Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa ç...
23:33 15.05.2026
0
0
0
NAXÇIVAN :
16 May 2026, Şənbə
Azərbaycanla türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlıq Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu prosesdə Türk Dövlətləri Təşkilatı (TDT) ortaq maraqların reallaşdırılması, eləcə də siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından əsas platforma kimi çıxış edir. 2009-cu il oktyabrın 3-də Naxçıvanda əsası qoyulan bu təşkilatın inkişafında Azərbaycan ilk gündən etibarən fəal rol oynayıb. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən imzalanan Naxçıvan Sazişi türk dövlətləri arasında əməkdaşlığın institusional və hüquqi əsaslarını müəyyənləşdirərək təşkilatın gələcək inkişaf istiqamətlərini formalaşdırıb. 2021-ci ildə İstanbul Zirvə görüşündə isə qurumun adı rəsmi olaraq Türk Dövlətləri Təşkilatı adlandırılıb. Özbəkistan 2019-cu ildə tamhüquqlu üzv, Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) isə müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.
Ötən dövrdə ölkəmiz təşkilatın institusional möhkəmlənməsi, fəaliyyət istiqamətlərinin genişlənməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış edib, bir sıra konkret layihələrin reallaşdırılmasına töhfə verib. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi həm mənəvi, həm də strateji əhəmiyyətin aydın ifadəsidir. Bu sözlər təkcə siyasi bəyanat deyil, eyni zamanda konkret addımlar və təşəbbüslərlə müşayiət olunan praktiki fəaliyyət xəttini əks etdirir. 2024-cü ildə Şuşada təşkil olunmuş ilk qeyri-rəsmi Zirvə görüşü isə yeni siyasi ənənənin əsasını qoymaqla ölkəmizin təşkilat daxilində təşəbbüskar rolunun növbəti bariz göstəricisinə çevrilib. Mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü isə əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdiyini və təşkilat daxilində siyasi dialoqun daha da dərinləşdiyini göstərir. Zirvə görüşü üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, ortaq strateji hədəflərin müəyyənləşdirilməsi və Türk dünyasının gələcək inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
İqtisadi yüksəliş və nəqliyyat-logistika inteqrasiyası
Bu gün siyasi dialoqun gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-tranzit imkanlarının artırılması, enerji təhlükəsizliyinin təmin olunması, rəqəmsal transformasiya və humanitar sahələrdə inteqrasiyanın dərinləşdirilməsi TDT-nin prioritet istiqamətləri sırasındadır. Türk Dövlətləri Təşkilatının (TDT) 180 milyona yaxınlaşan ümumi əhalisi və illik orta hesabla 5 faizlik artım tempi ilə 2,1 trilyon dollara doğru irəliləyən ümumi daxili məhsulu ticarət əlaqələrini daha da gücləndirmək üçün potensialın böyüklüyünü göstərir. Həmçinin 2024-cü ildə TDT-yə üzv və müşahidəçi ölkələrin öz aralarındakı ixracının ümumi həcmi 35,3 milyard dollara çatıb. Bu rəqəm TDT ölkələrinin dünya üzrə ümumi ixracının 6,1 faizinə bərabərdir. Ölkələr bütün dünya ilə ticarətdə, təxminən, 1,2 trilyon dollarlıq dövriyyəyə nail olaraq qlobal miqyasda çəkilərini bir daha sübut ediblər. Qarşılıqlı ixracın ümumi ixracdakı payının yaxın dövrdə ən azı 10 faizə çatdırılacağı hədəflənir. Bu baxımdan, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirak edir. Xüsusilə Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu türk dövlətləri arasında ticarət dövriyyəsinin artmasına və regionun logistika imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Bu xüsusda onu diqqətə çəkmək olar ki, ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb. Üzv dövlətlərə yatırılan sərmayələrin ümumi həcminin 21 milyard ABŞ dollarına çatması, eləcə də tərəfdaş ölkələrlə yaradılmış birgə investisiya fondlarının fəaliyyət göstərməsi Azərbaycanın TDT çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə verdiyi töhfənin bariz göstəriciləridir. Bu mexanizmlər prioritet sahələr üzrə qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Orta Dəhlizin aparıcı seqmentlərindən sayılan Zəngəzur dəhlizi isə yaxın gələcəkdə yalnız regionun nəqliyyat xəritəsini dəyişdirməyəcək, eyni zamanda Türk dünyasının iqtisadi inteqrasiyasını daha da sürətləndirəcək. Bununla yanaşı, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin istifadəyə verilməsi də nəzərdə tutulur ki, bu da rəqəmsal bağlantının möhkəmləndirilməsi baxımından mühüm addım olacaq. Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə ölkəmizin nəqliyyat-logistika imkanlarını yüksək qiymətləndirərək gələcək perspektivləri diqqətə çatdırdı: “Rəqəmsal inkişaf sahəsində Türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır. Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək. Orta Dəhliz boyunca gömrük prosedurları sadələşdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış “e-Permit” sistemi elektron icazələrin operativ şəkildə verilməsini təmin edir”.
Siyasi dialoq və mədəni əlaqələrdən rəqəmsal transformasiyaya
Prezident İlham Əliyevin Qazaxıstan səfəri və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın Türk dünyası ilə münasibətlərə verdiyi strateji əhəmiyyətin, eləcə də bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasətin növbəti təsdiqi kimi dəyərləndirilə bilər. Son illərdə Türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi fonunda Azərbaycanın bu prosesdə fəal və təşəbbüskar mövqeyi təşkilat daxilində ölkəmizin rolunu daha da gücləndirir. Bu baxımdan, Türküstan Zirvəsi yalnız siyasi dialoq platforması kimi deyil, həm də ortaq tarixi, mədəni və strateji bağların möhkəmləndirilməsi, rəqəmsal transformasiyaya doğru yeni perspektivlərin müəyyənləşdirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır.
2025-ci ilin oktyabr ayında Qəbələdə keçirilən Zirvə Görüşündə təşkilata sədrliyi qəbul edən Azərbaycan bu məsuliyyətli missiyanı uğurla davam etdirərək TDT çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursuna uyğun olaraq Azərbaycan türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsi, ortaq təşəbbüslərin genişləndirilməsi və qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün mühüm addımlar atır. Bu çərçivədə yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma məsələlərinə həsr olunmuş yüksəksəviyyəli dialoqunun təşkili nəzərdə tutulur. Bu təşəbbüs türk dövlətləri arasında dayanıqlı şəhərsalma, urbanizasiya və müasir infrastruktur sahələrində təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verəcək. Eyni zamanda iyun ayında Bakıda keçiriləcək və türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Türk dünyası həftəsi də diqqətçəkən hadisələrdən biridir. Bu əlamətdar tədbir türk xalqları arasında ortaq tarixi yaddaşın, mədəni bağların və elmi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
Dövlət başçısının Türkistan səfəri, eyni zamanda Azərbaycanla Qazaxıstan arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirir. Son illərdə dövlət başçıları arasında qarşılıqlı səfərlərin intensivliyi və iki ölkə arasında formalaşmış müttəfiqlik münasibətləri bu əlaqələrin nə qədər möhkəm təməllər üzərində qurulduğunu təsdiqləyir. Şuşa ilə Türküstan şəhərlərinin qardaşlaşması isə ikitərəfli əməkdaşlığın yalnız siyasi və iqtisadi deyil, eyni zamanda mənəvi və mədəni dəyərlər üzərində formalaşdığını göstərən mühüm rəmzi məna kəsb edir.
Prezident İlham Əliyevin Türkistan Zirvə görüşündəki çıxışında diqqətçəkən əsas istiqamətlərdən biri də rəqəmsal inkişaf və süni intellekt sahəsində əməkdaşlıq məsələləri oldu. Bu xüsusda onu qeyd etmək olar ki, müasir dövrdə texnoloji transformasiyanın qlobal inkişafın əsas hərəkətverici qüvvəsinə çevrildiyini nəzərə alan Azərbaycan bu sahədə ardıcıl və strateji addımlar atır. Ölkədə Rəqəmsal İnkişaf Şurasının, Milli Süni İntellekt Mərkəzinin və Süni İntellekt Akademiyasının yaradılması, eləcə də Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın qəbul olunması Azərbaycanın innovasiya əsaslı inkişaf modelinə keçidinin aydın göstəriciləridir. Bu istiqamətdə türk dövlətləri arasında əməkdaşlığın daha da gücləndirilməsi gələcəkdə regionun texnoloji potensialının artırılmasına, rəqəmsal inteqrasiyanın dərinləşməsinə və ortaq inkişaf imkanlarının genişlənməsinə xidmət edəcək.
Ümumilikdə, Türk Dövlətləri Təşkilatının Türküstan Zirvə görüşü bir daha göstərdi ki, təşkilat artıq yalnız ortaq tarixi və mədəni bağlara söykənən platforma deyil, eyni zamanda siyasi, iqtisadi, texnoloji və strateji əməkdaşlığın dərinləşdiyi mühüm beynəlxalq güc mərkəzinə çevrilir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə Azərbaycanın bu prosesdə nümayiş etdirdiyi fəal və təşəbbüskar mövqe Türk dünyasında ölkəmizin rolunu daha da möhkəmləndirir. Bu gün Azərbaycan yalnız təşkilat daxilində əməkdaşlığın təşviqçisi deyil, həm də ortaq layihələrin reallaşdırılmasına mühüm töhfə verən aparıcı dövlətlərdən birinə çevrilib. Türk dünyasının birliyi və həmrəyliyinin gücləndirilməsi istiqamətində atılan hər bir addım gələcəkdə regionun siyasi sabitliyinə, iqtisadi rifahına və beynəlxalq nüfuzunun artmasına xidmət edəcək. Prezident İlham Əliyevin dediyi kimi: “Əziz dostlar, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək”.
Nail ƏSGƏROV
Digər xəbərlər