Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılan şəxs...
13:00 02.12.2024
0
0
0
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Azərbaycan, adın oddur, özün – işıq, sözün – işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.
Bu sözləri inci kimi bir-birinə toxuyan Bəxtiyar Vahabzadədən tutmuş hər bir söz sahibi Vətəni tarixboyu tərənnüm ediblər. Çünki Vətənin hər qarışı bizlər üçün doğma və əzizdir. Qılıncımız olmadıqda qələmə, qələmimiz olmadıqda isə qılınca əl atdıq. Tarixboyu dəfələrlə çalışdıq, vuruşduq Vətəni yad caynaqlara buraxmadıq. Ərəblər, xəzərlər, monqollar və neçə-neçə dövlətlərin iştahalı baxışları ilə süzüldük. Hər daşında, hər qarışında tarix yatır bu Vətənin. Baxmayın ki, ərazi cəhətdən balaca bir məkanı əhatə edib bu ulu yurd yeri. Cənubdan tutmuş şimala, Avropadan tutmuş Asiyaya qədər əcdadlarımızın ayaq izi var bu dünyada.
Elə bir torpağa Vətən dedik ki, tarixindən, ədəbiyyatından, adət-ənənələrindən, igid övladlarının qəhrəmanlığından nə qədər yazsaq da, kifayət etməz. Axı bu Vətən dəyərli kəlamlarını qızıl qarşılığında satmaqdan imtina edərək saraylardan uzaq duran Nizaminin, Bakıda sürgündə olarkən durnalara belə ehtiyatlı olmalarını söyləyən Qasım bəyin vətənidir.
Əyilməzlik simvoludur bu torpaq. Kimsə tarix, qəhrəmanlıq və vahid Vətən görmək istəsə, Azərbaycana nəzər salsın. Səməd Vurğun da bir vaxtlar dahi ustad Vaqifin timsalında Vətəni vəsf edirdi. Onun Qacarın önündə vüqarla dayanmasını Vətən övladlarının əyilməzlik, vüqarlılıq kimi keyfiyyətlərə malik olmasını göstərirdi. İllər boyu dosta dost, qardaşa qardaş deyib bu diyarın sakinləri. Axı “mənim sağ əlim Cavidin əleyhinə nəsə yazsa, sol əlimlə onu baltalıyaram” sözlərini Mikayıl Müşfiq boşu-boşuna Hüseyn Cavid haqqında söyləməmişdi...
Zaqatalanın cəvizi, fındığı, Lənkəranın və Ordubadın ətir qoxulu limonu, Böyük Qafqazın ətəklərindəki çay plantasiyaları... Əsrarəngiz təbiətin Azərbaycana bəxş etdiyi nemətləri saymaqla bitirmək qeyri-mümkündür...
Naxçıvanda Möminə xatın türbəsi, Bakıda Şirvanşahlar sarayı, Günəş şüaları altında bərq vuran rəngli şəbəkələrlə işlənmiş Şəki xan sarayı və daha nələr-nələr...
Bu Vətən torpaqlarında indi də Dədə Qorqudun qolça qopuzunun səsi və Koroğlunun nərəsi eşidilir. Sevgi adı çəkiləndə Nizaminin və Füzulinin “Leyli və Məcnun” əsərindən ibrət aldıq, qəhrəmanlıq deyildikdə isə Dədə-Qorqud boylarına nəzər saldıq. Bu Vətənin tarixiliklə dolu qucağında elə hadisələr yatır ki, həmin hadisələr gah məşhur fransız yazıçısı Aleksandr Dümanı xan qızı Natəvana mat edir, gah da şair Əhməd Cavadın cansız bədənini məzarsız qoyur...
İstiqlal mübarizəsində Vətəni dilində şüar etmiş Xəlil Rza Ulutürkdən tutmuş, türk soy-kökümüzü müdafiə edən Bəxtiyar Vahabzadəyə qədər hər birimiz bu Vətənin bir övladıyıq. Vətən zamana və məkana baxmır. Repressiya dövründə Şərqin Şekspiri olan Cavid əfəndi və müasir ədəbiyyatın qəzəl ustadı olan Əliağa Vahid öz dövrlərində Vətəni necə təsvir edirdisə, cənub elindən Məhəmmədhüseyn Şəhriyar da Vətəni eyni cür görürdü...
Biz də həmin Vətən sevdalılarının yaşayan miraslarıyıq. Bizim qələmimizdən çıxan Vətən anlayışı adıçəkilən dahilər qədər peşəkarcasına olmasa da, hər birimizin yeganə şüarı və tərifi Azərbaycandır...
Rafiq TƏHMƏZ
Digər xəbərlər