NAXÇIVAN :

04 Iyun 2025, Çərşənbə

“Ümid körpüsü” – Türk dünyasına açılan qapı

...

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yeni əldə etmiş, lakin böyük iqtisadi və siyasi çətinliklərlə qarşı-qarşıya qalmışdı. Bu çətinliklərin ən kəskin yaşandığı regionlardan biri də Naxçıvan idi. Ermənilər tərəfindən həyata keçirilən blokada nəticəsində qədim diyarımız faktiki olaraq ölkənin digər hissəsindən təcrid edilmişdi. Lakin bu vəziyyət uzun sürmədi.

Görkəmli dövlət xadimi Heydər Əliyev siyasi müdrikliyi və uzaqgörənliyi ilə vəziyyətin mürəkkəbliyini düzgün qiymətləndirərək, dərhal konkret addımlar atmağa başladı. Qardaş Türkiyə Respublikası ilə əlaqələrin gücləndirilməsi və bu əlaqələr vasitəsilə blokadanın yarılması onun əsas fəaliyyət istiqamətlərindən birinə çevrildi. Nəticədə, 1991-ci ilin oktyabrında Türkiyə ilə Naxçıvan arasında müvəqqəti taxta körpü inşa edilərək istifadəyə verildi. Bu o dövr üçün mühüm bir hadisə idi, lakin qısa müddətli həll hesab edilirdi. Əsas məqsəd isə uzunmüddətli və dayanıqlı əlaqələrin qurulması idi.

1992-ci ilin mart ayında Ümummilli Liderimizin Türkiyəyə rəsmi səfəri zamanı imzalanan əməkdaşlıq protokolu Naxçıvan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Bu protokol muxtar respublikaya iqtisadi, texniki və maliyyə yardımını, eyni zamanda müxtəlif sahələrdə əməkdaşlığın qurulmasını nəzərdə tuturdu. Protokol çərçivəsində Türkiyə tərəfindən Naxçıvana 100 milyon ABŞ dolları məbləğində kreditin ayrılması, nəqliyyat əlaqələrinin yaradılması, 100 nəfər azərbaycanlı tələbənin Türkiyədə təhsil alması barədə razılıq əldə olundu. Bu, Naxçıvan üçün iqtisadi və sosial baxımdan böyük bir dönüş nöqtəsi idi.

İmzalanan sənədlər əsasında Türkiyənin Dilucu bölgəsi ilə Azərbaycanın Sədərək rayonu arasında Araz çayı üzərində 11 aşırımlı “Ümid” körpüsünün tikintisinə start verilməsi gələcəyə ünvanlanmış ən böyük tarixi addım idi. Körpünün inşası sürətlə aparıldı və 1992-ci ilin mayın 28-də – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümündə istifadəyə verildi. Bu körpünün açılışı hər baxımdan böyük əhəmiyyətə malik idi. Belə ki, bununla da Naxçıvan Türkiyə ilə birbaşa quru bağlantısına sahib oldu. Körpü vasitəsilə əhaliyə zəruri məhsulların çatdırılması reallaşdı, iqtisadi tənəzzülün qarşısı qismən alındı, muxtar respublikanın regiondakı izolyasiya olunmuş vəziyyəti aradan qalxdı.

“Ümid” və ya “Həsrət” körpüsünün açılışında Türkiyənin o dövrdəki Baş naziri Süleyman Dəmirəl, 60 millət vəkili və 40-dan çox nüfuzlu KİV nümayəndəsi iştirak edirdi. Naxçıvan Hava Limanında verdiyi bəyanatla Dəmirəl dünyanın diqqətini Azərbaycan-Türkiyə qardaşlığına yönəltdi. O bu körpünün, sadəcə, Naxçıvanla Türkiyəni deyil, bütövlükdə, Avropa ilə Asiyanı birləşdirdiyini xüsusi vurğuladı.

O da xüsusi vurğulanmalıdır ki, uzun illər bir-birindən ayrı düşmüş ailələr bu körpü vasitəsilə görüşmək imkanı qazandılar. Ən əsası isə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətləri real müstəviyə keçdi. Bu körpü, həmçinin türkdilli dövlətlər arasında qarşılıqlı inteqrasiyanın simvoluna çevrildi. Arazın hər iki sahilində yaşayan soydaşların qəlbində bu körpü həm “ümid”, həm də “həsrət”in sonu kimi yadda qaldı.

Naxçıvanın Türkiyə ilə birbaşa əlaqələrinin bərpası muxtar respublikanın iqtisadiyyatında canlanma yaratdı. Türkiyədən gətirilən məhsullar sayəsində bazarlarda qiymətlər sabitləşdi, ərzaq təminatında fasilələr azaldı. Sahibkarlar arasında ticarət əlaqələri quruldu, logistika və nəqliyyat sahəsində əməkdaşlıq başladı. Bütün bunlar əhalinin gündəlik həyatına birbaşa təsir göstərdi. İqtisadi əlaqələrin genişlənməsi Naxçıvanın daxili bazarının formalaşmasına da təkan verdi.

“Ümid körpüsü”, həmçinin geosiyasi baxımdan da xüsusi əhəmiyyət daşıyır. Körpü Avropa və Asiya arasında alternativ əlaqə xətti olduğundan layihənin əhatə dairəsi təkcə regional deyil, beynəlxalq səviyyədə də strateji maraq doğururdu.

Bütün bu addımlar görkəmli dövlət xadimi Heydər Əliyevin və Süleyman Dəmirəlin uzaqgörən siyasəti nəticəsində atılmışdı. Hər iki lider Türk dünyasının birliyinə, həmrəyliyinə böyük önəm verir, bu birliyin konkret layihələrlə möhkəmləndirilməsini vacib sayırdı. “Ümid körpüsü” bu baxımdan mühüm simvola çevrildi. Onun tikintisi və istifadəyə verilməsi təkcə bir infrastruktur layihəsi deyildi, bu, xalqların, qardaşların, dostların birliyinə inamın ifadəsi idi. Dahi öndərin sözləri ilə desək, “Naxçıvan Türk-İslam dünyasına bir qapıdır”. Məhz bu qapıdan keçən körpü vasitəsilə Naxçıvan yalnız blokadadan çıxmadı, eyni zamanda Qərbə inteqrasiya yoluna qədəm qoydu. Üstəlik, bu hadisə Qars və Moskva müqavilələrinə yenidən baxılması zərurətini siyasi gündəmə gətirdi və Atatürkün “Türk qapısı” adlandırdığı bu torpaqlarda “Bir millət, iki dövlət” şüarının əyani həyata keçirilməsinə start verildi.

Bu körpü yalnız torpaq üzərində salınan bir infrastruktur deyil, həm də qəlbləri birləşdirən mənəvi bir bağ idi. Naxçıvandan başlayıb bütün Türk dünyasına yayılan bu tarixi addım bir daha göstərdi ki, bir millət, iki dövlət ideyası yalnız şüar deyil, real siyasi və strateji xəttdir.

Elnurə CƏFƏROVA

Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 28.05.2025 10:19