Azərbaycan nefti ucuzlaşıb
09:40 22.01.2025
0
0
0
NAXÇIVAN :
22 Yanvar 2025, Çərşənbə
Bir igidin ömrü qədər bir zaman. Bu gün Vətənin başladığı yerdə – Sədərəkdə hər daşında bir şəhidin adı olan zirvələrdə dalğalanan üçrəngli, ay-ulduzlu bayraqlara baxanda qürurlanırıq. Həmin günləri isə həmsöhbət olduğumuz müharibə iştirakçılarından dinləyib qələmə alırıq. “Sədərək döyüşləri elə bir qəhrəmanlıq səhifəsidir ki, onu yazmaqla, söyləməklə bitməz”, – deyir həmin döyüşlərin iştirakçısı Vətən Əhmədov: – O günlər Azərbaycan xalqının taleyinə yazılan bu qara səhifə yurd, torpaq, Vətən sevgisinin sübut edildiyi bir tarixdir, həm də xalqımızın qəhrəmanlıq salnaməsidir... Duz-çörəyə xəyanət edənlər belini əymək istədilər anamız Azərbaycanın, amma əyə bilmədilər. Bakı şəhəri dirəkləri laxlamaqda olan imperiyanın qoşunları tərəfindən amansızcasına gülləbaran edildiyi bir gecədə yaranmış fürsətdən istifadə edən ermənilər və onların havadarları isə bütün sərhədboyu muxtar respublikamızı müxtəlif çaplı avtomat silahlardan, toplardan atəşə tutmağa başlamışdılar. Hamı bir oldu, bu dağlar-qayalar burada döyüşən igidlərin qanı ilə sulandı, amma bir qarışı düşmənə verilmədi. Həmin gecə od yağdırırdı dinc sakinlərin başına mənfur ermənilər. Bizim əlimiz, demək olar ki, yalın idi. Müasir silahlardan istifadə edən və havadarından güc alan ermənilərə qarşı beş-on nəfər polis işçisi və könüllülər ov tüfəngi ilə döyüşürdük. Muxtar respublikanın bölgələrindən Sədərəyə axın-axın insanlar gəlir, döyüşə can atırdı. Hər tərəfdən küncə sıxışdırılsaq da, sınmadıq, əyilmədik.
…Nadir Bağırov da Sədərək döyüşlərinin iştirakçısı, şahididir. O deyir: – Həmin gecə başlayan qanlı döyüşlərdə kənd düşmənin ağır silahlardan atdığı mərmilərlə xarabaya dönmüşdü. Sakinlər həm azğınlaşmış düşmənlə, həm də aclıqla mübarizə aparırdı. Çətin idi, amma mübarizədən dönmürdük. Bir posta elə olurdu ki, onlarla igid can atırdı. Sədərək döyüşlərində göstərilən qəhrəmanlıq haqqında nə qədər danışsam, azdır. Bircə onu bilirəm ki, bizim üçün Vətəndən, torpaqdan əziz heç nə yox idi, indi də elədir. Döyüşə gedən oğullar öz ailələrini belə kənddən çıxarmır, “Biz döyüşüb, sizi qoruyacağıq”, – deyirdilər. Analarımız, qadınlarımız evlərdə qalıb bizə – səngərə isti çörək, yemək bişirib göndərirdilər. Bəzən isə elə olurdu ki, günlərlə ac qalırdıq, yenə də döyüşürdük. Həmin il qış da sanki öz “gücünü” göstərirdi. Elə soyuq, şaxtalı havalarda isti geyim, yanacaq olmadan döyüşür, düşmənə layiqli cavab verirdik.
Bu xalq, bu millət heç bir zaman düşmənə baş əyməyib, əyməyəcək də. Bunu Vətən müharibəsində bir daha sübut etdik. Babalarımızdan bizə yadigar qalan və oğullarımıza ərməğan etdiyimiz hünər və cəsarəti onlar da Vətən müharibəsində dünyaya göstərərək 30 ildir, düşmən caynağında qalan torpaqlarımızı azad etdilər.
Vəzir İmamverdiyev “Cin təndiri” deyilən yerdə, Qaraağacda döyüşüb. Deyir ki, yanvarın 19-dan 20-nə keçən gecə başlayan döyüşlərdə silahımız, isti geyimimiz olmasa da, qəlbimizi isidən Vətən sevgimiz var idi. Səngərdə “Haralısan?”– sualı yox idi, təkcə Vətən var idi. Hamımız yaxşı dərk edirdik ki, qeyrət qalamız Sədərəyi itirsək, bütün Naxçıvanı təhlükəyə atarıq. Hamı bir olub, əlbir olub, bir hədəfə – düşmənə qarşı döyüşürdü. Elə gecə olurdu ki, səhərə qədər nəfəs belə almadan döyüşürdük. Sərt hava şəraiti, silah azlığı bizi sındırmırdı. Vandallar səhərə kimi dinc Sədərəyi güclü atəşə tuturdular. 12 min əhalinin yaşadığı kəndin hər səhəri döyüşlə açılırdı. İgid döyüşçülərimiz mərdlik göstərərək düşmənin iradəsini qırmağa nail oldular. Bir-birindən qeyrətli oğullar canlarını Vətən yolunda qurban verirdi. Cəbhədə olan hər kəs əli silah tutanların necə qəhrəmancasına vuruşduqlarını görürdü. Həmin çətin günlərdə qeyrətli, igid oğullarımız mərdliklə vuruşdular və qalib gəldik.
Həmin illərdə Sədərəkdə qazanılan Zəfər yolunun davamı 2020-ci ildə Qarabağda çəkildi. Və 1990-cı illərdə burada canını Vətənə sipər edən oğulların davamçılarının səsi Vətən müharibəsində Şuşadan, Cəbrayıldan, Zəngilandan gəldi. Onlar torpaqlarımızı işğaldan azad edib, şəhid, qazi, qalib olub başımızı uca tutub, tarix yazıb bu xalqı əbədi qəhrəman elan etdilər.
44 gündə ordumuzun qüdrətindən qorxuya düşən ermənilər Sədərəyə bir güllə atmağa belə cəsarət etmədilər.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər