NAXÇIVAN :

21 May 2025, Çərşənbə

TDT-nin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib

...

Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Budapeşt Bəyannaməsi qəbul edilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə birgə mətbuat konfransında danışıb.

O qeyd edib ki, bu gün TDT liderləri gələcəyə baxan və hərtərəfli sənədi imzalamaqla növbəti əməkdaşlıq mərhələsi üçün ortaq baxışı rəsmiləşdirdilər:

“Sənəd gücləndirilmiş ticarət, gömrük prosedurlarının uyğunlaşdırılması və Orta Dəhlizlə Transxəzər marşrutları boyunca müasir infrastrukturun inkişafı vasitəsilə regional iqtisadi inteqrasiyanı həyata keçirmək üçün konkret yol xəritəsi təqdim edir”.

Baş katib onu da bildirib ki, Bəyannamədə həmçinin texnoloji əməkdaşlığa, o cümlədən rəqəmsallaşma, transformasiya, kritik xammal resursları, birgə elmi tədqiqat və innovasiyalara xüsusi önəm verilir:

“Ətraf mühitin davamlılığı əsas prioritet olaraq qalır. Bəyannamədə yaşıl enerji dəhlizləri sahəsində gələcək irəliləyişin vacibliyi vurğulanır. Həmçinin regional təhlükəsizliyin təmin edilməsi, beynəlxalq hüququn qorunması və Əfqanıstandakı vəziyyət kimi təcili geosiyasi məsələlərdə koordinasiyalı səylərin əhəmiyyəti qeyd olunur”.

Nəşr edilib : 21.05.2025 14:43