Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi ...
01:06 09.02.2026
0
0
1
NAXÇIVAN :
09 Fevral 2026, Bazar ertəsi
Naxçıvan şahmat məktəbinin yetirmələri böyük uğura imza atıblar. Zəka sahiblərimiz Türkiyənin Malatya şəhərində keçirilən “Altın Kayısı” beynəlxalq açıq şahmat turnirindəmübarizə aparıblar. 11 ölkədən 486 şahmatçı arasında muxtar diyarı 10 idmançı təmsil edib. Zəka sahiblərimizdən üçü ağ-qara taxtada yüksək nəticə əldə edərək mükafatçılar arasına adlarını yazdırmağı bacarıblar.
Şahmatçılarımızdan beynəlxalq usta Pərviz Qasımov yarışın “A” qrupunda mübarizə aparıb və yekunda ilk onluqda qərarlaşıb:“Dünyanın müxtəlif ölkələrindən gələn şahmatçıların mübarizə apardığı turnirlərdə hər zaman rəqabət olur. Elə Malatyada da eyni mübarizə oldu. Bu yarışa ciddi hazırlaşmışdım və ilk onluqda qərarlaşmağım uğurlu nəticədir. Əldə etdiyim nəticəni gələcək hədəflərim üçün özümə stimul sayıram”.
Şahmatçımız eyni uğuru Bitlis şəhərində keçirilən “Betav” turnirində də davam etdirib. Ən reytinqli şahmatçıların mübarizə apardığı “A” kateqoriyasında 9 oyuna 6,5 xal toplayan Pərviz Qasımov ümumi sıralamada 8-ci pillədə qərarlaşıb: “Bitlisdə də keçirilən turnirdə görüşlər gərgin keçdi. Birinci yerdən cəmi yarım xal geri qaldım. Amma ilk onluqda yer alaraq mükafatçılar sırasında olmaq mənim üçün sevindirici haldır. Əsas məqsədim ardıcıl olaraq belə turnirlərdə çıxış etmək və Naxçıvanın şahmat ənənəsini layiqincə təmsil etməkdir”.

Bahəddin Hətəmov isə keçirilən yarışda “B” qrupunda mübarizə aparıb və 3-cü olub. Veteran şahmatçımızillərin təcrübəsini gənclərə örnək kimi təqdim etdiyini deyir:“Uzun illərdir, şahmatla məşğulam və bu gün də yarışlarda Naxçıvanı layiqincə təmsil etməyə çalışıram. Əldə etdiyim nəticəni uğurlu hesab edirəm”.
Təcrübəli şahmatçımız əlavə edib ki, ilk turlarda zəif təsir bağışlasa da, sonradan özünü toparlayaraq ardıcıl 4 görüşdə qalib gəlib. Məhz bu əzmkar mübarizə sayəsində o, turniri 3-cü pillədə başa vurub: “İlk oyunlarım istədiyim kimi alınmadı. Ancaq inamımı itirmədim, sona qədər mübarizə apardım və son 4 oyunu qalibiyyətlə başa vurdum. Fikrimcə, şahmatda hər şey sona qədər davamlılıq və iradədən asılıdır”.

Bitlis şəhərində keçirilən turnirdə iştirak edən digər təmsilçimiz Xatun Nəcəfova isə “B” kateqoriyasında 5 xal toplayaraq qadınlar arasında ikinci olub. Şahmatçımız liderlə eyni xala malik olsa da, əmsal fərqinə görə gümüş medala layiq görülüb: “Liderlə eyni xal toplasam da, əmsal fərqinə görə ikinci oldum. Mənim üçün bu da böyük nailiyyətdir. Uşaqlıqdan şahmata marağım olub, mənim üçün şahmat idmandan çox, həyat tərzimə çevrilib. Həmçinin mən uğur qazanacağıma daim inanmışam. Bu medal göstərir ki, zəhmət hədər getmir. Naxçıvanı beynəlxalq turnirdə layiqincə təmsil etmək mənim üçünböyük qürurdur”.
Bu nəticələr onu göstərir ki, istər gənc, istərsə də təcrübəli şahmatçılar beynəlxalq arenada uğur qazanmağı bacarır. Onların qələbələri Naxçıvan idmanının yüksəlişinə, gənclərin şahmata marağının artmasına mühüm töhfə verir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər