NAXÇIVAN :

04 Yanvar 2025, Şənbə

Tarixin 2024-cü ili: muxtar respublikanın iqtisadi və mədəni həyatında yeni mərhələ

...

Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu siyasi xətti uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin bütün bölgələri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının inkişafına da xüsusi diqqətlə yanaşır, diyarın tərəqqisinin dayanıqlılığının artırılması, davamlılığının təmin edilməsi məqsədilə mütərəqqi addımlar atılır, sərəncam və fərmanlar imzalanır. 2022-ci ilin sonundan etibarən Naxçıvanın dövlət idarəçiliyi sistemində edilən dəyişiklikdən sonra muxtar respublikada bütün sahələr üzrə reallaşdırılan infrastruktur quruculuğu, şəhər və kənd­lərin abadlaşdırılması istiqamətində müvafiq işlər kəmiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu baxımdan dövlət başçısının 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” məxsusi yerə və rola malikdir. Başqa sözlə, Dövlət Proqramı müasir Naxçıvanın yeni yüksəlişinin yol xəritəsini, inkişaf konsepsiyasını müəyyənləşdirir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” yeni mərhələdə müəyyən vəzifələrin reallaşdırılmasını, prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşmə mənbələrini, regionun sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə ehtiva edir. Bu sənəd, ümumilikdə, iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, sosial sektorun, insan kapitalının və infrastruktur təminatının inkişafı, elektrik enerjisi istehsalının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutur. Dövlət Proqramının icrası ilə yaxın gələcəkdə Naxçıvanın azad iqtisadi zonaya çevrilməsi, burada fəaliyyət göstərən şirkətlər üçün vergi və gömrük güzəştləri, daşıma və digər sahələrdə müvafiq stimullaşdırma tətbiq edilməsi əsas məqsədlərdəndir. Eyni zamanda “yaşıl enerji” potensialından istifadə, o cümlədən günəş və külək elektrik stansiyalarının inşası istiqamətində böyük layihələrin icrası da planlaşdırılıb.
Dövlət Proqramının icrası çərçivəsində yol infrastrukturunun yenidən qurulması, müasir yolların çəkilməsi məxsusi yerdə dayanır. Bu məqsədlə 2024-cü ildə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinin, Culfa şəhərdaxili, Culfa rayonu Darıdağ Arsenli Su Müalicə Mərkəzi və Naxçıvan şəhəri 6-cı küçənin avtomobil yolları əsaslı təmir edilib. Muxtar respublikanın 100 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə əlamətdar olan bir ildə ən mühüm tarixi-mədəni hadisələrdən biri, təbii ki, fevralın 21-də Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Ordubad Tarix-Memarlıq Qoruğunun ərazisinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilməsidir. Sərəncama uyğun olaraq qoruğun sərhədləri və mühafizə zonasının, qoruğun ərazisinin xüsusi rejimi ilə bağlı təkliflərin hazırlanması ilə əlaqədar komissiya yaradılıb, Ordubad şəhərinin yerquruluşu planı və şəhərin ünvan xəritəsi əsasında qoruğun sərhədləri 
2 400 693 kvadratmetr müəyyən edilib. Qoruğun mühafizə zonasının uzunluğu 9,79 kilometr, ərazisi 11,81 hektarda qərarlaşdırılıb. “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun mühafizə zonası ilə birlikdə ümumi sahəsi 2518710 kvadratmetr (251,87 hektar) təşkil edib. Eyni zamanda muxtar respublikada tarixi abidələrin mövcud vəziyyətini dəyərləndirmək üçün, həmçinin aparılacaq təmir-bərpa işləri ilə bağlı görüşlər keçirilib, fikir mübadilələri aparılıb. Dekabr ayında bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi, Möminə xatın türbəsinin bərpası və ərazinin abadlaşdırılması ilə bağlı layihələndirmə işlərinin aparılması məqsədilə müqavilə bağlanmış Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri Erich Pummer və şirkətin Azərbaycan Respublikasındakı nümayəndəsi Çingiz Neymanzadə ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində görüş keçirilib. Görüş zamanı abidənin restavrasiyasına dair müvafiq işlərin yerinə yetirilməsi, qədimliyin qorunub saxlanılması müzakirə edilib, türbənin ilkin formaya uyğun bərpa ediləcəyi və interyerinin tədqiqinə dair uyğun materialın müəyyənləşməli olduğu diqqətə çatdırılıb, bütün hallarda işin gedişi zamanı yerli alim və mütəxəssislərin də rəylərinin alınacağı vurğulanıb.
2024-cü ildə Dövlət Proqramının icrasına dair diqqətçəkən məqamlardan biri də Naxçıvan Dövlət Universitetində tibb təhsili üzrə peşəkar kadrların hazırlanması məqsədilə ölkəmizin ali təhsil sisteminin ən mütərəqqi layihəsi olan SABAH qrupunun yaradılmasıdır. Ali təhsil ocağının Tibb fakültəsinin maddi-texniki bazasının yüksək səviyyədə olması, fakültənin peşəkar professor-müəllim heyəti, universitet xəstəxanasının mövcudluğu, muxtar respublikanın bütün xəstəxanalarından tədris bazası kimi istifadə imkanları qısa zamanda Tibb ixtisasının SABAH qrupu ixtisasları içərisində ilk sıralarda qərarlaşmasına şərait yaradacaq. Həmin qruplarda təhsil alan tələbələr üçün yeni, mütərəqqi tədris metodlarının tətbiqi və onların tədqiqat üsullarının genişləndirilməsi sayəsində həm tədqiqatçı, həm araşdırmaçı, həm də yüksək­ixtisaslı tibbi kadrların yetişdirilməsinə nail olunacaq.
Başa vurmaqda olduğumuz ilin ən yaddaqalan hadisələrindən biri də ölkə Prezidenti cənab İlham Əliyevin dekabrın 5-də imzaladığı Fərmana əsasən Naxçıvanda Sənaye Parkının yaradılmasıdır. Yeni park sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infra­strukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi funksiyasını daşıyacaq. Fərmana uyğun olaraq parkın fəaliyyəti üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda 310 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Bu xüsusda onu da vurğulamaq yerinə düşər ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da muxtar respublikada Sənaye Parkının yaradılması ilə sənayeləşmənin inkişafına təkan verilməsi əsas məqsədlər sırasındadır. Proqramda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, muxtar respublikada Sənaye Parkı yaradılacaq, istehsal olunan sənaye məhsullarının xarici bazarlara ixracı stimullaşdırılacaq, ixrac potensialının artırılmasına töhfə verən rəqabətqabiliyyətli sənaye sahələrinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət-özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək. Əminliklə demək olar ki, Sənaye Parkının yaradılması ilə Naxçıvan Muxtar Respublikasında mövcud müəssisələrin istehsal potensialının artırılması, məhsulların həm ölkədaxili satışının dəstəklənməsi, həm də xarici bazarlara çıxışının artırılması prosesinə təkan veriləcək. Bununla yanaşı, mövcud olan təbii ehtiyatlar və xammal bazası əsasında yeni sənaye sahələrinin yaradılması imkanları genişləndiriləcək.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflər sırasında muxtar respublikanın “yaşıl enerji zonası” kimi mövcud potensialından istifadə və gələcəkdə “yaşıl enerji” ixracının təmin olunması da yer alıb. Proqrama əsasən alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, dövlət-özəl tərəfdaşlığı ilə yeni enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Bu xüsusda ölkə başçısının dekabrın 23-də Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncamı muxtar respublikanın enerji potensialı hesabına iqtisadi inkişafının gücləndirilməsi baxımından mühüm addımdır. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyevin “Şərq qapısı”na verdiyi açıqlamaya görə, yeni istilik elektrik stansiyasının tikilməsi muxtar respublikanın enerji sisteminin sabitliyinə, davamlılığına güclü təkan verəcək. Ən əsası isə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan enerji üçün balans rolunu oynayacaq. Bu da ciddi ixrac potensialının istifadə olunmasına ən böyük dəstəkdir. Ümumilikdə, onu vurğulamaq yerinə düşər ki, Dövlət Proqramında qarşıya qoyulan hədəf kimi, Naxçıvanın “yaşıl enerji” potensialının gücləndirilməsinin nəticəsidir ki, bu ilin yanvar-noyabr aylarında “yaşıl enerji” istehsalında, təxminən, 20 faiz artım əldə olunub. Belə ki, 2023-cü ilin 11 ayında 438 milyon kilovat-saat enerji istehsal edilmişdirsə 
(34 faiz), 2024-cü ilin müvafiq dövründə bu istehsal 449 milyon kilovat-saata yüksəlib (51 faiz).
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2024-cü illər üçün Dövlət Proqramı” üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulan Naxçıvan şəhəri, Şərur, Babək və Ordubad rayonlarında Vergi ödəyicilərinə xidmət mərkəzlərinin istifadəyə verilməsi məqsədilə 2023-cü ildən başlayaraq 4 xidmət mərkəzi vaxtından əvvəl qurularaq vergi ödəyicilərinin və vətəndaşların istifadəsinə verilib. Muxtar respublika iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev mətbuata açıqlama verərək bildirib ki, Təfsilatlı Tədbirlər Planına əsasən dövlət satınalmalarının vahid internet portalına inteqrasiyası, həmçinin Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində dövlət əmlakının reyestr proqram təminatı qurularaq inteqrasiya gerçəkləşdirilib. Dövlət Proqramında nəzərdə tutulmuş Şərur Sənaye Məhəlləsinin sənədləşdirmə işləri də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sifarişi ilə başa çatmaq üzrədir. 
Nazir müavini qeyd edib ki, ötən dövr ərzində kənd təsərrüfatı məhsullarının emalı üzrə müxtəlif təyinatlı müəssisələrin yaradılması təşviq edilib, 2024-cü ilin 11 ayı ərzində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına kənd təsərrüfatı yönümlü və emalı təyinatlı 56 layihəyə 3 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli Sərəncamı ilə 
“İnvest in Nakhchivan” veb-səhifəsinin hazırlanması nəzərdə tutulub. Bu məqsədlə 2024-cü ilin ötən dövrü ərzində tender elan olunub, qalib müəyyən edilmiş “GUYS” MMC ilə 9 min 390 manat məbləğində satınalma müqaviləsi bağlanılıb və veb-səhifənin hazırlanması istiqamətində işlər başa çatmaq üzrədir.
Ümumilikdə, Dövlət Proqramının icrası muxtar respublikanın sosial-iqtisadi mənzərəsində müsbət dəyişikliklərə yol açıb, iqtisadiyyatın və sosial sahələrin inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının artmasına, paralelində sərmaye kapitalının, maliyyə yatırımlarının çoxalmasına imkan verib. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 140 milyon 358 min 300 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricini 7,0 faiz üstələyib. İstifadə olunmuş vəsaitin 32 milyon 461 min 800 manatı və ya 23,1 faizi məhsul istehsalı sahələrinə, 29 milyon 233 min 300 manatı və ya 20,8 faizi xidmət sahələrinə, 78 milyon 663 min 200 manatı və ya 56,1 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala vəsait qoyuluşunun 116 milyon 27 min manatı və ya 82,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz çoxdur.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2024-cü illər üçün Dövlət Proqramı”nı diqqətlə nəzərdən keçirəndə aydın olur ki, bu mühüm dövlət sənədi muxtar respublikanın potensial imkanlarından səmərəli istifadə edilərək inkişafının təmin olunması baxımından vacib istiqamətləndirici mayak, fundamental hüquqi bazadır. Əminliklə demək olar ki, 2024-cü ildə Dövlət Proqramına əsasən qeyd edilən bu və digər tədbirlərin icrası, eləcə də 2025-ci ildə reallaşdırılması nəzərdə tutulan yeni layihələr Naxçıvanın müasir sosial-iqtisadi inkişafında, mədəni yüksəlişində müstəsna əhəmiyyət daşıyacaq. 

Nail ƏSGƏROV

Nəşr edilib : 01.01.2025 17:00