NAXÇIVAN :

05 Oktyabr 2026, Bazar ertəsi

Təhsil naziri Beynəlxalq Müəllimlər Günü münasibətilə şəhid valideynləri olan təhsil işçiləri ilə görüşüb

...

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil müəssisələrində olub və orada çalışan şəhid valideynləri ilə görüşüb.
“Şərq qapısı” xəbər verir ki, görüşdə Culfa şəhər 3 nömrəli tam orta məktəbin, Culfa Rayon Uşaq Şahmat Məktəbinin müəllimləri –şəhid Yaqub Nəcəfovun valideynləri Xuraman Zeynallı və Məhəmməd Nəcəfov, Kırna kənd tam orta məktəbinin müəllimi, şəhid Göydağlı Ramazanın atası Əbülfət Əliyev, Şahbuzkənd tam orta məktəbinin müəllimi, şəhid Cavid Bayramlının anası Sədaqət Bayramova və Qıvraq qəsəbə tam orta məktəbinin müəllimi, şəhid Fərid Mehbalıyevin atası Kəmaləddin Mehbalıyev iştirak ediblər. 
Təhsil naziri Ovni Muradov şəhid ailələrinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərildiyini vurğulayaraq  təhsil sahəsində çalışan şəhid valideynlərinin əməyinin də xüsusi dəyər daşıdığını qeyd edib.Nazir onların fəaliyyətinə görə minnətdarlığını ifadə edib və hər zaman diqqət və qayğı ilə əhatə olunacaqlarını bildirib.
Şəhid valideynləri 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edilib, onlara hədiyyələr təqdim olunub.
 Təhsil naziri, həmçinin müəllim kollektivləri ilə görüşərək onların timsalında bütün təhsilverənləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Nəşr edilib : 05.10.2026 21:24