Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
Qədim Naxçıvan torpağı min bir dərdin çarəsi sayılan müxtəlif müalicəvi bitkilərlə zəngindir. Müəyyən edilib ki, bu, doğma yurdumuzun təmiz havası və suyu ilə bağlıdır. Xalqımızın min illərdən bəri qoruyub-yaşatdığı adət-ənənələrində, rəvayətlərində haqqında danışılan dərman bitkilərindən bu gün də istifadə olunur. Nənə-babalarımız çox haqlı olaraq deyirlər ki, dərmanların bir yerə xeyri varsa, digər yerə ziyanı ola bilir. Bitkilər isə Allahın bizə bəxş etdiyi möcüzələrdən biridir. Odur ki, bitkilərdən qorxmayın. Hər bir bitkinin insan sağlamlığına özünəxas çarəsi vardır. Günümüzdə də xalq təbabətində geniş istifadə olunan bir çox dərman bitkilərimiz var ki, onlardan biri də boymadərən bitkisidir.
Bu bitkinin insan orqanizminə xeyri, ondan istifadə qaydalarını öyrənmək üçün Yoluxucu xəstəliklər xəstəxanasının həkimi Süleyman Cabbarov müraciət etdik. O bildirdi ki, bu bitkinin Şimal yarımkürəsinin mülayim qurşağında 100-dən artıq növü var. Muxtar respublikamızda, əsasən, aşağı və orta dağlıq ərazilərində quru dərələrdə, çəmənliklərdə, talalarda, yol kənarlarında, təzə salınmış meşə zolaqlarının ətraf ərazilərində və yaşayış məntəqələrinə yaxın yerlərində yayılıb. Boymadərən otunun və çiçəklərinin tərkibində 0,8 faiz efir yağı, başlıca komponent olan millefolid, xamazulen, acı maddə olan axillin, aşı maddələr, K və C vitamini və flavonoidlər vardır.
Bu bitki farmakopeyaya daxil olan rəsmi dərman bitkisidir. Xalq təbabətində, eləcə də kliniki sınaqlarda, homeopatiya, farmakologiya və baytarlıqda geniş tətbiq edilir. Əsasən mədə, ürək, böyrək və böyrək daşları, sidik kisəsi, bronxit, dəri xəstəliyi, qaraciyər xəstəliklərində, ağciyər vərəmi, nevroz, soyuqdəymə, qadın xəstəlikləri, revmatizm, stomatit, allergiya və bədxassəli şişlərə qarşı istifadə olunur. Antioksidant, antihelmint, qansaxlayıcı, bəlğəmgətirici, ağrıkəsici, yarasağaldıcı, hərarəti salan, spazmolitik və kardiotonik təsirə malikdir. Hamiləlik dövründə istifadə etmək olmaz. İstifadə olunan hissələri yerüstü hissəsi və çiçəkləridir. Bitkidən həzmi asanlaşdırmaq və şişkinliyi azaltmaq üçün cövhər və dəmləmə kimi istifadə olunur. Yarpaqları və çiçəkləri kulinariya otu kimi, dadı bir az acı olsa da, şəfa məqsədilə salatlarda, şorbalarda istifadə edilir.
Süleyman həkim onu da qeyd etdi ki, əgər mənşəyindən asılı olmayaraq, köp varsa, onu müalicə etmək üçün xalq təbabətində çox gözəl bir üsul mövcuddur. Boymadərən arağını spirtli içki olan araqla müqayisə etməyin, bunu içəndə adam məst olmur, haram deyil, amma şəfalıdır. Onun bütün şəfalı xüsusiyyətləri suda dəmləməsində vardır. Boymadərən arağı sulu dəmləmədən fərqlənir. Boymadərən arağı istənilən ağır yeməyi həzm etməyə, hətta bağırsaqda şiş xəstəliyi olanlar belə köpdən əziyyət çəkirlərsə, kömək edir. Yemək zamanı 2 xörək qaşığı içilsə, yeməkdən sonra heç bir köp əlamətləri qalmır, mədə-bağırsağı işləməyə məcbur edir, bununla da sancı və köp əlamətlərini aradan götürür.
Süleyman həkim onu da diqqətimizə çatdırdı ki, təbii estrogen qaynağı olan boymadərən bitkisi qadınlıq hormonuna yaxşı təsir göstərir. Bəzi xəstəliklərə reseptlər də verdi:
Resept.1. Yuxarıda qeyd edilən xəstəliklərdə çiçəklənən dövrdə toplanıb qurudulmuş boymadərən otundan 1-2 xörək qaşığı 1 stəkan qaynar suda dəmləyib yeməkdən əvvəl gündə 3-4 dəfə, 1 xörək qaşığı qəbul edirlər.
Resept. İştahasızlıqda 80 qram yovşan otu, 20 qram boymadərən otu (çiçəyi ilə birlikdə) götürün, döyüb qarışdırın və cövhərini çəkin. Ondan hər gün yeməkdən 20 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edin. İştahanız bərpa olar.
Resept.3. Ürək qan-damar xəstəliklərində boymadərən 2 çay qaşığı, pişikotu kökü 3 çay qaşığı, mayaotu toxumu 2 çay qaşığı, badrənc 3 çay qaşığı qarışdırılır.1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir, saatdan sonra süzülür. Gündə 4 dəfə yarım stəkan içilir.
Vacib məsələlərdən biri də odur ki, belə bitkilərdən xəstələnəndən sonra yox, gündəlik həyatımızda da hər zaman istifadə edə bilərik. Çünki onların orqanizmdə yaratdığı güclü immunitet insanı bütün xəstəliklərdən qorumaq gücündədir.
Günay HACIYEVA
Digər xəbərlər