduğunu, lakin burada müalicə aldıqdan sonra vəziyyətinin xeyli yaxşılaşdığını və yenidən yeriməyə başladığını bildirib.
Maraqlıdır ki, həmin şor su torpaqla təmasda olduqda adi palçıq əmələ gətirmir, insanların “qarama” adlandırdığı qara rəngli kütləyə çevrilirmiş. Yerli sakinlər də daha çox bu qaramadan istifadə edirmişlər. Gülgəz nənənin xatırladığına görə, həmin qadının qızı da qaramanı anasının bədəninə sürtərək müalicə məqsədilə istifadə edib.
Həmsöhbətimiz bildirir ki, suyun duzluluğu o qədər yüksək olub ki, onu içmək mümkün deyilmiş. Lakin insanlar məhz bu suyun və onun əmələ gətirdiyi qaramanın müalicəvi təsir göstərdiyinə inanır, gördükləri nəticələrdən sonra bu inamları daha da möhkəmlənirmiş. Gülgəz nənə də həmin hadisədən sonra şor suyun şəfalı xüsusiyyətlərinə daha çox əmin olduğunu deyir.
İllər keçsə də, Duzdağın qoynunda gizlənən bu şor su ilə bağlı xatirələr bölgə sakinlərinin yaddaşında yaşayır. Bu suyun həqiqətən hansı xüsusiyyətlərə malik olması, tərkibində hansı mineralların olduğu və insan sağlamlığına təsirinin elmi baxımdan necə qiymətləndirilməsi isə ayrıca araşdırma mövzusudur. Bu baxımdan, gələcəkdə müvafiq elmi-tədqiqat müəssisələrinin mütəxəssisləri tərəfindən həmin ərazidə geoloji, hidrogeoloji və tibbi tədqiqatların aparılması, şor suyun müalicəvi xüsusiyyətlərinin elmi əsaslarla öyrənilməsi həm tariximizin maraqlı bir səhifəsinin işıqlandırılmasına, həm də bu təbii sərvətin potensialının müəyyən edilməsinə töhfə verə bilər.
Elnurə CƏFƏROVA
Digər xəbərlər