NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Universitet dəhlizlərindən rəngarəng dünyaya...

...

 Sizə elə bir ixtisasdan danışacağam ki, Naxçıvan Dövlət Universitetində bu ixtisasın tədris olunduğu binanın sinif otaqları və dəhlizləri sanki universitetdən daha çox nağıllar aləmini xatırladır... Ali təhsil ocağının Texnologiya müəllimliyi ixtisasının binasındakı dəhlizlərə daxil olarkən gah gözüm dəhlizboyu təşkil edilmiş sərgilərə, gah da divarlardakı müxtəlif əsərlərə sataşır... Texnologiya müəllimliyi kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva ilə sinif otaqları və dəhlizlərdə təşkil edilmiş sərgi-satış ilə tanış oluram. Müsahibim buranın necə ərsəyə gəlməsinin tarixçəsindən danışır.
Kafedrada müxtəlif semestrlər ərzində toxuculuq, tikiş dərsləri və başqa seçmə fənlər tədris olunur. Eyni zamanda müxtəlif sahələri əhatə edən sertifikasiya kursları da fəaliyyət göstərir. Kafedra daxilində yerləşən mətbəxdə isə müxtəlif qidalar hazırlanır. Artıq qış üçün qovurma, müxtəlif mürəbbələr və başqa qidaların hazırlanmasına başlanılıb. Onu da qeyd etmək lazımdır ki, bu qidaların satışları da həyata keçirilir. Burada hazırlanan qidalar universitetə gələn qonaqlara da hədiyyə olunur. Bunun nəticəsində Azərbaycanın müxtəlif bölgələrinin və Naxçıvan mətbəxinin ləziz təamları xarici qonaqlara tanıdılır. Xarici tələbələrlə də mətbəx mübadilələri həyata keçirilməyə başlanılıb. Xarici tələbələr də, öz növbəsində, qarşılıqlı olaraq Çin və Nigeriya mətbəxindəki müxtəlif təamları bizim tələbələrə tanıdır. 
Burada olan rəngarənglik və inkişaf da məhz elə Mətanət müəllimin adı ilə bağlıdır. Hər bir tələbənin, eyni zamanda öz büdcəsinin ola biləcəyini öyrədir bu kafedra. Bəzən bu ixtisasa əmək müəllimliyi adı altında çox insan səthi baxır. Amma demək lazımdır ki, bu ixtisas təkcə əmək müəllimliyi deyil, incəsənətin bir qoludur. Burada orta məktəb şagirdlərinin könüllü fəaliyyətləri də baş tutur. Hətta öyrəndiyimizə görə, 7-ci sinif şagirdlərindən birinin panel sərgisi həyata keçirilib.
Mətanət müəllim qeyd edir ki, bəzi tələbələr, hətta bu sahədə çalışa-çalışa özünə telefon və kompüter almağı bacarıb... İmkansız insan yoxdur, tənbəl insan var... Bütün dünya təcrübəsində də uşaq sahibkarlar mövcuddur...  
“Qərbi Azərbaycana qayıdış” festivalında iştirak edən qonaqlar Mətanət müəllimin və tələbələrinin hazırladıqlarını sənət əsəri adlandırmışdılar. Sərgilərə hazırlanıb çıxarılan həmin şirniyyatlar və yeməklər Azərbaycan mətbəx nümunələrinin bizim olduğunu bir daha təsdiqləyən sübutlardır. 
Dəhlizlərdə yerləşən quramalar, mozaikalar, müxtəlif oyuncaqlar və bəzək əşyaları sərgi masaları və divarların bəzəyinə çevrilib. Keçədən işlənən Qərbi Azərbaycan və Naxçıvana aid əsərlər, mozaikalarla işlənmiş Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın portretləri və sair...
Dəmirdən hazırlanmış saatlar, şüşə qablar üzərinə vurulan bəzəklər, taxtadan düzəldilmiş Naxçıvanın müxtəlif muzeylərinin və tarixi abidələrinin maketlərini əks etdirən tələbələrin əl işləri...
Ən əsası isə dəhlizlərə daxil olarkən qalxan pilləkənlərdə şəhidlərin fotolarının yer aldığı ağacın olduğu guşə.
Bir otağa daxil olarkən  bir aləmə, digər bir otağa daxil olarkən başqa bir nağıllarla dolu aləmə səyahət edirsən... Bu elə bir aləmdir ki, hər masasında bir tələbənin gözünün nurunu qoyduğu əsərlər və bu əsərlərə fərəhlə baxan müəllimlərin baxışları dolaşır...

 Rafiq TƏHMƏZ
 

Nəşr edilib : 20.11.2024 19:20