NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Tarixi gerçəklik, beynəlxalq hüquq: Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır

...

Bu gün Avropa ilə Asiya arasında ticarət əlaqələrinin gücləndirilməsinə əhəmiyyətli töhfələr verən, Avrasiyanın nəqliyyat xəritəsində önəmli paya malik Azərbaycan yaratdığı reallıqlar fonunda beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsində həlledici aktora çevrilib. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində coğrafi cəhətdən əsas mərkəz rolu oynayan ölkəmizin bu üstünlüyünün strateji nöqteyi-nəzərdən möhkəmlənməsi həm də aparılan intellektual, məharətli diplomatiya, məqsədyönlü siyasət nəticəsində zamanında atılmış mütərəqqi addımların nəticəsidir...

Günümüzün gerçəkliyi göstərir ki, hər hansı ölkənin tarixən əlverişli coğrafiyada yerləşməsi, təbii ehtiyatlarının çoxluğu heç də onun iqtisadi, siyasi cəhətdən qüdrətlənəcəyi anlamına gəlmir. Dünyada varlı olub müstəmləkə şəraitində yaşayan kifayət qədər xalqlar, dövlətlər vardır. Ancaq Azərbaycan o ölkələrdəndir ki, uçurumun kənarına yuvarlanan, yoxsul respublikadan dünyanın inkişaf etmiş ölkələri ilə fəal iqtisadi münasibətlər quran, regional və beynəlxalq səviyyədə sözünü deməyə, təsirini göstərməyə müvəffəq olan,  müstəqil siyasət yürüdən respublikaya çevrilməyi bacarıb. Təkcə bir fakta diqqəti çəkmək yetərlidir ki, son 30 ilə yaxındır, davam edən siyasi yolun, iqtisadi tərəqqinin Azərbaycanı necə müqayisə edilməz səviyyəyə qaldırdığı aydın olsun. Belə ki, reallaşdırılan beynəlxalq əhəmiyyətli iqtisadi, ticari əməkdaşlıqların, icra olunan layihələrin nəticəsidir ki, bu gün ölkəmizin xarici borcu ümumi daxili məhsulumuzun cəmi 7,2 faizini təşkil edir. Bəli, cəmi 7,2 faiz. Halbuki əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur. Prezident cənab İlham Əliyev də respublikamızın qısa zamanda əldə etdiyi bu böyük nailiyyəti yüksək qiymətləndirərək qazanılan uğurun analoqu olmadığını vurğulayıb: “Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Yəni əgər kimsə mənə ikinci belə ölkə, – söhbət inkişaf etmiş ölkələrdən gedir, – göstərsə, əgər kimsə bu rəqəmlər toplusunu təqdim edə bilsə, mən, əlbəttə ki, minnətdar ola bilərəm. Amma inkişaf etmiş ölkələr sırasında belə analoqlar yoxdur. Yəni bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur”.

Azərbaycanın heç bir ölkədən maliyyə cəhətdən asılı olmadan əmin addımlarla irəliləməsi, təbii ki, aparılan uğurlu daxili və xarici iqtisadi siyasətin bəhrələridir ki, bu bəhrələrin təməlində əvvəldə də qeyd etdiyimiz kimi, nəqliyyat qovşağı funksiyasından düzgün, səmərəli istifadə dayanır. Son 20 il ərzində müasir avtomobil yolu, dəmir yolu infrastukturlarının qurulması, yeni metrostansiyaların, hava və dəniz limanlarının tikilməsi, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, Ələt limanının yük daşıma qabiliyyətinin artırılması çoxalan tələbatın qarşılanmasına mühüm töhfələr verib. Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı Prezident cənab İlham Əliyev bütün bu və digər məsələlərə toxundu, həllivacib işləri diqqətə çatdırdı, qarşıdakı hədəfləri müəyyənləşdirdi. Sitat: “Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə Dövlət Proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik”.

Müşavirədə diqqətə çəkilən mühüm nəqliyyat məsələlərindən biri də Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqlar timsalında Zəngəzur dəhlizinin yaradılması və Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər ərazisi ilə əlaqəsinin təmin edilməsidir. Bu xüsusda onu təəssüf hissi ilə qeyd etməliyik ki, işğalçı Ermənistan 44 günlük savaşın sonunda biabırçı məğlubiyyəti rəsmləşdirən 10 noyabr üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Beynəlxalq arenada özünə yer edə bilməyib, hey aşağı-yuxarı vurnuxan, yeri gələndə Rusiyanın əlinə-ayağına düşən, yalvarışlar edən hayların xunta rejimi Şimaldan əvvəlki nəvazişi ala bilmədiyində dərhal Qərbə meyillənməsi ilə siyasət meydanının “sürüşkən fiquru” adını gün ötdükcə daha bariz şəkildə doğruldur. Görünən odur ki, Fransanın çirkin siyasi oyununa alət olmağı özünə fəxarət hesab edən, düşdüyü rəzil durumdan çıxış yolunu uzaq sahillərdə axtaran qarşı tərəf nə tarixi gerçəklikdən, nə də son 5 ildə baş verənlərdən dərs çıxarmaq niyyətindədir.

Müxtəlif bəhanələrlə vaxt uzatmaq, bölgədə münaqişə yaratmaq istəyi bu bədnam qonşumuzu günü-gündən daha da dalana dirəyir və Azərbaycan olmadan heç bir təşəbbüsünün nəticə verməyəcəyi həqiqətini ortaya çıxarır. Qalib ölkə başçısının da dediyi kimi: “Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur”. Bəli, onun-bunun fikri ilə oturub-duran, özgə kölgəsində daldalanan, məğlub Paşinyandan fərqli olaraq sözü, imzası bir olan qalib Prezident cənab İlham Əliyev 2003-cü ildən bəri hər zaman, o cümlədən də 2020-ci ildən sonra irəli sürdüyü ideyanın, təşəbbüsün arxasında sona qədər dayanıb. Zəngəzur dəhlizi məsələsində də prinsip dəyişilməzdir. Azərbaycanın digər bölgəsi ilə Naxçıvanın əlaqəsi olmalıdır və olacaqdır. Bu məsələdə heç bir qəribəlik yoxdur, dövlətimizin qoyduğu şərt tarixi reallığa, tarixi həqiqətə, beynəlxalq hüquqa söykənir.

Qərbi Zəngəzur Azərbaycan torpağı olub, sovet hakimiyyətinin xalqımıza qarşı cinayətinin nəticəsi kimi 1920-ci ilin noyabrında heç bir hüquqa, ədalətə sığmayan şəkildə alınaraq Ermənistana hədiyyə edilib. XX əsrdə, ondan qabaq xalqımıza qarşı dəfələrlə soyqırımlar, faciələr törədən qansız rejimin başıpozuq nümayəndələrindən fərqli olaraq respublikamızın son 30 ilə yaxın davam edən siyasətinə hansısa ədalətsiz qərar çıxarmaq, günahsızın canına qıymaq deyilən bir anlayış yaddır. Bunun ən gözəl nümunəsini 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri və bu əməliyyatın nəticələrinə uyğun keçmiş qondarma rejimin “başbilən”lərinin hazırda davam edən məhkəmə prosesi bir daha ortaya qoyur. Ölkə Prezidentinin nəqliyyat müşavirəsində də qəti şəkildə qeyd etdiyi kimi, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir...

Ümumiyyətlə, ölkə başçımızın Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı hər zaman bütün beynəlxalq arenalardan, siyasi platformalardan səsləndirdiyi fikirlər, irəli sürdüyü təşəbbüslər bir amala xidmət edir: tarixi reallıq, beynəlxalq hüquq və ədalətə. Son 5 ilə yaxın zaman çərçivəsində yaranan yeni gerçəklik Prezident cənab İlham Əliyevin bu münasibətlər zəminindəki ideyasının, mövqeyinin alternativi olmadığını sübut etdi və əminik ki, yaxın gələcəkdə Naxçıvanın ölkəmizin əsas hissəsinə birləşməsi ilə tarixi ədalət öz yerini tapacaq... Əks təqdirdə Ermənistanın irəli sürdüyü heç bir təşəbbüsün, heç bir layihənin rellaşması Azərbaycanın razılığı olmadan mümkün deyil, əsassızdır, nəticəsizdir. “Siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni, doğrudan da, həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir” sitatın sonu...

Nail ƏSGƏROV

Nəşr edilib : 30.01.2025 16:04