Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
NAXÇIVAN :
23 Fevral 2025, Bazar
Hər bir xalqın milli kimliyini, tarixi keçmişini, mədəniyyət və adət-ənənələrini nəsildən-nəslə ötürən ən vacib vasitə onun ana dilidir. Azərbaycan dili təkcə bir ünsiyyət vasitəsi deyil, xalqımızın keçdiyi tarixi yolun, formalaşdırdığı zəngin mədəni irsin, yaratdığı bənzərsiz ədəbi və elmi əsərlərin daşıyıcısıdır. Bu müqəddəs mirasın qorunması və gələcək nəsillərə çatdırılması missiyası Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideologiyasının əsas istiqamətlərindən biri olmuşdur. Dahi rəhbər Azərbaycan dilini qorumağı, inkişaf etdirməyi və onun gələcək nəsillər üçün bir milli sərvət kimi saxlanmasını öz siyasi fəaliyyətinin mühüm prioriteti hesab edirdi.
Ümummilli Liderimizin müasir Azərbaycanın qurucusu və milli ideologiyasının formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyət kimi ölkənin siyasi, iqtisadi və mədəni inkişafı ilə yanaşı, Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü işlər böyük tarixi əhəmiyyətə malikdir. Ona görə də dahi rəhbərin dil siyasəti təkcə tarixi əhəmiyyət daşımır, eyni zamanda gələcək nəsillər üçün örnək olaraq qalır.
Azərbaycan dili tarixən çətin və mürəkkəb dövrlərdən keçmiş, bəzən siyasi və ideoloji təzyiqlərlə üzləşmişdir. Azərbayan dövlətinin müxtəlif tarixi dövrlərdə bir sıra dövlətlərin təsiri altında olması onun milli kimliyini, adət-ənənəsini və dilini qoruyub saxlayaraq yeni nəsillərə ötürməsi prosesində çox çətinliklər yaratmışdır. Həmin çətinliklərə baxmayaraq, xalqımız heç vaxt kökündən və dilindən uzaqlaşmamışdır. Bu çətin mərhələlərdən biri də sovet hakimiyyəti illərində Azərbaycan dilinə edilən hücumlar və milli kimliyimizin ifadə vasitəsi olan ana dilimizin yoxolma təhlükəsi ilə üz-üzə qalması olmuşdur. Belə bir zamanda Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində dilimiz nəinki qorunmuş, hətta yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur.
1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında dahi rəhbərin qətiyyətli mövqeyi sayəsində Azərbaycan dili rəsmi dövlət dili statusu qazandı. Bu o dövr üçün böyük tarixi qələbə idi. Çünki SSRİ-nin bəzi respublikalarında yerli dillərin rəsmi statusu təmin olunmamışdı. Azərbaycan dilinin dövlət statusu almasından sonra o dövrdə fəaliyyət göstərən yazıçılar, elm və təhsil işçiləri daha da cəsarətlənərək Azərbaycan dilinin incəliklərindən öz əsərlərində, o cümlədən tədqiqatlarında geniş şəkildə istifadə etməyə başladılar. Bu proses ana dilimizin ən yüksək inkişaf mərhələsinə çatmağa şərait yaratmaqla bərabər, şifahi ünsiyyətdə də geniş istifadəsinə gətirib çıxardı.
Azərbaycan dilində xalqımızın varlığı, onun tarixi keçmişi, mədəni və mənəvi dəyərləri yaşadılır. Ulu Öndər Heydər Əliyev bu həqiqəti dərindən anlayır və bütün siyasi fəaliyyətini Azərbaycan dilinin qorunması və inkişafına yönəldirdi. O, dilimizin elmi əsaslarla öyrənilməsini, zənginləşməsini və dünyada tanıdılmasını təmin etmək üçün böyük işlər görmüş, alimlərə, yazıçılara, şairlərə və digər ziyalılara hər zaman xüsusi qayğı göstərmişdir.
Bütün bunların ifadəsidir ki, dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan Milli Elmlər Akademiyasında dilçilik sahəsində fundamental araşdırmalar aparılmış, yeni lüğətlər, qrammatika qaydaları və elmi əsərlər hazırlanmışdır.
1970-ci illərdə görkəmli dövlət xadiminin təşəbbüsü ilə AMEA-nın Dilçilik İnstitutu fəaliyyətə başlamış, Azərbaycan dilinin tarixini, dialektlərini, lüğət tərkibini və qrammatik strukturunu öyrənən tədqiqatlar intensivləşmişdir.
Ana dilimizin zənginləşməsi və inkişafında, təbii ki, xalqımızın yazıçı və şairlərinin də əvəzolunmaz xidmətləri vardır. Bu baxımdan dahi rəhbər yazıçı və şairlərin cəmiyyət üçün nə qədər böyük rol oynadığını bilirdi və onların Azərbaycan dilinin zənginləşməsində oynadığı rolu yüksək qiymətləndirirdi. O, ədəbiyyatı dilin canlı ifadəsi, inkişafının başlıca dayağı kimi dəyərləndirirdi.
1970-1980-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti genişləndi, ədəbiyyatın inkişafına xüsusi diqqət yetirildi. O dövrdə Mirzə İbrahimov, İsmayıl Şıxlı, Anar, Fikrət Qoca kimi yazıçılar və şairlər Azərbaycan dilinin saflığını və zənginliyini qorumaq üçün mühüm əsərlər yazdılar.
Müstəqillik dövründə isə Ümummilli Lider Azərbaycan ədəbiyyatının dünya miqyasında tanıdılması üçün geniş işlər gördü. O, ədəbiyyatımızın dünya dillərinə tərcümə olunmasını dəstəklədi, yazıçı və şairlərə yüksək dövlət mükafatları verilməsini təmin etdi. Onun təşəbbüsü ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, Nizami Gəncəvinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin əsərləri yenidən nəşr olundu, tədris proqramlarına daxil edildi.
Dilimizin hüquqi statusda möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli islahatlar və qanunvericiliklə tənzimlənən ciddi addımlar atıldı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında Heydər Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu təkcə dilimizin hüquqi statusunun möhkəmləndirilməsi deyildi, eyni zamanda onun bütün dövlət qurumlarında, təhsil müəssisələrində, elmi və mədəni sferada üstün yer tutmasını təmin edən bir tarixi hadisə idi.
Ulu Öndər dilimizin dövlət idarəçiliyində, qanunvericilik sistemində və bütün rəsmi sənədlərdə istifadə olunmasını daim diqqətdə saxlamışdır. 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmış və bu Fərman dilin işləkliyinin artırılmasını təmin edən mühüm addımlardan biri olmuşdur.
Müstəqilliyimizin sonrakı dövrlərində latın qrafikasına keçilməsinə baxmayaraq, hələ də dövlət orqanlarında və bir sıra qurumlarda tətbiqi tam təmin edilməmişdi. Ümummilli Liderin dil siyasətinin mühüm istiqamətlərindən biri də Azərbaycan dilinin latın qrafikalı əlifbaya keçidini təmin etməsi olmuşdur. Bu keçid təkcə yazı sisteminin dəyişdirilməsi deyildi, həm də Azərbaycanın müstəqilliyini, milli kimliyini və tarixi köklərinə bağlılığını təsdiq edən çox önəmli addım idi. 2001-ci il avqustun 9-da imzalanan Fərmanla Azərbaycan dili üçün latın qrafikası rəsmən tətbiq edildi. Bu qərar Azərbaycan dilinin dünya miqyasında daha da tanınmasına və müasir informasiya texnologiyaları ilə inteqrasiyasına geniş imkanlar yaratdı.
Azərbaycan dilinin yalnız lokal deyil, həm də beynəlxalq arenada təbliği sahəsində də Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Belə ki, dahi rəhbərin müəyyənləşdirdiyi dil siyasəti təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da Azərbaycan dilinin mövqeyini gücləndirməyə yönəlmişdi. O, xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dillərini unutmamaları üçün müxtəlif təşəbbüslərlə çıxış etmiş, diaspor təşkilatlarının Azərbaycan dilində fəaliyyət göstərməsini dəstəkləmişdir. Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan dili tədris olunur, universitetlərdə Azərbaycan dili və mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparılır ki, bu da məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir.
Ümummilli Liderimizin irsini ən ali səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli-mənəvi dəyərlərin qorunması və inkişafına xüsusi diqqət yetirən dövlət başçısı kimi ana dilimizin inkişafına da böyük töhfələr vermişdir. Onun rəhbərliyi altında Azərbaycan dili dövlət dili kimi daha da möhkəmlənmiş, qorunması və zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
2002-ci ildə qəbul edilmiş “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun icrası cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə ardıcıl təmin edilmişdir. 2004-cü il 12 yanvar tarixdə ölkə başçısı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalamış, bu Sərəncam əsasında Azərbaycan ədəbiyyatının klassik və müasir nümunələri, elmi və dərs vəsaitləri, tarixi və mədəni irsimizi əks etdirən kitablar latın qrafikası ilə yenidən çap edilmişdir. 2004-cü ildə latın qrafikası ilə “Azərbaycan Milli Ensiklopediyası”nın nəşrinə başlanılmışdır. Dövlət vəsaiti hesabına çap olunan kitablar kitabxanalara, məktəblərə və ali təhsil müəssisələrinə pulsuz paylanmışdır. Bu addım, ümumilikdə, latın qrafikalı Azərbaycan əlifbasının tam tətbiqini təmin etmiş, eləcə də dilimizin inkişafı və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm tarixi hadisə olmuşdur.
Azərbaycan dilinin tətbiq dairəsinin genişləndirilməsi məqsədilə 2012-ci ildə “Azərbaycan Respublikasında dövlət dili ilə bağlı tədbirlər haqqında” Sərəncamın imzalanması da öz bəhrəsini verməkdədir.
Dilimizin beynəlxalq müstəvidə təbliği ilə əlaqədar ölkə rəhbərinin fəaliyyəti ana dilimizin inkişaf arenasının genişlənməsinə böyük töhfə vermişdir. Bu kontekstdə 2018-ci ildə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilinin düzgün tətbiqinə nəzarətin gücləndirilməsi haqqında” imzalanmış Sərəncam dilimizin qloballaşma şəraitində yad təsirlərdən qorunmasına və düzgün istifadəsinə xidmət edir. Azərbaycan dili beynəlxalq tədbirlərdə, eləcə də Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində geniş təbliğ olunur.
Həm Ümummilli Lider Heydər Əliyevin, həm də onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan dilinin inkişafına göstərdikləri diqqət və qayğı nəticəsində ana dilimiz tarixinin ən yüksək inkişaf mərhələsinə gəlib çatmışdır. Bu gün Azərbaycan dili müasir dövrün tələblərinə uyğun inkişaf etməkdədir.
Görkəmli dövlət xadiminin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü işlər xalqının gələcəyini düşünən dahi şəxsiyyətin tarixi missiyası idi. O, dilimizi yalnız keçmişin bir mirası kimi deyil, gələcəyin aparıcı qüvvəsi kimi qorudu və möhkəmləndirdi. Bu gün Onun dil siyasətinin bəhrələrini görürük: Azərbaycan dili dövlətimizin bütün sahələrində istifadə edilir, beynəlxalq səviyyədə tanınır və müasir dövrün tələblərinə uyğun olaraq inkişafdadır. Ulu Öndər deyirdi: “Dilimiz bizim milli sərvətimizdir, mənəvi varlığımızın təzahürüdür və onu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur”.
Heydər Əliyevin müəyyən etdiyi bu strateji yol xəritəsi ilə Azərbaycan dili daim inkişaf edəcək və gələcək nəsillər üçün də milli qürurun rəmzi olaraq qalacaqdır.
Nicat YAQUBOV
filologiya üzrə fəlsəfə doktoru, dosent
Digər xəbərlər