Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyy...
11:20 06.10.2026
0
0
0
NAXÇIVAN :
06 Oktyabr 2026, Çərşənbə axşamı
Cəbrayılda çırağı yenidən yanan ocaqların sayı gündən-günə artır
Vətənimizin başının üstünü qara buludlar alanda, torpaqlarımız işğala məruz qalanda əli silah tutan bütün oğullar kimi o da irəli atıldı. Doğulub boya-başa çatdığı torpağı qorumaq üçün silaha sarıldı. 1990-cı ildən başlayan qanlı döyüşlərdə Cəbrayıl rayonu da amansız hücumlara məruz qalırdı.
“Biz canımız, qanımız bahasına döyüşürdük. Nizamsız ordu, silahın azlığı, aclıq və soyuq Vətən üçün döyüşən oğulları ruhdan sala bilmirdi”, – deyir Cəbrayıl şəhər sakini, Birinci Qarabağ döyüşləri qazisi Mehman Hüseynov.
“Həmin illər çox çətin idi, Laçını, Şuşanı itirmişdik. Cəbrayıl uğrunda döyüşlər aylarla davam etdi. Kimsə təslim olmağı ağlından belə keçirmirdi. Qadınları, uşaqları, qocaları şəhərdən çıxarıb döyüşə könüllü dəstələrlə davam etsək də, gücümüz tükənirdi. Çox təəssüf ki, həmin dövrdə nizamlı ordumuz olmadığı üçün Cəbrayılı da itirdik. Döyüşlər başlayanda əsgər kimi döyüşürdüm. Bir çox döyüş tapşırığını yerinə yetirib insanların həyatını xilas etdiyimə görə leytenat rütbəsi aldım və zabit kimi dövlətimə xidmət etməyə başladım”.
Müsahibim qeyd edir ki, yurdundan ayrı yaşadığı illərdə Bakı şəhərinin Qaradağ rayonundakı Ümid qəsəbəsində məskunlaşıb. Orada yerləşən tam orta məktəbdə hərbi rəhbər kimi fəaliyyət göstərib.
27 illik həsrətdən sonra Vətən müharibəsi başlayanda cəbhəyə getmək üçün müraciət edib. Lakin Birinci Qarabağ müharibəsində aldığı yaralar və yaş həddi səbəbindən döyüşlərə qatılmayıb. Arxa cəbhədə səfərbərliyə cəlb edilən şəxslərin ön cəbhəyə göndərilməsi ilə bağlı aparılan işlərdə iştirak edib.
O deyir: “Artıq bir neçə aydır ki, öz yurduma qayıtmışam. Cəbrayılda nəfəs alır, buranın necə dirçəlib cənnətə döndüyünə şahid oluram. Yadıma 1996-cı ildə Bakı şəhərində Ali Hərbi Məktəbdə Ulu Öndərlə görüşümüz düşür. Onun inamlı çıxışının hər sözü bizə ümid verirdi. Ordu quruculuğunun möhkəmləndiriləcəyindən, torpaqlarımızın mütləq azad olacağından danışanda qəlbimizdəki inam hissi daha da artırdı. Mən bu hissi Vətən savaşı başlayanda Prezidentimizin çıxışını dinləyəndə də hiss etdim. Əmin idim, Ulu Öndərin dediyi həmin gün gəlib çatmışdı. 2020-ci il oktyabrın 4-də axşam saat səkkiz olardı. Televizorun qarşısında əyləşib dövlət başçısının xalqa müraciətini izləyirdim. “Cəbrayıl şəhəri azaddır!” cümləsini eşidəndə xəyallarım məni Cəbrayılın sıx çinar meşələrinə, evimizə, döyüşlərdə şəhadətə ucalan yoldaşlarımın illərlə düşmən tapdağında qalan məzarlarına apardı. Bu, tarixi bir an idi. 27 illik həsrətdən sonra biz öz evimizə qayıdırdıq. Torpaqlarımız 44 gündə bir göz qırpımında necə sürətlə azad edilmişdisə, elə də bərpa olunur. Artıq hər səhər Cəbrayılda Günəşi, gecələr Ayı görürəm. Bu, böyük xoşbəxtlikdir. Biz xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi Ulu Öndərimiz, xalqımıza qələbə bəxş edən Müzəffər Ali Baş Komandanımız var”.
Mehman Hüseynov illər sonra yurduna dönən, öz ocağında sakitlik tapan yüzlərlə cəbrayıllıdan biridir. Böyük Qayıdışın sevinc bəxş etdiyi insanlardan biri... Artıq onun kimi vaxtilə ürəyi yurd həsrəti ilə yanan yüzlərlə insan öz torpağına qayıdıb, öz ocağında çırağını yandırır. Cəbrayılda, Zəngilanda, Xocalıda çırağı yanan evlərin sayı isə gündən-günə artır. Nur saçan bu ocaqlar sanki hər kəsə eyni həqiqəti söyləyir: bu torpağın hər qarışı Vətəndir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər