Xəzər dənizində 26 yaşlı gənc batıb
23:08 25.07.2026
0
0
0
NAXÇIVAN :
26 Iyul 2026, Bazar
Yay fəsli kəndlərdə özünəməxsus bir canlanma yaradır. Zəhmətin bəhrəsinin toplandığı, aylarla qulluq göstərilən zəmilərin biçildiyi bu dövr həm də kənd təsərrüfatında mühüm mərhələlərdən biridir. Lakin biçin mövsümündən sonra sahələrdə qalan bitki qalıqları ilə bağlı müxtəlif yanaşmalar ortaya çıxır. Bəzi hallarda həmin qalıqların yandırılması üsuluna üstünlük verilir. Asan və sürətli yol kimi görünən bu addım isə torpağın gələcək vəziyyəti, ətraf mühit və təhlükəsizlik baxımından bir sıra suallar yaradır. Bəs biçindən sonra taxıl sahələrinin yandırılması torpağa necə təsir edir? Növbəti əkin mövsümündə bu hansı nəticələrə səbəb ola bilər? Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin aparıcı məsləhətçisi Teyfə Qasımova ilə həmsöhbət olduq.
Müsahibim bildirdi ki, taxıl sahələrinin biçini başa çatdıqdan sonra kövşənliyin yandırılması yolverilməzdir. Bu hal torpağın münbitliyinə ciddi zərər vurmaqla yanaşı, ekoloji tarazlığın pozulmasına və fermerlərin iqtisadi itkilərlə üzləşməsinə səbəb olur. Bitki qalıqları torpaq üçün ən qiymətli üzvi maddə və qida elementləri mənbələrindən biridir. Onların torpaqda saxlanılması humusun artmasına, torpaq strukturunun yaxşılaşmasına, nəmliyin qorunmasına, faydalı mikroorqanizmlərin fəaliyyətinin güclənməsinə və nəticədə, məhsuldarlığın yüksəlməsinə şərait yaradır.
Bitki qalıqlarının yandırılması zamanı torpaqda yaşayan milyonlarla faydalı mikroorqanizm məhv olur, torpağın bioloji fəallığı zəifləyir və münbitliyi azalır. Mütəxəssislərin hesablamalarına görə, növbəti əkin ilində həmin sahədə məhsuldarlıq 20-30 faizədək aşağı düşə bilər. Bəzən kövşənliyin yandırılması zərərvericilərə qarşı mübarizə vasitəsi kimi qiymətləndirilir. Lakin bu, düzgün yanaşma deyil. Çünki dənli bitkilərin əksər zərərvericiləri yanğın zamanı torpağın alt qatına keçərək sağ qalır, əvəzində isə torpağın faydalı canlıları məhv olur.
Biçindən sonra samanın xırdalanaraq mulça şəklində sahəyə yayılması və ya yandırılmadan sahədən çıxarılması daha məqsədəuyğundur. Sonrakı mərhələdə torpaq becərilməli, müvafiq gübrələr tətbiq edilməli və növbəti əkin mövsümünə hazırlıq işləri aparılmalıdır. Bu üsul torpaqda nəmliyin qorunmasına, eroziyanın qarşısının alınmasına və məhsuldarlığın yüksəldilməsinə xidmət edir.
Xüsusilə vurğulanmalıdır ki, əkin sahələrinin yandırılması qanunvericiliklə qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerlərini yandıran fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 5000-6000 manat məbləğində cərimə edilirlər.
Torpağın münbitliyinin qorunması, məhsuldarlığın artırılması və ətraf mühitin mühafizəsi hər bir torpaq istifadəçisinin məsuliyyətidir. Taxıl sahələrinə düzgün qulluq növbəti əkin üçün yüksək məhsuldarlıq deməkdir.
Günay HACIYEVA
Digər xəbərlər