Prezident və birinci xanımın Ağdərəyə səfərinin gö...
23:15 18.03.2025
0
0
0
NAXÇIVAN :
19 Mart 2025, Çərşənbə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin XII Qlobal Bakı Forumunda vurğuladığı məqamlar, ölkəmizin son illərdə qazandığı uğurların mahiyyətini və bu uğurların dayandığı əsas dəyərləri bir daha aydın şəkildə nümayiş etdirdi. Prezidentin çıxışından aydın olur ki, Azərbaycan bu gün qlobal səviyyədə təhlükəsizliyi, sabitliyi və dayanıqlı inkişafa əsaslanan tərəfdaşlığı təşviq edən aparıcı dövlətlərdən biri kimi çıxış edir. Ölkəmizin artan nüfuzu isə, hər şeydən əvvəl, onun dövlət müstəqilliyinə və milli suverenliyinə söykənərək müasir çağırışlara adekvat reaksiya verməsi ilə bağlıdır.
Bu il “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur və bu heç də təsadüfi deyil. Öz suveren dövlətçilik modelini formalaşdıran, ardıcıl şəkildə gücləndirən Azərbaycan, Prezident İlham Əliyevin liderliyi altında, nəinki regionun, həm də geniş qlobal coğrafiyanın irimiqyaslı proseslərində fəal iştirakını təmin etmişdir. Suverenlik burada təkcə “müstəqil qərar qəbul etmək” anlamında deyil, daha geniş mənada dövlətin sosial-iqtisadi siyasətindən tutmuş xarici əlaqələrin müstəqil şəkildə qurulmasına, azad seçim imkanı yaradan daxili islahatlardan tutmuş beynəlxalq təşəbbüslərə qədər hər sahədə özünü göstərir.
Ölkəmiz suverenliyinə əsaslanaraq məhz milli maraqlarını bəyan edən və qoruyan siyasi xətt yürütməklə qlobal müstəvidə etibarlı tərəfdaş imicinə nail olub. Beynəlxalq hüquq normalarına əsaslanan bu kurs Azərbaycanın təkcə öz milli təhlükəsizliyini təmin etməklə kifayətlənmədiyini, eyni zamanda çoxşaxəli əməkdaşlıq imkanlarını da genişləndirdiyini sübuta yetirir. Dünyanın mövcud geosiyasi mənzərəsində bəzən qarşıdurmanın kəskinləşdiyi, sülhün isə kövrək olduğu hallarda Azərbaycanın sabitliyi və dialoqu təşviq etməsi, ən müxtəlif siyasi platformalarda qeyd olunur və rəğbətlə qarşılanır.
Möhkəm suveren bazaya söykənən bu siyasət, əlbəttə, özünün ən bariz ifadəsini Qarabağ münaqişəsinin həlli prosesində tapdı. BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qərarlarını Azərbaycan məhz suveren hüquqlarını reallığa çevirməklə icra etdi və bununla həm regionda ədaləti bərpa etdi, həm də sülhün əsl mahiyyətini göstərdi.
Bu gün Azərbaycan post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə misli görünməmiş bərpa-quruculuq işləri aparır. Şəhər və kəndlərimiz yenidən inşa olunur, tarixi-dini abidələrimiz öz əvvəlki görkəminə qaytarılır, yollar, enerji və su infrastrukturu bərpa edilir. Uzun illər ərzində dağıntılara məruz qalan, yaşayışı mümkün olmayan torpaqlarımıza indi yeni həyat qayıdır. Bu proses öz miqyasına görə təkcə Azərbaycanın daxili məsələsi olmamaqla regionun gələcək sabitliyi və inkişafı baxımından müstəsna əhəmiyyət daşıyır. Çünki qayıdış layihələri həm sosial-iqtisadi canlanmanın formalaşmasına, həm də sülh naminə inteqrasiya imkanlarının genişlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışında vurğuladığı “Azərbaycan suveren və müstəqil dövlət kimi öz yolunu müəyyən edir” fikri, gerçək mənada, ölkəmizin yerli və beynəlxalq arenada qazandığı nailiyyətlərin əsas açarıdır. Əgər biz xalq olaraq suverenliyimizə etibar ediriksə, bütün sahələrdə müstəqil mövqe sərgiləyə biliriksə, onda bu gün şahidi olduğumuz inkişaf, diplomatik uğurlar və iqtisadi yüksəliş də bir o qədər sabit və dayanıqlı olur. Beynəlxalq forumlar çərçivəsində səsləndirilən əsas tezislər də məhz bu həqiqətin təsdiqidir: Azərbaycan öz suverenliyindən qaynaqlanan potensialını regionun və dünyanın sabitliyi üçün faydalı əməkdaşlığa yönəldə bilir.
“Konstitusiya və Suverenlik İli”nin əsas hədəfi də odur ki, dövlətimizin bu xəttini, yəni milli və müstəqil fəaliyyət potensialını daha da möhkəmləndirsin, dərinləşdirsin. Buraya həm qanunvericilik sahəsində atılan addımlar, həm iqtisadi və sosial proqramların reallaşdırılması, həm də xalqımızın tarixi irsinin qorunması və dünyaya tanıdılması daxildir. Eyni zamanda Prezident İlham Əliyevin tez-tez vurğuladığı “Sülh və sabitlik bölgənin bütün dövlətlərinin inkişafına kömək edir” çağırışı bilavasitə suveren siyasətin yalnız Azərbaycan üçün deyil, bütün qonşularımız üçün də müsbət təsirlər daşıdığını göstərir.
Nəticə etibarilə, suverenlik, elə bir hərəkətverici qüvvədir ki, Azərbaycanı dünyada söz sahibinə, Cənubi Qafqazın ən önəmli regional gücünə çevirib. Bu il ərzində suverenliyə dair keçirilən tədbirlər, aparılan maarifləndirici işlər və qəbul olunan konseptual qərarlar, heç şübhəsiz, həm ölkə daxilində milli birliyin, həm də xaricdə nüfuzumuzun daha da artmasına səbəb olacaq. Beynəlxalq təşkilatlar və dövlətlər qarşısında açıq şəkildə sübut edirik ki, münaqişələrin həlli də, dayanıqlı sülhün qurulması da ancaq suverenlik prinsipinə hörmət və milli maraqlara əsaslanan əməkdaşlıq sayəsində mümkündür.
“Suverenlik Konstitusiya və İli” təkcə siyasi sənədlərdə göstərilən niyyət bəyanatı deyil, həm də ölkəmizin Vətən müharibəsindən sonrakı yeni reallıqları, dayanıqlı inkişaf modeli və Cənubi Qafqazda sülhə əsaslanan təşəbbüslərini əks etdirən konsepsiyadır. Bu konsepsiyanın gerçəkləşməsi Azərbaycana möhkəm zəmin hazırlayacaq, milli maraqlarımızı əminliklə müdafiə etməyimizə, beynəlxalq əməkdaşlıq imkanlarımızın daha da genişlənməsinə və ölkə daxilində vətəndaş rifahının yüksəlməsinə səbəb olacaq.
Əli ABBASOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər