NAXÇIVAN :

02 Fevral 2025, Bazar

Uğur hekayələri

...

Hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini gənclər siyasəti təşkil edir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti Prezident cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Dövlət başçısının müxtəlif illərdə bu istiqamətdə imzaladığı fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib. Ümumiyyətlə, ölkə başçısının siyasi iradəsinə uyğun olaraq gənclərə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Gənclərin yüksəksəviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, respublikamızın ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları üçün ardıcıllıqla həyata keçirilən məqsədyönlü tədbirlər dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Muxtar respublikamızın hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Onlar müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Biz də 2 fevral – Gənclər Günü münasibətilə muxtar respublikanın ictimai siyasi həyatında fərqlənən, müxtəlif sahələrdə çalışan gənclərlə görüşüb həmsöhbət olduq. 

Onlardan biri Naxçıvan Dövlət Milli Dram Teatrının aktrisası Səkinə Dünyamalıyevadır. 9-10 yaşlarında səhnəyə çıxan Səkinə deyir:  “Teatra olan marağımı anam və qardaşım aşılayıb. Çünki bir aktyor ailəsində dünyaya göz açmışam. İlk dəfə səhnə həyəcanımı da onlarla yaşamışam. Bir zamanlar xəyalını qurduğum, könüllü iştirak etdiyim teatr səhnəsində artıq 
7 ildir ki, rəsmi olaraq fəaliyyət göstərirəm. Müsahibimin sözlərinə görə, teatr sevgisi insanın incəsənətin sehrli dünyasına duyduğu heyranlığı ifadə edir. Teatr həyatı əks etdirən bir güzgüdür. Fikrimcə, hər işin təməli sevgidir. İşini sevirsənsə, daim uğur qazanacaqsan. Mənim üçün ən böyük uğurlardan biri 2024-cü ildə Prezident mükafatına layiq görülməyim olub. Bu mənim üçün qürurverici bir hissdir. Çalışıram ki, təhsilimi inkişaf etdirərək fərdi bacarıqlarımı artırım. Hər bir gənci isə bu gün münasibətilə təbrik edirəm”.

Təhsil sahəsində fərqlənən, bakalavr və magistr səviyyəsini fərqlənmə diplomları ilə bitirən Dünya Əliyeva bildirir: “Hazırda Araz kənd ümumi orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm. Ötən il müəllimlərin sertifikasiya imtahanında 100 bal toplayaraq maksimum nəticə göstərmişəm. Bu gənclərimizin uğur qazanması üçün motivasiya olmalıdır. Uğur hekayəmin əsas   səbəbi orta məktəbdə təhsil alarkən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş guşədə bir sənədin diqqətimi çəkməsi olub. Öyrəndim ki, bu, dahi şəxsiyyətin tam orta təhsili uğurla başa vurmasına dair attestatın surətidir. Bu məndə o qədər gözəl təəssürat yaratdı ki, öz-özümə söz verdim ki, bundan sonra həmişə əla qiymətlər alacağam. Və belə də oldu”. 

Naxçıvanda bütün sahələrdə olduğu kimi, idman sahəsində də seçilən gənclərimiz az deyil. Bu gənclərdən biri də universal döyüş üzrə dünya çempionatının qızıl medalını qazanan Röya Abdullayevadır. O, Naxçıvanın ilk qız dünya çempionu və yeniyetmələr arasında kikboksinq üzrə Azərbaycan çempionudur. Röya deyir ki, 2016-cı ildən Naxçıvan şəhərində fəaliyyət göstərən “Turan Fight Club”da məşqlərə başlayıb. Məşqçisi Xəyal Abdullayev həm də onun atasıdır. İdmana həvəs də atasından keçib. Naxçıvanda keçirilən bir çox idman yarışlarında iştirak edən Röya daha sonra ölkə üzrə keçirilən yarışlara qatılıb. Bakı şəhərində 2021-ci ildə keçirilən qrepplinq üzrə yarışda iştirak edib və birinci yerin qalibi olub. 
Röya qeyd edir ki, 17 yaşlı qızlar arasında da ilk Avropa çempionu olub. Qazandığı uğurların səbəbini müsahibim belə qiymətləndirir: “Bütün əldə etdiyim uğurlar, təbii ki, yaradılan şəraitin, gərgin məşqlərin, hazırlıqların sayəsində olub. Atam məni hər zaman həvəsləndirib, yarışlarda qalib olmağa inandırıb. İnanıram ki, gələcəkdə də uğurlarım çox olacaq. Mənim bir gənc olaraq əsas məqsədim üçrəngli bayrağımızı bütün dünyada yüksəklərə qaldırmaqdır”.

Naxçıvanda seçilən fəal gənclərdən biri də Xəlil Əliyevdir. O öz şəxsi təşəbbüsü ilə Şərur şəhərində kitab kafe açıb.
Müsahibimiz bildirir: “Bu kitab kafeni yaratmaqda əsas məqsədim həyatda yaxşı mənada dost olan kitaba, mütaliəyə gənclərin marağının artırılmasına kömək etməkdir. Kafenin adını seçərkən düşündük ki, buradakı kitabları və xatirələri gələcək nəsillərə iz qoyaq. Necə ki biz də bizdən əvvəlki ziyalıların, görkəmli şəxslərin izi ilə addımlayırıq. Rayon sakinləri və buraya üz tutan qonaqlar rahat şəkildə istənilən janrda kitabları əldə edə bilərlər. Burada 1000-dən çox kitab var. Bu kitab kafenin açılmasında mənim ən böyük dəstəkçim ailəm və ziyalı dostlarım oldu. Rayonumuzda bu layihə bir ilkdir”. Gələcək planlarından söz açan Xəlil Əliyev deyir ki, bundan sonrakı məqsədləri bu layihəni muxtar respublikanın digər bölgələrində həyata keçirərək daha çox gəncin mütaliə vərdişini artırmaqdır. 
Son olaraq bildirək ki, bu gün muxtar respublikamızda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqiliyi ilə fərqlənir. Dövlət qayğısı ilə əhatə olunan gənclər onlar üçün yaradılan əlverişli şəraitdən maksimum dərəcədə bəhrələnərək fəallıq nümayiş etdirirlər. Biz də 2 fevral – Gənclər Günü münasibətilə onları təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

 Bülbül Quliyeva

Nəşr edilib : 02.02.2025 09:20