NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Türkmənistanda Bakıda keçirilən COP29 iqlim konfransının nəticələri müzakirə olunub

...

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Aşqabaddakı BMT binasında təşkil edilən İnkişaf üzrə Tərəfdaşların İqlim Qrupunun Səkkizinci Koordinasiya görüşündə iştirak edib.

Azərbaycanın Aşqabaddakı diplomatik missiyasından bildirilib ki, görüş zamanı səfir 2024-cü ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas nəticələrinə həsr olunmuş brifinq keçirib.

Görüş Türkmənistandakı Böyük Britaniya səfirliyi və təşkilatın bu ölkədəki nümayəndəliyi tərəfindən diplomatik korpusun iştirakı ilə təşkil edilib.

Brifinqdə COP29-da əldə edilmiş mühüm nəticələr təqdim edilib, həmçinin Azərbaycanın beynəlxalq əməkdaşlıq və iqlim dəyişikliyi məsələlərinin həlli sahəsindəki səyləri vurğulanıb.

Q.Gözəlov vurğulayıb ki, 2024-cü ildə COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin beynəlxalq arenada artan nüfuzunun sübutudur.

Onun sözlərinə görə, COP29-un keçirilməsi Azərbaycan üçün 2024-cü ilin əsas hadisəsi olub və ölkənin “yaşıl iqtisadiyyat”a keçid strategiyasına ardıcıl sadiqliyini əks etdirir.

Diplomat qeyd edib ki, Azərbaycan 10 ay ərzində bu qlobal tədbirə yaxşı hazırlaşıb və qarşıya qoyulan məqsədlərə nail olub.

Səfir bildirib ki, COP29-un əsas qərarlarından biri 1,3 trilyon ABŞ dolları məbləğində yeni iqlim maliyyələşdirmə hədəfinin müəyyən edilməsi olub. Bu kontekstdə 2009-cu ildə qəbul edilmiş 100 milyard dollar məbləğində maliyyə öhdəlikləri üç dəfə artırılıb və nəticədə inkişaf etmiş ölkələr 2035-ci ilə qədər bu məbləği azı 300 milyard dollara çatdırmalı olacaqlar. Bundan əlavə, bütün tərəflərə inkişaf etməkdə olan ölkələrə iqlim tədbirlərinə illik investisiyaları dövlət və özəl resurslar hesabına 1,3 trilyon dollara qədər artırmaq təklif edilib.

Q.Gözəlov, həmçinin vurğulayıb ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal və regional əməkdaşlıqda mühüm rol oynayır.

Diplomat əlavə edib ki, Azərbaycan COP29-a sədrliyi çərçivəsində təşəbbüsləri təşviq etməyə və iqlim dəyişikliyi məsələlərində öz mövqelərini daha da möhkəmləndirmək üçün səylərini davam etdirəcək.

Brifinq zamanı COP29-un nəticələri və nailiyyətləri xüsusi videomaterialda nümayiş etdirilib.

Nəşr edilib : 05.02.2025 18:15