Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüş...
19:51 19.05.2025
0
0
0
NAXÇIVAN :
19 May 2025, Bazar ertəsi
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı həyatımızın bütün sahələrini özündə əks etdirir. Planda mədəniyyət və incəsənətimizin inkişafı ilə bağlı tədbirlər də yer alıb və layihələr Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır. Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Məmməd Hüseynli “Şərq qapısı”na açıqlamasında bildirib ki, əsrlərlə formalaşmış mədəni və tarixi dəyərlərin qorunması hər bir vətəndaşın borcudur. Abidələr öz orijinal görkəmini saxlayaraq gələcək nəsillərə ötürülür, bununla da milli kimlik və tarixi yaddaş gücləndirilir. Tədbirlər Planına əsasən Möminə xatın türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması məqsədilə “Atelier Erich Pummer GMBh” şirkəti ilə müqavilə bağlanıb. Ötən ilin sentyabrın 22-də şirkətin rəhbəri Erik Pumer və işçi qrupu Naxçıvana gəlmiş, Möminə xatın türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilmişdir.
Qeyd edək ki, Azərbaycanın zəngin memarlıq irsinin ən parlaq nümunələrindən biri olan Möminə xatın türbəsi XII əsrə aid unikal bir abidə kimi dünya miqyasında tanınır. Naxçıvan şəhərində yerləşən bu türbə həm memarlıq texnikası, həm də ornamental zənginliyi ilə Şərq memarlığının şah əsərlərindən biri hesab olunur. Abidənin zamanla deformasiyaya uğraması, təbii amillər nəticəsində zədələnməsi onun qorunmasını və bərpasını vacib etmişdir. Müsahibimizin sözlərinə görə, reallaşdırılacaq tədbirlərin davamı olaraq “Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması” məqsədilə artıq satınalma aparılıb və layihə smeta sənədləri qanunauyğun olaraq ekspertizadan keçirilib. Bərpa işlərinin iki il müddətinə tamamlanması nəzərdə tutulur. Həmçinin Ordubad şəhərindəki “Sərşəhər məscidi” tarix-memarlıq abidəsinin bərpası üçün layihələndirmə işləri də həyata keçirilir. Müqaviləyə əsasən Sərşəhər məscidi, Sərşəhər meydanına giriş baş tağlarının bərpası və meydanın abadlaşdırılması işlərinə başlanılacaq.
Bərpa işlərində yer alan bir digər tarixi abidə Naxçıvan şəhərinin mərkəzində, tarixi-memarlıq irsimizin qiymətli nümunələrindən biri kimi tanınan XVIII əsr memarlıq abidəsi İsmayıl xan hamamıdır. Bunun üçün də layihə-smeta sənədlərinin hazırlanması məqsədilə satınalma elan olunub. Satınalmaya əsasən tarixi abidənin ətrafının abadlaşdırılması, topoqrafiya və geologiya işləri, interyer dizaynı, daxili tərtibat və digər işlərin görülməsi nəzərdə tutulub. Tikilinin əsas xüsusiyyəti onun yerli memarlıq üslubuna uyğun inşa olunması və həm ictimai, həm də mədəni həyatın bir parçası kimi xidmət göstərməsidir.
Müsahibim onu da bildirdi ki, Naxçıvan şəhərində yerləşən memarlıq abidələrinə davamlı olaraq baxış keçirilir. Belə ki, bu istiqamətdə mütəxəssislər tərəfindən İsmayıl xan hamamına, Möminə xatın və Yusif Küseyir oğlu türbələrinə, məscid və İmamzadə kompleksinə baxış keçirilmiş abidələrin mövcud vəziyyəti qiymətləndirilmişdir.
Həyata keçirilən bərpa-quruculuq tədbirləri milli-mədəni irsimizin qorunması, gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.
Bülbül QULİYEVA
Digər xəbərlər