NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Türkiyə COP29-da Uzunmüddətli İqlim Strategiyasını açıqlayacaq

...

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Türkiyənin 2053-cü ilə qədər xalis sıfır emissiya hədəfi çərçivəsində Uzunmüddətli İqlim Strategiyası açıqlanacaq. Türkiyə, həmçinin tədbirdə 2026-cı ildə keçirilməsi nəzərdə tutulan COP31-ə ev sahibliyi etməkdə qərarlı olduğunu vurğulayacaq.
"Şərq qapısı" xəbər verir ki, Türkiyənin istixana qazı emissiyalarının azaldılması və 2053-cü ilə qədər xalis sıfır emissiya hədəfi ilə bağlı yol xəritəsi yenidən gözdən keçirilərək son düzəlişlər edilib. Yol xəritəsinə əsasən, ölkədə istixana qazı emissiyalarının ən geci 2038-ci ilə qədər maksimum səviyyəyə çatması və ardından azalaraq 2053-cü ildə xalis sıfır emissiyaya nail olunması planlaşdırılır.
COP29-da Türkiyənin bu istiqamətdə hədəflədiyi yol xəritəsini ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum iştirakçılarla bölüşəcək. Nazirin ölkəsinin coğrafi mövqeyi, iqtisadi strukturu və iqlim müxtəlifliyi səbəbindən iqlim böhranı məsələsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında “kritik bir körpü” rolunu oynadığına da diqqət çəkəcəyi gözlənilir.
Qeyd edək ki, COP29-da Türkiyə pavilyonunda keçiriləcək tədbirlər arasında Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsində həyata keçirilən “Sıfır tullantı” layihəsi, enerji sektorunun gələcəyi, sərhəddə karbon tənzimləmə mexanizmi və bunun Türkiyəyə təsirləri, eləcə də iqlim dəyişikliyinin demoqrafik quruluşa və sağlamlığa təsirləri, bunun qadınlar və gənclər üçün nəticələri kimi mövzular yer alacaq.

Nəşr edilib : 31.10.2024 21:25