NAXÇIVAN :

22 May 2025, Cümə axşamı

Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

...

Mayın 21-də Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransa Azərbaycan və Türkiyədən 250-ə yaxın iştirakçı, o cümlədən Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, dövlət qurumlarının nümayəndələri, universitet rektorları, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri qatılıb.
Tədbir Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın və Türkiyənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Daha sonra Qərbi Azərbaycan həqiqətləri və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı Qərbi Azərbaycan Televiziyası tərəfindən hazırlanan film nümayiş etdirilib.
Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konfrans iştirakçılarına müraciətini oxuyub. O, Türkiyədə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, konfransın işinə uğurlar arzulayıb.
Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, TBMM-nin üzvü Efkan Ala Qərbi Azərbaycanla bağlı Türkiyədə ilk belə konfransın keçirilməsinin tarixi əhəmiyyətindən danışıb.
Konfrans işini panel müzakirələrlə davam etdirib.
Qərbi Azərbaycanın tarixindən bəhs edən birinci panel türkiyəli tarixçi, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru Prof. Dr. Kamal Çiçəyin moderatorluğu ilə baş tutub. Paneldə tanınmış tarixçi professorlar İlbər Ortaylı, Aygün Attar, Tufan Gündüz, Okan Yeşilot və İbrahim Ethem Atnur çıxış ediblər.
TBMM-in Qadınlar və kişilər arasında imkan bərabərliyi komissiyasının sədri Çiğdem Erdoğanın moderatorluğu ilə keçirilən “Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” mövzusunda ikinci paneldə TBMM-in komissiya sədrləri Vedat Bilgin və Derya Yanık, TBMM-in üzvü Zeynep Yıldız, professorlar Cavid Abdullazadə, Yaşar Sarı və Muharrem Kılıç çıxış ediblər.
Panellərdən sonra iştirakçılara təşəkkürnamələr təqdim edilib.
Konfransın bağlanış sessiyasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov, TBMM-in üzvü, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Zafer Sırakaya, Milli Məclisin deputatı, “Azərbaycan-Türkiyə Evi” İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı və TBMM-in üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım çıxış ediblər.
Daha sonra iştirakçılar adından konfransın yekun sənədi qəbul edilib.
Sənəddə XX əsrin müxtəlif mərhələlərində Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar sistemli etnik təmizləməyə məruz qalaraq doğma yurdlarından zorla çıxarıldıqları, bu proses nəticəsində yüz minlərlə Qərbi azərbaycanlının qaçqın vəziyyətinə düşdüyü, onların mədəni irsinin məhv edildiyi vurğulanıb. Bildirilib ki, bu faciəvi hadisələr regionun mədəni müxtəlifliyinə və tarixi yaddaşına ciddi zərbə vurub və -hazırda həll edilməmiş ədalətsizlik kimi qalmaqdadır.
Qeyd olunub ki, Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı tarixi ədalətsizliyin aradan qaldırılmasını təmin etməklə yanaşı, Cənubi Qafqazda sabitlik və barışıq üçün mühüm addımdır. Qərbi Azərbaycanda dağıdılmış məscidlərin və digər mədəni abidələrin bərpası, qorunması regional sülh və birgəyaşayışın möhkəmləndirilməsi üçün vacibdir. Mədəni müxtəliflik və barışığa xidmət edən bu işdə beynəlxalq təşkilatların yaxından iştirakı zəruridir.
Sənəddə, həmçinin Ermənistan hökuməti Qərbi azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını qeyd-şərtsiz təmin etməyə və bunun üçün beynəlxalq hüquqa uyğun real addımlar atmağa çağırılıb. Diqqətə çatdırılıb ki, Ermənistan qayıdışı təmin etmək məqsədilə Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoq başlamalı, azərbaycanlıların mədəni irsinin qorumaq və bərpa etmək üçün UNESCO-nun və digər müvafiq qurumların monitorinq missiyalarına icazə verilməli və Qərbi azərbaycanlıların mülkiyyət hüquqlarını təmin etməlidir.
Tədbir iştirakçıları Prezident İlham Əliyevin Qərbi Azərbaycana sülh yolu ilə qayıdış məsələsində liderliyini, beynəlxalq hüququn aliliyinə sadiqliyini və ədalətin bərpasına yönəlmiş səylərini yüksək qiymətləndirib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın haqq-ədalətə, sülh və barışığa möhkəm dəstəyini alqışlayıblar.
Sonda xatirə şəkli çəkdirilib.

Nəşr edilib : 21.05.2025 20:24