NAXÇIVAN :

07 Iyun 2025, Şənbə

Ümid-Dilucu körpüsünün istifadəyə verilməsindən 33 il keçir

...

Bu il may ayının 28-də Araz çayı üzərindəki Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsindən 33 il keçir. 33 il öncə açılan bu körpü qardaşlığın təməlini özündə təcəssüm etdirir.  Ölkəmizdə  “Müstəqillik Gü­nü” kimi qeyd edilən 28 may tarixi bizim üçün iki qat bayramdır.

1992-ci il 28 may tarixi Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərindəki uzunluğu 288, eni 12 metr olan Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsi ilə əlamətdardır. Bu tarix türk və azərbaycan xalqlarını bir-birinə qəlbdən-qəlbə körpü salmaq və Naxçıvanın inkişafı baxımından özündə bir çox mətləbləri birləşdirir. Naxçıvanın bu mühüm nəqliyyat arteriyasına “Ümid”, “Həsrət”, “Vüsal” və ya “Könül” körpüsü də deyirlər. Bu yolla təkcə Türkiyə ilə Azərbaycan birləşmir, bu körpü həm də Türk dünyasının coğrafi bütünlüyünü təmin edir. Dünyanın başqa bir yerində mənəvi cəhətdən bu qədər dəyəri olan, istifadəyə verilməsi bayrama çevrilən ikinci bir körpü yoxdur.

Təbii ki, hadisələrin əsl mahiyyəti onun öz zamanı çərçivəsində dəyərləndirilməsi nəticəsində ortaya çıxır. Bu baxımdan 30 il bundan öncə Naxçıvanda baş verənləri düzgün qiymətləndirmək üçün dövrün mənzərəsinə tarixi ekskurs etmək kifayətdir.

Naxçıvan o dövrdə tamamilə təklənmişdi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın əsas ərazisi ilə nəqliyyat-kommunikasiya əlaqələri kəsilmiş, iqtisadi böhran dərinləşmişdi. Azərbaycanın ozamankı iqtidarı ölkədaxili vəziyyətə nəzarət edə bilmirdi. Belə bir şəraitdə Naxçıvanın yeganə çıxış yolu qonşu ölkələrlə yeni əlaqələrin qurulması idi. O dövrdə Türkiyə ilə münasibətlərin bərpası istiqamətində Naxçıvanda görülən işlər, atılan addımlar Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyinə – bu gününə istiqamətlənmişdi. Məlumdur ki, sovet rejimi 70 il ərzində iki qardaş xalqın bir araya gəlməsinə maneə olmaq üçün bütün ideoloji vasitələrini işə salmış, müxtəlif qadağalar tətbiq etmişdi. Zaman göstərdi ki, bütün növ məhdudiyyətlər və mərhumiyyətlər nəinki içimizdəki qardaşlıq duyğularını yox edə bilməmiş, əksinə, könüldən-könülə sarsılmaz tellər, qırılmaz bağlar yaranmışdı.

Ulu Öndər Heydər Əliyev Naxçıvana rəhbərliyi dövründə Qars və Moskva müqavilələrini gündəliyə gətirməklə münasibətlərimizin mahiyyətini ortaya qoydu. Böyük Atatürkün “Türk qapısı” adlandırdığı bu qədim yurd yerində “Bir millət, iki dövlət” şüarı reallığa çevrildi. 1991-ci ildə Türkiyə ilə Naxçıvan arasında müvəqqəti körpü açılmışdı, əsas körpünün inşası isə davam etdirilirdi. Ulu Öndər bu körpünün qısa vaxtda istifadəyə verilməsinə çalışırdı. Hətta bu məqsədlə Türkiyə hökumətinə xüsusi məktub da ünvanlanmışdı. Dahi rəhbərin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində Ankarada imzalanmış “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu”nda da bu məsələ öz əksini tapmışdı.

Ümid körpüsünün açılışı zamanı bütün dünyanın diqqəti Naxçıvana, Naxçıvan-Türkiyə sərhədində baş verənlərə yönəlmişdi. On minlərlə soydaşımızın iştirakı ilə keçirilən tarixi açılış mərasimindəki nitqində Ulu Öndər Heydər Əliyev xalqlarımız arasında uzun illərdən bəri davam edən həsrət və intizarın sona çatdığını bildirərək demişdir: “Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 ildir  ki, bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu günü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, bizim bu diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilibdir”.

Türkiyənin ozamankı Baş naziri Süleyman Dəmirəl 60 millət vəkili və 40-dan çox nüfuzlu kütləvi informasiya vasitələri nümayəndələri ilə (155 nəfərlik nümayəndə heyəti) Araz çayı üzərində qurulan “Ümid” körpüsünün açılışında iştirak etmək üçün Naxçıvana gəlmişdi. S.Dəmirəl hava limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək dedi: “Azərbaycan özünün ədalətli mübarizəsində tək deyildir. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olmuşdur və olacaq. Bu kədəri və sevinci birlikdə bölüşəcəyik”. Süleyman Dəmirəl körpünün əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Bu körpü, sadəcə, Türkiyə və Azərbaycanı deyil, iki ayrı dünyanı, Avropayla Asiyanı, Avropayla Qafqazları – hamısını bir-birinə bağlayacaqdır. Məhz onu dəyərli edən də budur”.

O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən Ulu Öndər Heydər Əliyev “Ümid” körpüsünün Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni, insani əlaqələrin genişlənməsinə, qardaş xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini nəzərə alaraq 9 iyun 1992-ci il tarixli Qərarı ilə Sədərək-Dilucu körpüsünü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında rəsmi sərhəd, keçid qapısı elan etdi.

1992-ci ilin 28 may günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dili bir, dini bir, ruhu bir, kökü eyni tarixdən qaynaqlanan iki xalqın bir-birinə qovuşması tarixi hadisə idi. Hər iki xalq bu günü uzun illər gözləmişdi. Həmin gün körpü üstündə qucaqlaşan minlərlə insanın gözündən sevinc yaşları axırdı. Ümummili Lider Heydər Əiyevin dediyi kimi “...həmin gün uzun müddət davam edən həsrət sona çatdı, arzu və ümidlərimizin körpüsü açıldı”.

1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti kimi Naxçıvana səfərində Ümummilli Lider Heydər Əliyev körpünün açılması zərurətini xatırlayaraq demişdi: “Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərdə qəlbimdə qalan arzu idi... Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüsçüsü oldum. Biz dostumuz Süleyman Dəmirəl və Türkiyə hökumətinin himayəsi, köməyi ilə bunu etdik. Naxçıvan Türkiyəyə açıldı”.

Tədqiqatçılar Türkiyə-Azərbaycan, həmçinin Naxçıvan əlaqələrinin bugünkü səviyyəsindən, Türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi məsələlərindən danışarkən Sədərək-Dilucu körpüsünün əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, bu körpü sabaha uzanan işıqlı yolun başlanğıcı, təməli oldu, eyni zamanda Türkiyənin şərq vilayətlərinin inkişafını şərtləndirdi.

Bu gün Türkiyə-Azərbaycan əlaqələrində, Türk dünyasının birlik və həmrəyliyində Naxçıvanın xüsusi yeri vardır. Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşünün Naxçıvanda keçirilməsi, sammit çərçivəsində “Naxçıvan Bəyannaməsi”nin imzalanması bunun bir sübutu kimi mühüm tarixi hadisədir. 2010-cu ilin oktyabr ayında Azərbaycan-Türkiyə Biznes forumunun Naxçıvanda təşkili iqtisadi əlaqələrin yeni müstəvidə sürətli inkişafı üçün əlverişli imkanlar açmışdır. Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, ixrac potensialı, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq imkanları türk iş adamlarının Naxçıvana marağını artırır. Bu gün Türkiyə ilə Naxçıvan arasında bütün sahələrdə yaradılan qarşılıqlı əlaqələr durmadan inkişaf edir və möhkəmlənir.

Artıq bir neçə ildir ki, Türkiyə ilə Naxçıvan arasında müntəzəm təyyarə reysləri həyata keçirilir. Naxçıvan Muxtar Respublikasından Türkiyəyə Naxçıvan-İstanbul-Naxçıvan və Naxçıvan-İğdır-Naxçıvan reysi ilə işləyən gündəlik avtobus marşrutu da bu körpüdən keçir. Smeta dəyəri 5 milyon manat olan 11 aşırımlı bu körpü Türkiyənin Qafqaz və Orta Asiya ölkələrinə keçidini təmin edən bir qapıdır. Bütün bunlar bir daha göstərir ki, Naxçıvan Azərbaycanın Türkiyə ilə yeganə sərhəd bölgəsi olmaqla yanaşı, həm də ikitərəfli münasibətlərin inkişafına da öz töhfəsini verir.

Bu gün Türkiyə ilə Naxçıvan arasında bütün sahələrdə qarşılıqlı anlaşma şəraitində möhkəm əlaqələr mövcuddur. Son illərdə qarşılıqlı münasibətlərin daha da dərinləşməsi, birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl iş aparılır, müxtəlif sahələrdə razılıqlar əldə olunur. Naxçıvan Muxtar Respublikasının xarici ticarət əlaqələrində Türkiyə Respublikasının payı və rolu ilbəil artır. Ötən illər ərzində Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılmışdır. Bölgənin keçirdiyi iqtisadi çətinliklərin və nəqliyyat blokadasının ləğvində körpünün rolu əvəzedilməz və danılmazdır.

Naxçıvanın xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur. Şərqlə Qərbin qovşağında, Böyük İpək Yolunun üzərində yerləşən bu qədim diyarın sürətli sosial-iqtisadi inkişafı bölgənin turizm, eləcə də tranzit imkanlarını ildən-ilə artırır. Bütün bunlar isə onu deməyə əsas verir ki, 30 ildir, ümidlərin və arzuların körpüsü olaraq bir millətin iki dövlətini birləşdirən Sədərək-Dilucu körpüsü bundan sonra da iki qardaş xalqın rifah halının yaxşılaşmasına, sarsılmaz birliyinə və bütövlüyünə xidmət edəcəkdir.

Sədərək-Dilucu körpüsünün istifadəyə verildiyi gün Naxçıvanda əsl bayram sevinci yaşanırdı. Naxçıvanlılar bu tarixi unutmur... Türkiyə-Azərbaycan-Naxçıvan əlaqələrinin qurulması, inkişafı və dərinləşməsi istiqamətində görülmüş işlər daim ehtiramla xatırlanır. Bütün əlaqələrimiz qardaşlığımızın və dostluğumuzun əbədi nişanəsi, Atatürkün və Ümummilli Lider Heydər Əliyevin izləri olan Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilir. Fəaliyyət göstərdiyi dövrlərdə Sədərək-Dilucu körpüsü bizi bir-birimizə daha sıx birləşdirmiş, hər iki tərəfdən insanların həyatının yaxşılaşmasına xidmət göstərmişdir.

                                                                                                    Yaşar RƏHİMOV

                             AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

                                           tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 28.05.2025 15:00