NAXÇIVAN :

07 Iyun 2026, Bazar

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

...

Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 7-də Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılış mərasimi olub.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış ediblər. Çıxışlarda qardaş ölkənin əsas kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılması əlamətdar mədəni hadisə kimi qiymətləndirilib. Bildirilib ki, bu, xarici ölkələrdə yaradılan 19-cu belə guşədir. Guşənin açılması Azərbaycanın görkəmli ədəbi-ictimai xadimlərinin əsərləri ilə xaricdə yaşayan soydaşlarımızın, həmçinin yerli vətəndaşların daha yaxından tanış olması üçün imkan yaradır.
Qeyd edək ki, yeni yaradılan guşədə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafına dair müxtəlif nəşrlər yer alıb. Gələcəkdə Azərbaycan Milli Kitabxanası tərəfindən guşənin yeni nəşrlərlə zənginləşdirilməsi istiqamətində davamlı addımlar atılacaq.
Sonra kitabxanada görkəmli Azərbaycan şairi və mütəfəkkiri, dövlət xadimi Molla Pənah Vaqifin və türkmən ədəbiyyatının tanınmış siması Məhtimqulu Fəraqinin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib.
Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin katibi yazıçı-dramaturq İlqar Fəhmi hər iki ədibin yaradıcılığı haqqında məlumat verib. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Molla Pənah Vaqifin realist Azərbaycan ədəbiyyatının və ədəbi dilinin inkişafında müstəsna rol oynadığını bildirib.
Türkmənistan Dövlət Kitabxanasının direktoru Laçın Nurməhəmmədova çıxışında deyib ki, Məhtimqulu Fəraqi türkmən ədəbi dilinin banisi və özündən sonra ədəbi məktəb yaradan görkəmli şairdir. Qeyd olunub ki, 2024-cü ildə UNESCO-nun mənzil-qərargahında şairin 300 illiyi münasibətilə “Məhtimqulu Fəraqi və Türkmənistanın mədəni irsi” adlı sərgi və qala konsert keçirilib.

Nəşr edilib : 07.06.2026 19:01