Dəm qazından zəhərlənmə hadisəsinin qarşısını alma...
22:01 16.01.2026
0
0
0
NAXÇIVAN :
16 Yanvar 2026, Cümə
Muxtar respublikanın iqtisadi və ekoloji tarazlığının təmin edilməsində mühüm əhəmiyyətə malik “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda ətraf mühitin mühafizəsi, təbii sərvətlərin səmərəli istifadə və geoloji tədqiqatların müasir texnologiyalar əsasında aparılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Təbii ki, bu prinsip geologiya və mədənçilik sahəsində həyata keçirilən hər bir layihədə rəhbər tutulur. Muxtar respublikada son iki il ərzində qeyri-filiz və inşaat materialları yataqlarının axtarışı, təftişi və qiymətləndirilməsi, yeraltı suların monitorinqi, qara, əlvan və nəcib metalların axtarışı, yenidən qiymətləndirilməsi üzrə çöl və kameral işlər görülüb, müxtəlif yataqlarda təftiş və yenidən qiymətləndirmə işləri aparılıb, eləcə də yeni yataqlar kəşf edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Əli Vəliyevlə görüşüb həmsöhbət olduq. Müsahibimiz bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” geoloqlar qarşısında da mühüm vəzifələr qoymuşdur. Belə ki, agentlik tərəfindən Dövlət Proqramının 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına müvafiq olaraq aşağıdakı layihələr üzrə geoloji işlər yerinə yetirilir. Bunlar sırasında filiz ehtiyatlarının qiymətləndirilməsi üçün beynəlxalq qiymətləndiricilərin dəvət edilməsi və investisiya üçün açılmasını qeyd etmək olar. Bu məqsədlə dövlət balansına alınmış filiz faydalı qazıntı yataqlarından maraqdoğuran potensiallı və geniş istifadə imkanlarına malik yataqların axtarışı, təftişi və yenidən qiymətləndirilməsi işlərinin “Parağaçay” və “Qapıcıq” molibden, “Gümüşlü” polimetal (qurğuşun və sink) yataqlarında beynəlxalq qiymətləndiricilərlə birlikdə araşdırmaların aparılması məqsədilə Türkiyə Respublikası Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqat və Kəşfiyyat Baş İdarəsi (MTA) ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında əməkdaşlıq barədə razılığa gəlinib. 2024-cü ildən başlayaraq hər iki tərəfin mütəxəssislərindən ibarət işçi qrup dəfələrlə yataq ərazilərində olub, yerüstü araşdırmalar və tədqiqat işləri aparılıb, yataqlara aid mövcud arxiv materialları əldə edilib. Yataq sahələrində filizləşmənin dərinlikdə (300-500 metr) yayılma potensialının quyular vasitəsilə müəyyənləşdirilməsi məqsədilə işlərə başlanılmışdır. “Parağaçay” molibden yatağı sahəsində 5, “Qapıcıq” molibden yatağı sahəsində 2 və “Gümüşlü” polimetal yatağı sahəsində 3 geoloji kəşfiyyat quyusunun qazılması müəyyənləşdirilib. Hazırda Parağaçay sahəsində buruq-qazma işləri aparılır.
Əli Vəliyev qeyd etdi ki, filiz yataqlarının axtarışı və qiymətləndirilməsi məqsədilə Nəsirvaz polimetal (qurğuşun, sink, mis və sair) və Xalxal sərbəst mis, qızıl və sair yataqlarında yerüstü (axtarış marşrutları, xəndək və şurf dağ qazmaları ilə) və dərinlikdə (buruq quyuları ilə) geoloji axtarış işləri aparılır. Hazırda Sədərək-Şərur və Babək-Culfa rayonları ərazisində tikinti-inşaat materiallarına və gips xammalına axtarış və axtarış-qiymətləndirmə işləri həyata keçirilir. Həmçinin 2024-cü ildən başlayaraq muxtar respublika ərazisində ekzogen geoloji proseslərin (sürüşmələr, daş uçqunları, qar uçqunları, subasmalar, sellər və sair) öyrənilməsi, tədqiqi və monitorinq işləri görülür. 2023-2024-cü illərdə isə muxtar respublika ərazisində 298 mineral bulağın və dağətəyi ərazilərdə 79 su quyusunda yeraltı suların monitorinqi aparılıb. Muxtar respublika ərazisində geoloji-kəşfiyyat işləri davam etdirilir.
Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyəti sədrinin müavini İlkin Tahirov isə dedi ki, muxtar respublika ərazisində yerləşən “Parağaçay”, “Qapıcıq” və “Gümüşlü” yataqlarında beynəlxalq standartlara uyğun geoloji qiymətləndirmə işlərinin həyata keçirilməsi müvafiq Dövlət Proqramının istiqamətlərindən biridir. Əsas hədəf filiz yataqlarının geoloji potensialının obyektiv və beynəlxalq qəbul olunmuş metodologiyalara əsaslanaraq qiymətləndirilməsidir. “Parağaçay”, “Qapıcıq” və “Gümüşlü” yataqların sahələrində filizləşmənin dərinlikdə izlənməsi və öyrənilməsi quyular vasitəsilə aparılacaqdır. Sözügedən yataqlarda 10 quyu qazılacaq, geoloji qiymətləndirmə işləri, ümumilikdə, 3800 poqonometr həcmində planlaşdırılan kəşfiyyat quyularında aparılacaqdır. Adıçəkilən idarənin əməkdaşları ilə birgə obyektlərə baxış keçirilib. Hər bir yataq üzrə geoloji xəritələr hazırlanıb, müvafiq topoqrafik planlar tərtib edilib.
Müsahibimiz bildirdi ki, qazılması nəzərdə tutulan quyuların yerləri geoloji əsaslandırmalar əsasında müəyyənləşdirilib. Layihə çərçivəsində istifadə olunacaq metodika beynəlxalq standartlara və qabaqcıl elmi-praktiki yanaşmalara əsaslanır. Məqsəd yüksək dəqiqlikli geoloji məlumat bazasının formalaşdırılmasıdır. Bu isə gələcəkdə yataqların səmərəli və elmi əsaslandırılmış istismarı üçün mühüm zəmin yaradacaq. Eyni zamanda yataqların geoloji xüsusiyyətlərinin daha dərindən öyrənilməsi ölkənin mədən sənayesinin inkişafına yeni imkanlar açacaq. MTA mütəxəssisləri tərəfindən aparılan qiymətləndirmələr nəticəsində yataqlar üzrə faydalı qazıntı ehtiyatları daha dəqiq və obyektiv şəkildə müəyyən ediləcək. Süxur nümunələrinin laborator təhlili beynəlxalq akkreditasiyalı laboratoriyalarda aparılacaq. Layihənin icrasında agentliyin mütəxəssisləri də iştirak edəcəklər. Muxtar respublikada görülən bu genişmiqyaslı işlər ölkənin geoloji bazasının zənginləşdirilməsinə və resurs potensialının reallaşdırılmasına əhəmiyyətli töhfə verəcək. Parağaçay yatağı ərazisində isə 3800 poqonometr buruq qazma işləri aparılaraq kern sınaqları götürülüb. Buruq quyularının qazılması davam etdirilir.
Yataqlarda aparılan geoloji işlər çərçivəsində qardaş Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərlə də görüşdük. Müsahibimiz, geoloq İhsan Gökal bildirdi: “Biz Türkiyədən, MTA (Maden Tetkik ve Arama) Baş İdarəsindən gəlmiş mütəxəssis heyəti olaraq burada fəaliyyət göstəririk. Bu sahədə görülən işlər qarşılıqlı şəkildə həyata keçirilir. Hazırda yataqlarda qazılmış buruq quyularından çıxarılan kern nümunələrinin araşdırılması işlərini yerinə yetiririk. Bu nümunələr üzərində aparılan işlərin düzgün və sistemli şəkildə icrası bizim üçün prioritet məsələdir. Çıxarılan nümunələrin determinasiya prosesi, yəni süxurların tərkibində hansı faydalı mineralların olduğu təhlil edilir, filizli hissələr isə ayrıca qeydiyyata alınır. Tədqiqat işlərimiz başa çatdıqdan sonra kern nümunələrinin hər biri təhlükəsiz şəkildə Culfa rayonundakı müvəqqəti anbarımıza daşınacaq. Orada nümunələr əlavə olaraq təhlil olunacaq, kernlər ortadan ikiyə bölünərək daxili strukturları da qiymətləndiriləcək. Daha sonra müəyyən dərinlik aralıqları üzrə örnəkləmə aparılacaq və bu əsasda təkrar analizlər üçün nümunələr seçiləcək. Nümunələr üyüdülüb səliqəli şəkildə qablaşdırıldıqdan sonra Türkiyəyə analizə göndəriləcək. Analiz nəticələri əsasında hansı dərinlikdə hansı filiz komponentlərinin mövcud olduğu müəyyən ediləcək və bu nəticələrə əsasən sahənin ehtiyat hesablamaları aparılacaq. Nəticə olaraq isə tam elmi əsaslara söykənən sahə hesabatı hazırlanacaq. Hazırda işin gedişatından məmnunluğumuzu bildiririk”.
Geologiya elmləri doktoru Ali Uzuner isə əlavə etdi: “Hazırda sahədə qazma işlərinin vəziyyəti qənaətbəxşdir. İndiki mərhələdə daha keyfiyyətli filiz nümunələrinin əldə ediləcəyinə inanırıq. Əsas məqsədimiz molibdenin, yəni filiz komponentlərinin burada olub-olmamasını və ehtimal olunan miqdarını müəyyənləşdirməkdir. İşlərimizə yeni başlamışıq və ümid edirik ki, bu prosesi uğurla və elmi əsaslarla tamamlayacağıq”.
Geoloji təqdiqatlar aparılan yataqlarda gördüklərimiz və yüksəkixtisaslı mütəxəssislərlə söhbətlərimiz bizdə belə bir qənaəti gücləndirdi ki, ölkəmizdə yeraltı sərvətlər zəngindir. Belə sərvətlərin öyrənilməsinə, üzə çıxarılmasına böyük qayğı ilə yanaşılır. Həmin sərvətlər Ulu Tanrı tərəfindən xalqımıza ərməğan edilmiş ən qiymətli maddi miraslardandır. Təbii sərvətlərin əldə edilərək dövriyyəyə buraxılması isə iqtisadiyyatımızın gücləndirilməsi və nəticə etibarilə, xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində atılan mühüm addımdır.
Aidə İBRAHİMOVA
Digər xəbərlər