NAXÇIVAN :

06 Iyun 2025, Cümə

“Ümummilli Liderlə bağlı doğma, əziz xatirələrim”

...

Ölkəmizdə tanınmış pambıq ustası-mexanizator, iki çağırış SSRİ Ali Sovetinin, bir çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Prezident təqaüdçüsü Tərlan Musayevanın Naxçıvana gəldiyini eşidəndə onunla görüşüb həmsöhbət olmaq qərarına gəldik. Görüşümüz Naxçıvan Rəssamlar Birliyində baş tutdu.

Ulu Öndər mənim həyatımda

Tərlan xanım deyir ki, Naxçıvana ilk dəfədir, səfər edirəm. İllər boyu mən həmişə arzulamışam bu qədim diyarda olum. Təəssüf ki, müəyyən səbəblərdən bu arzuma çata bilmirdim. Mən bu müqəddəs torpağa bu vaxt gəlməyi təsadüfən seçməmişəm. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum günü ərəfəsində ölkəmizin hər yerində böyük şəxsiyyətə ehtiramın ifadəsi olan silsilə tədbirlər keçirilir. Elə bu ərəfədə gəlmək istədim. Onu da deyim ki, mənim xalqımızın Ulu Öndərinə mənəvi borcum kimi həsr etdiyim “Ulu Öndərə mənəvi borcum” adlı kitabım işıq üzü görüb. Bu kitabda Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə həyata keçirdiyi tədbirləri əks etdirməyə çalışmışam. Kitabı dahi rəhbərin vəsiyyətinə görə yazmışam. Məsələ belə olub. Bir dəfə mən dahi rəhbərlə görüşə gedərkən Ona birlikdəçəkilmiş şəkillərimizi aparmışdım. Ulu Öndər həmin şəkillərə bir neçə dəfə baxdı və mənə belə bir tövsiyə etdi ki, Tərlan, sən bu şəkilləri və bizim xatirələrimizi işlə bir kitab şəklində. Bunların hamısı tarixdir, arxivdir gələcək nəsillər üçün. Mən də dedim ki, bu arzunu hökmən yerinə yetirməliyəm. Mən həmişə düşünürdüm ki, Ulu Öndər mənim üçün ölməzdir, mənim üçün daim əbədidir. Əslində, Ulu Öndərin 90, sonra isə 100 illik yubileylərində istədim bu kitabı hazırlayım. Amma bu günlərə nəsib oldu kitabı işıq üzünə çıxarmaq. Bir arzum da o idi ki, kitabın təqdimatını Ulu Öndərin dünyaya göz açdığı məmləkətdə edim. Xoşbəxt insanam ki, dahi liderimizlə Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dəfələrlə görüşmüşəm. Həm də ona görə xoşbəxt insanam ki, bu insanın atalıq qayğısı sayəsində bütün ölkə məni tanıyıb. O vaxt deyirdilər ki, o Heydər Əliyevin qızıdır, Heydər Əliyevin yetişdirməsidir, Heydər Əliyevin hər zaman iş başında görüşdüyü qız...

İlk dəfə Bərdə rayonunun “Kommunizm” kolxozunda əmək fəaliyyətimə başlamışam. 3 il idi ki, çalışırdım. Həmin illərdə bütün sahələr kimi kənd təsərrüfatı da çox geri qalırdı. Çünki maraq da yox idi kənd təsərrüfatına. Ulu Öndərimiz 1969-cu ildə ilk dəfə hakimiyyətə gəldiyi dövrdə hər bir sahəyə diqqət göstərməyə başladı, o cümlədən kənd təsərrüfatı sahəsinə. İlk görüşüm də əmək fəaliyyətim zamanı oldu. Deyim ki, kasıb bir ailənin qızı idim, nənə himayəsində böyümüşdüm. İstəyirdim ki, ailəyə dəstək olum. Orta məktəbi fərqlənmə ilə bitirmişəm. Texniki peşə məktəbinə daxil oldum və mexanizator peşəsini seçdim. Bu peşəyə marağımın olması həm də görkəmli şairimiz, mərhum Nəbi Xəzrinin “Sevil” poemasından yaranmışdı. Sakittəbiətli olmağıma baxmayaraq, prinsipiallığım vardı. Əzmkarlığım məni bütün arzularıma çatdırırdı. Fikirləşmirdim ki, mən əmək qəhrəmanı olaram, adlı-sanlı bir insan olaram, dövlətin və dövlət rəhbərinin diqqətini cəlb edərəm, bütün sovetlər məkanında tanınaram. Yəni bütün bunları xəyalıma da gətirə bilmirdim. Məqsədim ayaqlarım üstə durmaq, ailəyə yük olmamaq idi.  

O əlini çiynimə qoymaqla mənə güc, ruh verdi,

üzərimə bir məsuliyyət qoydu

Ulu Öndər artıq mənimlə elə ilk dəfə görüşərkən haqqımda maraqlandı, bildi ki, kimin övladıyam, necə böyümüşəm. Danışıqlarımdan da o başa düşürdü ki, necə həvəsim, marağım var bu sahəyə. Görürdü ki, sevirəm bu peşəni. O, əlini çiynimə qoyamaqla mənə güc, ruh verdi, üzərimə bir məsuliyyət qoydu. Dedi ki, mən bilirəm sən çətinliklərin öhdəsindən gələcəksən. Onunla da sanki şəxsi həyatıma bir möhürünü vurdu.

O illər Heydər Əliyev kənddə görüşlərə gələndə şair və yazıçıları, bəstəkarları da gətirirdi özü ilə. Əmək adamlarını özü bir qəhrəman kimi çıxarırdı o adamların qarşısına ki bu insanlardan şeir, poema yazın, yaxud da ki rəsm əsərləri çəkin, mahnılar bəstələyin. Bu insanlarda da həvəs, ruh yüksəkliyi yaransın. Görsünlər ki, onların qədri bilinir, əməyinə qiymət verilir. Dövlət başçısı əlini bir dəfə saçıma çəkməklə, tozlu, mazutlu alnımdan öpməklə məni həm ətrafdakılara sevdirirdi, həm də öz sevgisini bildirirdi. Sadəliyini, sadə insanları sevdiyini ətrafdakı insanlara göstərirdi. Adi kolxozçunun 5-6 yaşındakı qız uşağını alırdı qucağına, onları xoş sözlərlə danışdırırdı. Bu, hallar onu narahat etmirdi. Bu onun sadəliyindən irəli gəlirdi. Xalqın içində olmaq onu daha da sevdirirdi. Heydər Əliyevin elə xüsusiyyətləri var idi ki, o heç bir dövlət rəhbərində ola bilməzdi.        

Zərifə Əliyeva ilə Moskvada görüş

Tərlan xanım “Heydər Əliyev biz sadə əmək adamlarına dövlət rəhbərindən çox bir ata qayğısı göstərirdi”, – deyərək bir xatirəsini də bölüşür: – Azərbaycanın 60 illiyi Moskva şəhərində keçirilirdi. Deputat qadınlarımız Kremldə keçirilən o tədbirdə iştirak edirdilər. Mərhum Zərifə xanım Əliyeva gəldi, hər birimizlə əl verib görüşdü. Mənimlə görüşəndə qucaqladı, bağrına basaraq üzümdən öpdü. Sosialist Əməyi Qəhrəmanı Şamama xanım da bizimlə idi. Dedi ki, Zərifə xanım, mən sizdən bir şey soruşmaq istəyirəm. Zərifə xanım dedi ki, soruşun, Şamama xanım, niyə çəkinirsiniz? Dedi ki, bizim hamımızla əl verib görüşdünüz, Tərlanı qucaqlayıb öpdünüz. O da dedi ki, inciməyin, Şamama xanım, Heydər müəllim Azərbaycanın zəhmətkeş qadınlarının hamısını çox istəyir,ancaq mən gizlətməyəcəm. O, Tərlanı xüsusilə çox istəyir. O bizim gənclər üçün mayakdır, qızlarımız onun arxasınca bu işin ardınca gedirlər. Yeganə Tərlandır ki, onun şəklini iş otağında qoyub. Amma sən onu bil ki, Tərlan mənim mənəvi qızımdır. Tərlanı mən həm özümə mənəvi övlad götürmüşəm, həm də o mənim qızım olmaqla bərabər, bütün Azərbaycan xalqının qızıdır.

Zərifə xanım bunları deyəndə mən daha da dərk etdim ki, onun mənə hörməti və diqqəti xüsusidir. Yəni o hər adama qızım demirdi. Ona görə də mən 21 yaşımda onun qarşısında ilk görüşdə necə həyəcan keçirmişdimsə, 40 yaşımda da mənim onunla 2 saatlıq görüşüm olanda o həyəcanı yaşadım. Sanki müəllim qarşısında imtahan verirdim. O mənim üçün çox doğma insan idi. Ata-bala kimi söhbət edirdik. Mənə deyirdi bilirəm ki, sən səhvə yol verməzsən. Ailə qurduqdan sonra da maraqlanırdı. Deyirdi, bilirəm ki, özünə münasib bir insanla ailə həyatı qurarsan. Çünki bütün çəkdiyim əziyyətləri bilirdi.

Bir dəfə təsadüfi bir görüş oldu. Dedilər ki, Ulu Öndər gəlir. İş başındaydıq və bilmədik ki, onu necə qarşılayaq. Adətən, biz Onu gül-çiçəklə qarşılayırdıq. Bu dəfə təsadüfən gəldiyinə hazırlıqsız idik. Buna baxmayaraq, tez bir məcməyi tapıb, içərisinə balaca süfrə sərdim. Nahar yeməyimiz üçün götürdüymüz lavaş, üzərinə də duz qabını qoydum. Gəlib bizimlə görüşəndə, mən məcməyini Ona uzatdım. Baxdı çörəyə, dedi ki, bunu nənən bişirib? Dedim ki, bəli. Dedi ki, təndir çörəyini yeməmək olmaz. Bu zəhmətkeş bir insanın qabarlı əlləri ilə qazanılmış çörəkdi. Amma bu lavaş mənə Naxçıvanı xatırlatdı. Bir də yanında Ordubad pendiri də olsaydı lap yaxşı olardı. Dedim ki, Ordubad pendirimiz yoxdu, amma Bərdə pendirimiz var. Götürüb bir dürmək düzəltdi, bir-iki tikə yedi. Dedi ki, sanki məni Naxçıvana aparıb qaytardınız. Görkəmli şəxsiyyət Heydər Əliyev, həqiqətən də, torpağına, elinə bağlı idi. Hər zaman söhbətlərində də Naxçıvandan xatirələrini danışardı.

Bura gələndə düşünürdüm ki, nələrlə qarşılaşacağam. Muzeyə daxil olarkən sanki hiss edirdim ki, Onun ruhu məni təqib edir. Qəribə hisslər içərisindəydim. Çünki Onun fotolarına, şəxsi əşyalarına baxdıqca qəribə hisslər keçirirdim. Hətta dahi rəhbərin paltosunu görəndə gözlərim doldu, kövrəldim. Çünki o palto xatirimdədir, Sərsəng su anbarının açılışında geyinmişdi.

Tərlan xanımın “Şərq qapısı” haqqında fikirləri

Bu qəzetdən gəldiyimi biləndə müsahibimin nurlu sifətinə bir təbəssüm qondu, xoş sözlər dedi: “Belə bir qəzetin çap olunduğunu bilirəm. Saytınız vasitəsilə mütaliə də edirəm. Bu günümüzün salnaməsini yazan qəzetin güclü kollektivi olduğunu düşünürəm. Dahi rəhbərin bu qəzetə böyük qayğı ilə yanaşdığını da bilirdim. Xüsusən görkəmli şəxsiyyətin Naxçıvanda işlədiyi dövrdə “Şərq qapısı”nı bağlanmaqdan xilas etdiyi barədə də məlumatım var idi. Ulu Öndər, ümumiyyətlə, jurnalistlərə böyük qayğı ilə yanaşaraq deyirdi: “Mən jurnalistlərə, mətbuat orqanlarına böyük hörmətlə yanaşıram. Sizin əməyinizi çox ağır, mürəkkəb hesab edirəm. Özünü bu peşəyə həsr edənlər əsl hünər göstərirlər”.

Fəxr edirik ki, Ulu Öndərin mətbuat sahəsində müəyyənləşdirdiyi siyasət bu gün uğurla davam etdirilir. Bir daha mənimlə görüşə gəldiyiniz və səmimi söhbətimiz üçün sizə minnətdarlığımı bildirirəm. Naxçıvanlılar qonaqpərvər, səmimi insanlardır. Qəzetiniz vasitəsilə onlara da minnətdarlığımı çatdırmağınızı xahiş edirəm”.

Söhbətləşdi: Aidə İBRAHİMOVA

Nəşr edilib : 08.05.2025 17:05