NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Taxta sandıqda gizlənən illər

...

Bəzən keçmişə qayıtmaq üçün nə uzun bir yola çıxmağa, nə də köhnə şəkil albomlarını vərəqləməyə ehtiyac olur. Yetər ki illərin sınağından çıxmış köhnə bir sandığın qapağı açılsın. O zaman zamanın tozlu səhifələri aralanır, unudulduğu sanılan xatirələr yenidən dil açır. Bir vaxtlar Azərbaycan evləri bugünkü kimi saysız-hesabsız mebel və əşyalarla dolu deyildi. O evlərdə sadəlik vardı, amma o sadəliyin içində böyük bir zənginlik yaşayırdı. İnsanlar aldıqlarından çox hazırlayır, istehlak etdiklərindən çox yaradırdılar. Qadınlar qış gecələrində çıraq işığında ilmə vurur, tikmə tikir, yun əyirir, qız övladları üçün cehiz hazırlayırdılar. Hər naxışın arxasında bir arzu, hər ilmənin içində bir ana duası gizlənirdi.

Məhz həmin zəhmətin, sevginin və ümidlərin ünvanı isə sandıq olurdu. Hələ qız uşağı dünyaya gələn gündən onun cehizi üçün hazırlıqlar başlanardı. İllər keçdikcə toxunan xalçalar, tikilən yorğan-döşəklər, əl işləri, naxışlı süfrələr, kəlağayılar və digər məişət əşyaları bir-bir sandığa yerləşdirilərdi. Sandıq dolduqca, sanki valideynlərin arzuları da böyüyərdi. O, sadəcə, cehiz saxlanan yer deyil, bir qızın gələcəyinə yazılan ümidlərin məskəni idi. Nənələrin sandığında hər əşyanın öz hekayəsi vardı. Bayramlarda və toy şənliklərində geyinilən milli geyimlər, zərif kəlağayılar, illərlə qorunan ailə yadigarları, saralmış şəkillər, köhnə məktublar, nişan üzükləri, bəzək əşyaları, hətta vaxtilə istifadə olunmuş qəpiklər belə burada saxlanılırdı. Bəzən kiçik bir əşya bütöv bir ömrün xatirəsini yaşadırdı. Sandığın yanında çox vaxt balaca bir mücrü də olardı. Ən qiymətli əmanətlər məhz orada qorunardı. Nənələrin göz bəbəyi kimi saxladığı zinət əşyaları, təsbehlər, xatirə məktubları və ailə yadigarları həmin kiçik sandıqçada öz yerini tapardı. Bu gün müasir qutular və seyflər onların yerini tutsa da, heç biri bir mücrünün daşıdığı duyğunu yaşada bilmir.

Sandığın özü də evin ən yaraşıqlı əşyalarından sayılırdı. Üzərinə qatlanmış yorğan-döşəklər düzülər, əl işi örtüklər və ya kilimlər sərilərdi. Bəzən ailə üzvləri onun üzərində əyləşər, qonaqlar üçün əlavə oturacaq rolunu oynayardı. Evin bir küncündə səssiz dayansa da, ailə həyatının ən canlı şahidlərindən biri məhz o idi.Nənələr sandığın içindəki əşyaları qorumaq üçün onların arasına sabun, quru nanə, yovşan və ya müxtəlif ətirli otlar qoyardılar. Sandıq açılan kimi yayılan o özünəməxsus qoxu uşaqlığın, doğmalığın və keçmişin qoxusu idi. Elə bir qoxu ki, illər keçsə də, yaddaşdan silinmir. Bir çox nənələr sandığın açarını xüsusi qayğı ilə saxlayardılar. Bəzən yaylıqlarının ucuna bağlayar, bəzən də yalnız özlərinin bildiyi gizli bir yerə qoyardılar. Çünki sandıq onların ən qiymətli sərvəti idi. O dövrün insanları üçün sərvət yalnız qızıl və pul demək deyildi. Xatirələr, ailə yadigarları və mənəvi dəyərlər daha qiymətli sayılırdı.

Uşaqlar isə sandığın açılmasını səbirsizliklə gözləyərdilər. Bayram ərəfəsində və ya xüsusi günlərdə qapaq açılan kimi hamı ətrafına toplaşardı. Köhnə şəkillər bir-bir baxılar, xatirələr danışılar, artıq həyatda olmayan insanların adı ehtiramla çəkilərdi. Beləcə, sandıq təkcə əşyaları deyil, ailə tarixini də nəsildən-nəslə ötürərdi. Bu gün köhnə sandıqların çoxu ya evlərin sakit künclərində qalıb, ya da tamamilə istifadədən çıxıb. Lakin onların içində yaşatdığı dəyərlər hələ də yaşayır. Çünki sandıqlar taxtadan hazırlansa da, onların içində qorunanlar ağacdan daha möhkəm idi: ailə sevgisi, ana zəhməti, nənə qayğısı və keçmişə bağlılıq.

Bəzən bir xalqın tarixini qalın kitablarda deyil, köhnə bir sandığın içində tapmaq olur. Çünki o sandıqda yalnız yorğan-döşək, cehiz və geyimlər yox, bütöv bir dövr yaşayır. O dövrün insanları, adətləri, sevincləri, həsrətləri və unudulmayan xatirələri... Nənələrin sandığında qalanlar, əslində, əşyalar deyil. Onlar bir ömrün izləri, bir ailənin yaddaşı və keçmişdən gələcəyə uzanan görünməz sevgi körpüsüdür.

Günay HACIYEVA

Nəşr edilib : 09.07.2026 11:50