Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında məşhur astrofizik alim Umut Yıldızın müəllifi olduğu “Kosmosun səsi” adlı simfonik konsert proqramı keçirilib. Elm və sənətin sintezini özündə əks etdirən bu layihə Naxçıvanın mədəni həyatında əlamətdar hadisələrdən biri kimi yadda qalıb. Konsert proqramı şəhər ictimaiyyəti, ziyalılar, tələbələr və musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdən sonra çıxış edən Umut Yıldız Naxçıvanla bağlı təəssüratlarını bölüşərək bildirib ki, Azərbaycana üçüncü dəfə səfər etsə də, bu qədim diyara ilk gəlişidir: “ Naxçıvanın səliqə-sahmanı, nizamlı şəhər infrastrukturu və diqqətçəkən təmizliyi ilk andan məndə müsbət təəssürat yaratdı. Açığı, əvvəllər Naxçıvan haqqında bu qədər ətraflı məlumata malik olmadığım üçün gördüklərim mənim üçün gözlənilməz sürpriz oldu”.
Umut Yıldız vurğulayıb ki, burada keçirdiyi qısa zaman ərzində şəhərin atmosferi və insanların səmimiyyəti Naxçıvanı onun üçün xüsusi və fərqli bir məkana çevirib: “ Mən Türkiyəyə qayıtdıqdan sonra və ya xaricdə harada olmağımdan asılı olmayaraq, Naxçıvanı hər kəsə tövsiyə edəcəyəm. İnsanlara bu şəhərə gəlməyi, buradakı mehriban insanları tanımağı və Naxçıvanın gözəlliklərini yaxından görməyi məsləhət görəcəyəm”.
Konsert proqramı ilə bağlı danışan Umut Yıldız qeyd edib ki, daha əvvəl Qustav Holstun məşhur “Planetlər” əsəri simfonik orkestr ilə ifa edilsə də, bu dəfə həmin əsərin Naxçıvan Dövlət Universiteti ilə birgə təqdim olunması proqramı daha da yaddaqalan edib. “Tədbirin keçirildiyi zal tamamilə dolu idi və tamaşaçılar bizi diqqət və maraqla dinləyiblər. Səhnə arxasından tamaşaçıların enerjisini hiss etməyim isə mənə xüsusi zövq verirdi" , –deyə o vurğulayıb.
Umut Yıldızın fikrincə, Naxçıvanda sənətə və elmə göstərilən bu cür yüksək maraq cəmiyyətin mədəni səviyyəsinin göstəricisidir. O belə tədbirlərin davamlı xarakter almasının vacibliyini qeyd edərək gələcəkdə Naxçıvanda daha çox elmi-mədəni layihələrin həyata keçiriləcəyinə ümid etdiyini bildirib. Alim bu şəhərə yenidən gəlmək istədiyini, hətta bu səfərlərin daha tez-tez olmasını arzuladığını da xüsusi vurğulayıb.
Simfonik orkestrin çıxışına toxunan Umut Yıldız diqqətə çatdırıb ki, layihə təqdim edildikdə orkestrin formalaşması üçün cəmi bir-iki ay vaxt olub. Bu qədər qısa müddət ərzində orkestrin yüksək peşəkarlıq nümayiş etdirməsi və zəngin musiqi proqramı təqdim etməsi onun fikrincə, olduqca təqdirəlayiqdir.
Sonda Umut Yıldız qeyd edib: “Naxçıvan təkcə region səviyyəsində deyil, eyni zamanda beynəlxalq miqyasda da simfonik musiqi təqdim edə biləcək imkanlara malikdir. Mən bu şəhəri çox sevdim və burada yenidən səhnəyə çıxmaqdan məmnunluq duyaram”, – deyə alim bildirib.
Elnurə Cəfərova
Digər xəbərlər