NAXÇIVAN :

03 Oktyabr 2026, Şənbə

TDT-nin güclənən dayağı: Naxçıvandan başlayan yol və Azərbaycanın strateji təşəbbüsləri

...

2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı bu gün Türk dünyasının siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığının mühüm platformalarından birinə çevrilib. Təşkilatın tarixində Naxçıvanın əhəmiyyəti yalnız təsis sənədlərinin imzalandığı məkan olması ilə məhdudlaşmır. Məhz burada türk dövlətləri arasında müasir əməkdaşlığın hüquqi və siyasi əsasları formalaşdırılıb. 17 il ərzində TDT-nin gündəliyi əhəmiyyətli dərəcədə genişlənib. Bu əməkdaşlıq artıq siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat və logistika, enerji, rəqəmsallaşma, investisiya, təhlükəsizlik və müdafiə sahələrini əhatə edən çoxşaxəli mexanizmə çevrilir. Azərbaycanın təşəbbüsləri isə bu prosesin mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa  ailəmiz yoxdur” fikri Azərbaycanın TDT-yə münasibətinin mahiyyətini ifadə edir. Bu yanaşma ortaq tarixi, dili, mədəniyyəti və mənəvi dəyərləri yalnız keçmişin irsi kimi deyil, gələcək əməkdaşlığın əsaslarından biri kimi nəzərdən keçirir. 

Avropa ilə Mərkəzi Asiya arasında yerləşməsi, Xəzər üzərindən Türk dünyasının müxtəlif coğrafiyalarını birləşdirməsi, Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə strateji münasibətləri, inkişaf etmiş enerji və nəqliyyat infrastrukturu Azərbaycanın təşkilat daxilindəki mövqeyinə əlavə imkanlar qazandırır. Bakı bu imkanları yalnız milli nəqliyyat və enerji siyasətinin tərkib hissəsi kimi deyil, türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsinin praktiki vasitəsi kimi də təqdim edir. Bu mənada, Naxçıvan amili xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Naxçıvanı regional və beynəlxalq nəqliyyat bağlantılarının mühüm qovşaqlarından birinə çevirmək istiqamətində həyata keçirdiyi layihələr isə bu tarixi məkanın TDT baxımından əhəmiyyətini yeni müstəviyə daşıyır. Zəngəzur dəhlizi və Naxçıvanın Türkiyə ilə birbaşa nəqliyyat bağlantılarının inkişafı perspektivi Türk dünyasının qərb və şərq hissələri arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Başqa sözlə, TDT-nin təməli Naxçıvanda qoyulduqdan sonrakı mərhələdə Azərbaycanın həyata keçirdiyi nəqliyyat və kommunikasiya layihələri həmin tarixi başlanğıcın praktiki məzmunla tamamlanmasına xidmət edir. Naxçıvanın TDT tarixindəki simvolik rolu ilə Azərbaycanın müasir tranzit imkanlarının bir-birini tamamlaması təşkilatın inteqrasiya potensialını daha aydın göstərir. Azərbaycanın təşkilata hazırkı sədrliyi də bu prosesin mühüm mərhələsidir. 
Sədrliyin əsas istiqamətlərindən biri siyasi dialoqla yanaşı, təhlükəsizlik əməkdaşlığının praktiki məzmunun genişləndirilməsidir. Qəbələ Zirvəsində Prezident İlham Əliyevin 2026-cı ildə TDT-yə üzv dövlətlərin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsünü irəli sürməsi də bunun göstəricilərindəndir. Təhlükəsizlik gündəliyi 2026-cı ildə daha da aktuallaşıb. Apreldə TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün keçirilməsi, may ayında Türküstanda qeyri-rəsmi Zirvə görüşünün təşkili, sentyabr ayında isə TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərinin Bakıda bir araya gəlməsi təşkilatın siyasi və təhlükəsizlik gündəliyinin intensivləşdiyini göstərən nümunələrdir. Azərbaycanın təşəbbüsləri   TDT-nin qeyri-rəsmi Zirvə görüşləri formatının inkişafında da özünü göstərir. 2024-cü ildə Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşü türk dövlətləri liderlərinin əlavə məsləhətləşmə və koordinasiya platformasının formalaşmasına imkan verib. Ötən il Budapeştdə, 2026-cı ildə isə Türküstanda belə görüşlərin keçirilməsi bu formatın artıq davamlı siyasi mexanizmə çevrildiyini göstərir. Şuşa ilə Türküstanın bu prosesdə ardıcıl şəkildə önə çıxması da təsadüfi deyil. Bir tərəfdə Azərbaycanın tarixi və mədəni simvollarından biri olan Şuşa, digər tərəfdə Türk dünyasının qədim siyasi-mədəni mərkəzlərindən olan Türküstan dayanır. 
2026-cı ilin mayında Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasiminin keçirilməsi və “GovTech”, süni intellekt və rəqəmsal həllər üzrə imkanların müzakirə olunması TDT gündəliyinin ənənəvi mədəni çərçivədən müasir texnoloji əməkdaşlığa doğru genişləndiyini göstərən nümunələrdəndir.
Təşkilatın iqtisadi potensialının reallaşdırılması da Azərbaycanın sədrliyinin mühüm istiqamətlərindən biridir. Türk dövlətlərini birləşdirən Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artırılması, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya arasında nəqliyyat bağlantılarının genişləndirilməsi TDT-nin iqtisadi inteqrasiya imkanlarını artırır. Azərbaycan bu baxımdan yalnız tranzit ölkə deyil, Şərqlə Qərb arasında logistika zəncirinin əsas halqalarından biri kimi çıxış edir. Enerji sahəsində də oxşar mənzərə müşahidə olunur. Azərbaycan öz enerji infrastrukturu vasitəsilə Mərkəzi Asiya ilə Avropa arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır. 
İqtisadi inteqrasiyanın digər mühüm istiqaməti investisiyalardır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında yaradılan investisiya mexanizmləri türk dövlətlərinin iqtisadi potensialının birgə layihələrə yönəldilməsi baxımından əhəmiyyətlidir. Çünki siyasi münasibətlərin davamlılığı yalnız diplomatik təmasların intensivliyi ilə deyil, qarşılıqlı iqtisadi maraqların genişliyi ilə də möhkəmlənir.
Azərbaycanın TDT daxilində irəli sürdüyü təhlükəsizlik gündəliyi də bu baxımdan ayrıca əhəmiyyət daşıyır. Qəbələ Zirvə görüşündə regional sülh və təhlükəsizlik məsələlərinin ön plana çıxarılması, 2026-cı ildə Azərbaycanda birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsü və sentyabrda təhlükəsizlik üzrə rəhbər şəxslərin Bakıda görüşü təşkilatın institusional əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlardır. Burada söhbət yalnız hərbi əməkdaşlıqdan getmir. Müasir təhlükəsizlik anlayışına terrorizm, transmilli cinayətkarlıq, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və digər qeyri-ənənəvi təhdidlər də daxildir. Buna görə də təhlükəsizlik sahəsində məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi TDT-nin praktiki imkanlarını artıra bilər. Prezident İlham Əliyevin bu il sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən dediyi kimi: “Hər bir    ölkənin öz çətinlikləri olub, Azərbaycanın da öz çətinlikləri olub, lakin hamımız ən mürəkkəb sınaqlardan şərəflə çıxmışıq. Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Qarşıda isə birgə iş, qarşılıqlı   fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq”.
TDT-nin uzunmüddətli güclənməsi üçün institusional dayaqların möhkəmləndirilməsi də vacibdir. Azərbaycanın 2025-ci ildə TDT Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə etməsi təşkilatın fəaliyyətinə verilən praktiki dəstəyin nümunəsidir. Eyni zamanda Qəbələ Zirvə görüşündə qəbul edilən qərarlar TDT-nin siyasi və institusional inkişafının yeni mərhələyə keçdiyini göstərir.
TDT-nin gücü yalnız siyasi və iqtisadi imkanlarla ölçülmür. Ortaq dil, tarix, mədəniyyət və mənəvi dəyərlər təşkilatın əsas sosial dayaqlarıdır. Gənclər, təhsil, elm, mədəniyyət və humanitar əlaqələrin inkişafı digər istiqamətləri tamamlayan mühüm amillərdir. Türk Sivilizasiyası Mərkəzi kimi layihələr də ortaq tarixi yaddaşın müasir institutlar vasitəsilə qorunmasına xidmət edir.
Bu gün türk dövlətlərinin qarşısında böyük iqtisadi, demoqrafik, enerji və geostrateji imkanlar dayanır. Həmin potensialın vahid əməkdaşlıq mexanizmlərinə çevrilməsi isə təşkilatın gələcək rolunu müəyyənləşdirəcək əsas məsələlərdəndir. Azərbaycanın coğrafi mövqeyi, Mərkəzi Asiya və Türkiyə ilə münasibətləri, nəqliyyat və enerji imkanları, eləcə də təşkilat çərçivəsində irəli sürdüyü təşəbbüslər bu prosesdə ölkənin rolunu xüsusi əhəmiyyətli edir. Beləliklə, Naxçıvanda 2009-cu ildə qoyulan təməl bu gün daha geniş siyasi və iqtisadi məzmun qazanır. Azərbaycanın hazırkı sədrliyi isə həmin prosesin mühüm mərhələlərindən biri kimi diqqət çəkir. Naxçıvandan başlayan TDT yolu bu gün Azərbaycanın təşəbbüsləri ilə yeni məzmun qazanaraq türk dövlətləri arasında daha sıx əməkdaşlığın institusional əsaslarını möhkəmləndirir.

Nail ƏSGƏROV
 

Nəşr edilib : 03.10.2026 12:32