NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Suveren Azərbaycan uğrunda şanlı tarix: Azərbaycan Ordusu müstəqil dövlətçiliyimizin və ərazi bütövlüyümüzün qarantıdır

...

XX əsr məşhur Azərbaycan kinematoqrafiya nümunələrindən biri olan “Babək” filmində Babəkin dilindən səslənən məşhur bir fraza vardır: “Azadlıq!!! İstər acı olsun, istər şirin... Bu dünyada bircə gün azad yaşamaq qırx il boyunduruq altında sürünməkdən daha üstündür”. Dövrün məşhur sərkərdəsi Babəkin oğlu Buğdayla dialoqu bu xalqın Vətən eşqinin, müstəqillik arzusunun ifadəsi idi. Millət olaraq damarlarımızda axan, qanımızda, canımızda dövr edən sonsuz sevginin hər daim həyat qaynağıdır.

Xülasə, yazıma əbəs yerə bu sitatla başlamadım. Deyirlər, Vətən sərhəddən başlayır. Vətəni göz bəbəyi kimi qorumaq, uğrunda qan tökmək, can vermək amalı onu sevən hər bir vətəndaşın, şübhəsiz ki, ən ümdə vəzifəsidir. Vətənə, yurda, doğma torpağa bağlılıq öz soykökümüzə, suverenliyin və müstəqilliyin müqəddəs rəmzi olan şanlı bayrağımıza, qədim tariximizə, o cümlədən milli-mənəvi dəyərlərimizə bağlılıqdır. Ulu Öndər Heydər Əliyev Vətən sevgisinin mahiyyətini və əhəmiyyətini böyük uzaqgörənliklə ön plana çəkərək demişdir: “Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlərboyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu, şərəfli yoldur. Bu, şərəfli vəzifədir”

Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı

Əminliklə demək olar ki, vətənpərvər şair və publisist Məmməd Arazın bu misraları aktuallıq baxımından vətəndaşlıq konsepsiyasının bütün sahələrini bu gün də özündə ehtiva etməkdədir. Azərbaycan Respublikasının ali qanunvericilik aktı olan Konstitusiyamızın 2-ci maddəsində də təsbit olunduğu kimi, sərbəst və müstəqil öz müqəddəratını həll etmək Azərbaycan xalqının suveren hüququdur. Əbədi, əzəli Azərbaycan torpaqlarında özlərini aborigen xalq kimi göstərməyə çalışan Ermənistanın Azərbaycana qarşı əsassız ərazi, torpaq iddiası və bu iddianı reallaşdırmaq niyyəti özünü bu ölkənin “vətən daşı” bilənləri Vətənin müdafiəsinə qalxmağa, hər bir qarışı uğrunda can verməyə, qan tökməyə vadar edib. Qədim tarixin məşəqqətli və mürəkkəb zaman kəsiyindən, o cümlədən taleyüklü sınaqlarından üzüağ çıxan Azərbaycan xalqı Aprel döyüşlərindən, Günnütdən başlanan şərəfli yolu, 44 günlük müharibə ilə yazılan zəfər salnaməsini, uğurlu antiterror əməliyyatını hər daim böyük qürur və iftixar hissi ilə qeyd etməkdədir.

Zamanın fövqü - şərəfli missiya

Türk dünyasının məşhur alimi Əbu Turxanın müdrik bir kəlamı var: “Böyük adamların ömrü onların ideyalarının ömrü ilə ölçülür”. İdeya əbədi olanda, şübhəsiz ki, şəxsiyyət də əbədiyyətə qovuşur. Bu xüsusda ən vacib məqam isə ideya sahiblərinin yarım qalan arzularının reallığa çevrilməsidir.

Bu gün Ulu Öndər Heydər Əliyev siyasətini bütün parametrlər üzrə böyük siyasi iradə və qətiyyətlə davam etdirən ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ordu quruculuğunun da inkişafına böyük töhfə verməkdədir. Etiraf etmək lazımdır ki, 107 illik tarixində çətin, mürəkkəb, o cümlədən şərəfli bir yol keçən Azərbaycan Ordusu tarixinin heç bir mərhələsində bu qədər inkişaf etməyib. Təsadüfi deyil ki, müstəqil Azərbaycanda ordu quruculuğu prosesinin sürətli inkişafı və davamlı olaraq təkmilləşdirilməsi ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoyub. Dahi Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ali diqqət və xüsusi qayğısı sayəsində ordumuzun döyüş hazırlığı və psixoloji səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığının artırılaraq maddi-texniki bazanın inkişaf etdirilməsi xüsusilə diqqətdə saxlanılmış, qabaqcıl üsullarla təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, habelə şəxsi heyətin müxtəlif ölkələrdə döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi nəticəsində böyük uğurlara nail olunmuşdur. Nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusunun Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında yer alması, bu mənada, təsadüfi xarakter daşımır. Dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir” fikri də bu faktı bir daha təsdiq edir.

Təlim əsgərin akademiyasıdır

Türk dünyasının dövlət xadimi və böyük sərkərdə Mustafa Kamal Atatürk təlimlərin peşəkarlığın artırılmasını daha da stimullaşdırdığını, o cümlədən mütəmadi olaraq keçirilməsini yüksək dəyərləndirərək deyib: “Təlimdə tər, döyüşdə zəfər!”

Təcrübə və təlimsiz döyüş hazırlığını təsəvvür etmək mümkün deyil. Məlumdur ki, hərbi təlimlər döyüş əməliyyatları planlarının hazırlanması, peşəkarlıq səviyyəsinin daha da artırılması, həmçinin birgə tapşırıqları icra etmək vərdişlərinin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan da ötən dövrlər ərzində hərb sahəsində ixtisaslaşmış qabaqcıl ölkələrlə birgə “Təlimdə tər, meydanda zəfər!” prinsipinə uyğun olaraq müxtəlif miqyaslı təlimlər uğurla reallaşdırılıb. Xüsusilə qeyd olunmalıdır ki, düşməni vahiməyə salan “Sarsılmaz qardaşlıq”, “Üç Qardaş”, “Altın Kıran - 2024”, “EFES - 2024”, “NATO - Georgia 2025”, “Anatolian Phoenix - 2025” kimi çoxsaylı şəxsi heyətin cəlb edildiyi təlimlərdə ən müasir hərbi texnikanın döyüş şəraitində effektiv tətbiqi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və bu kimi digər tapşırıqlar müvəffəqiyyətlə icra edilib. Bu da istənilən terror və təxribatlarla üzləşən ölkəmizin təhlükəsizliyi, ordunun döyüş hazırlığının qorunub saxlanılması, çevikliyinin təmin edilməsi, sayıqlığının və peşəkarlığının artırılması baxımından olduqca önəmlidir.

1 yaşlı körpəyə 1 tonluq ballistik raket atan işğalçı ölkə üzərində BÖYÜK QƏLƏBƏ

Milli və dövlətçilik maraqlarımız rəhbər tutulmaqla nümayiş etdirilən siyasi-diplomatik iradə, qətiyyətli mövqe, eləcə də müəyyənləşdirdilən düzgün strategiya və yol xəritəsi şanlı Aprel Zəfərini, tarixi Günnüt Qələbəsini yenidən təkrarlamağa hər an hazır olduğumuzun, işğalla, işğalçıyla heç bir vəclə barışmayacağımızın əyani təzahürü idi. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi yoldan istifadə edə bilər və hər bir dövlətin də özünümüdafiə hüququ var. Həmçinin Konstitusiyamızda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi üçün Silahlı Qüvvələr yaradıb. Bu baxımdan, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənin davamlı təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlaması, mahiyyət etibarilə qısa zaman ərzində tarixi ədaləti bərpa etməsi və doğma torpaqlarımızı işğalçılardan xilas etməyə müvəffəq olması sadalanan faktları bir daha təsdiq etdi. Beynəlxalq hərbi ekspertlər etiraf edirlər ki, Azərbaycan Ordusunun mahiyyətcə “Daha az itki ilə daha böyük uğur” strategiyası əsasında apardığı müharibə dünya hərb tarixində hazırda çox ciddi təhlil olunur. Bu böyük Zəfər Azərbaycana ötən əsrin sonlarına yaxın itirdiyi torpaqları geri qaytarmaqla yanaşı, eyni zamanda 30 ilə yaxındır, ölkədaxili məcburi miqrasiyanın əsas subyektini təşkil edən, vaxtilə öz dədə-baba yurdlarından zorla didərgin salınan məcburi köçkünlərimizin də doğma yurdlarına yenidən qayıtmasına zəmin yaratdı.

Ermənistanın keçmiş prezidentinin (ölkəmizə qarşı işğalçılıq və talançılıq siyasətinin müəlliflərindən biri) “Hələ də başa düşə bilmirik ki, Azərbaycan Ordusu Şuşanı topsuz- tüfəngsiz necə ələ keçirdi? Cəbrayıldan piyada daxil olub Hadrutdan çıxdılar, oradan Füzuliyə keçdilər, Füzulidən bütün Əsgəranın alt bölgəsi və ətraf kəndlərini ələ keçirdilər. Bir an belə dayanmadılar və heç yerdə müqavimət göstərə bilmədik. Şuşaya daxil olmaları isə möcüzə kimidir”, NATO generallarının isə “Şuşa əməliyyatı hərb tarixində tamamilə yeni bir dönəmdir. Ermənilərin əsas hərbi qüvvəsi Şuşada idi və Azərbaycan Ordusu kiçik bir qüvvə ilə 6-7 min erməni hərbçisini tərk-silah edib, hərb tarixinə düşəsi hadisə yaratdılar” fikirləri bu faktların məhz əyani təzahürüdür. Müzəffər Ali Baş Komandanın da dediyi kimi: “Şuşasız bizim işimiz yarımçıq qalar...”

Məhz 2020-ci ildə Rusiyanın məşhur “Vedomosti” nəşrinin altı nominasiya üzrə illik xüsusi layihəsinin nəticələrinə əsasən ölkə Prezidenti cənab İlham Əliyevin nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilməsi də, bu mənada, başa düşüləndir.

Cəbhədə uğur qazanan dövlətin informasiya savaşında da qalib gəlməsi labüddür

Ötən əsrin ikinci yarısından başlayaraq informasiya müharibəsi dövlətlər arasında siyasi və hərbi müstəvidə formaca yeni mərhələyə qədəm qoyub. Müharibə və münaqişələrdə özünü bir qüvvə kimi büruzə verən informasiya, əslində, hədəfi dəqiq nişan alan güclü silahdır. Mövzuya həm də bu prizmadan yanaşaraq ölkəmiz bu gün müasir dövrün yeni çağırış və tələblərinə adekvat cavab verir, o cümlədən bütün istiqamətlər üzrə məlumatlılıq səviyyəsinin artırılması, informasiyanın ictimaiyyətə  dəqiq və dolğun çatdırılması sahəsində fəal dövlət siyasəti yürüdür.

Sirr deyil ki, bir sıra yönləri ilə diqqətçəkən informasiya savaşı cəbhə xəttində aparılan hərbi əməliyyatlardan heç də geridə qalmır. Tarixin uzun müddətindən bu günədək yalana həqiqət donu geyindirməyə çalışan Ermənistan bu müddət ərzində böyük məkrlə dünya ictimaiyyətini aldatmağa cəhd göstərib. Lakin Azərbaycan dövləti 44 günlük Vətən savaşını nəinki döyüş meydanında, eyni zamanda informasiya cəbhəsində apararaq işğalçı ölkənin Azərbaycana qarşı qərəzli informasiya mühiti yaratmaq xülyasını puça uğratdı. Müzəffər Ali Baş Komandanın həmin dövr ərzində Azərbaycanın haqlı mövqeyinin sistemli şəkildə daha geniş auditoriyaya çatdırılması, düzgün və obyektiv işıqlandırılması məqsədilə 30-a yaxın xarici kütləvi informasiya vasitələrinə müsahibə verib. Ən mühüm nüanslardan biri isə odur ki, dövlət başçısının müsahibələri həm də erməni maraqlarına xidmət edən kütləvi informasiya vasitələrinə tutarlı cavab idi.

Xüsusilə vurğulanmalıdr ki, bütün döyüş əməliyyatı ərəfələrində ölkə medisanın da üzərinə böyük məsuliyyət yükü düşüb. Belə ki, qələmi ilə xalqına hər daim xidmət edən jurnalistlərimiz müasir texnoloji vasitələrdən istifadə etməklə ictimaiyyətə mütəmadi olaraq operativ və dolğun məlumatlar çatdırmış, cəmiyyətin informasiya tələbatını tam ödəmiş, eləcə də informasiya savaşının yenilməz əsgərinə çevrilmişdirlər. Tanınmış professor Qulu Məhərrəmlinin dediyi kimi: “Müasir texnoloji vasitələr mürəkkəb və çox dəqiq işlənmiş informasiya müharibəsi aparmağa imkan verir. Yalnız bu vasitələrə mükəmməl yiyələnmiş dövlətlər onları çevik təbliğat texnologiyaları ilə birləşdirərək uğurlu informasiya müharibəsi apara, özlərini hər cür psixoloji hücumlardan müdafiə edə və milli təhlükəsizliklərini qoruya bilərlər”.

Xüsusilə qeyd edilməlidir ki, müzəffər Ordumuzun tarixi Qələbəsi ilə nəticələnən 44 günlük müharibədə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da öz vəzifə borclarını şərəflə, ləyaqətlə və peşəkarlıqla yerinə yetirərək işğal altında olan rayonlarımızın, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı - Şuşanın azad olunmasında müstəsna rol oynayıblar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

Tariximizin ən böyük nailiyyəti: xalq-dövlət-ordu birliyi

Əminliklə demək olar ki, müasir, müstəqil Azərbaycan Respublikasının təhlükəsizlik prioritetlərinin əsas düsturlarından biri, bəlkə də, birincisi xalq-lider-ordu vəhdəti, xalqın öz liderinə yüksək etimadı, həmçinin inam yeri olan orduya isə mənəvi dəstəyi idi. Yaşından, cinsindən asılı olmayaraq “dəmir yumruq” kimi həmrəylik nümayiş etdirən Azərbaycan xalqı tarixin hər bir dönəmində dövlətinin, ordusunun yanında olmaqla vətəndaşlıq missiyasını layiqincə yerinə yetirib. Təsadüfi deyil ki, Konstitusiyamızda da vurğulandığı kimi, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı təntənli surətdə bəyan edib.

Əzəli və əbədi torpaqlarımızın işğaldan azad olunması, şanlı bayrağımızın bütöv Azərbaycanda dalğalanması naminə minlərlə can qurban oldu, hər bir insanın yüksəlmək istədiyi şəhidlik zirvəsi fəth edildi. Əminliklə demək olar ki, ölümün gözünə dik baxan qəhrəmanlarımızın sonsuz Vətən sevgisi gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində böyük bir məktəb rolunu oynayır. Onların əbədiyyətə qovuşması, bu şərəfli amal uğrunda sağlamlıqlarını itirməsi həm də arxalanıb, güvəndikləri dövlətin möhkəmlənməsi, qüdrətlənməsi deməkdir.

Tanınmış fransız ictimai xadim Qabriel Mirabonun deyib ki, “Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”. Bu xüsusda Azərbaycanın sülh çağırışlarına adekvat reaksiya verməyən, eyni zamanda davamlı hərbi təxribatlar törətməklə xalqın səbrini sınağa çəkən Ermənsitan və qanunsuz silahlı birləşmələrinə qarşı antiterror əməliyyatı başlanıldı. Müzəffər Ordumuzun Qarabağda 24 saat ərzində keçirdiyi antiterror tədbirləri nəticəsində respublikamızın suverenliyi tam təmin olundu, o cümlədən işğalçı rejim dövlətimizin tələblərini qəbul edərək tərk-silah olunmağa məcbur edildi.

Qeyd olunmalıdır ki, Azərbaycanın sülh təşəbbüsləri, xüsusilə postmüharibə dövründə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipi əsasında irəli sürülən sülh təşəbbüsü regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Cənab Prezidentin hər zaman vurğuladığı kimi, Azərbaycan qalib ölkə olaraq regionda davamlı sülhün tərəfdarıdır və revanşizmin qarşısını almaq üçün qətiyyətli siyasət yürüdür.

Ölkə Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı mövzunun əhəmiyyətini ön plana çəkərək demişdir: “...Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi”.

Bu gün böyük sevinc və coşqu ilə qeyd olunan “Konstitusiya və Suverenlik İli”ndə xalqımızın milli maraqları rəhbər tutulur, mövcud reallıqlar kontekstində müstəqil siyasətimiz daha da cəsarət və prinsipiallıqla davam etdirilir, eyni zamanda Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflər qətiyyətlə icra olunur.

Arif BAYRAMOV

Yazı “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: “Konstitusiya və Suverenlik İli”nin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə

təqdim edilir

Nəşr edilib : 17.10.2025 16:14