Naxçıvan şəhərinin əksər ərazilərinə suyun veriliş...
22:57 09.01.2025
0
0
0
NAXÇIVAN :
09 Yanvar 2025, Cümə axşamı
Müasirlərinin yazdığına görə, topasaqqal sağlam, ötkəm kimi idi, Cavad xan...
Mahnılı, muğamlı, musiqili məclislərdən çox xoşlanar, hiddəti coşanda cəngiyə güc verərdi...
Cavad xan 1786-cı ildən (bəzi mənbələrdə 1785) 1804-cü ilin yanvarına kimi Gəncənin hakimi olmuşdur. Onun xanlığı dövründə Qazax, Şəmşəddil, Şəmkir və sair Gəncə xanlığının ərazilərinə daxil edildi. Qarabağ xanlığı ilə münasibətlər sahmana salındı. Sədaqət rəmzi olaraq bir qızını və oğlunu İbrahim xanın yanına göndərirdi...
1802-ci ilin sentyabr ayında Pavel Dmitriyeviç Sisyanov Qafqaza vali təyin edildi. Əslən Gürcüstan knyazlarından olan Sisyanov Qafqaza gələn kimi Qafqazı ruslaşdırmağa və xristianlaşdırmağa başladı.
Sisyanovun planlarında öz strateji əhəmiyyətinə görə Gəncə şəhəri xüsusi yer tuturdu. Sisyanov, ilk növbədə, Gəncəyə yürüş üçün məqam və bəhanələr axtarırdı... General-mayor Lazerevin 1803-cü il 9 yanvar tarixli məktubu, “Gəncə məsələsi”ndə ona xüsusi cəsarət vermiş oldu. İki nəfər erməninin məlumatına əsaslanan Lazerev yazırdı: “... bütün Gəncə erməniləri rus ordusunun gəlişini səbirsizliklə gözləyirlər... Gəncə xanının ehtiyat tədbiri ondan ibarətdir ki, əmrlə hər gün Gəncədən, Şəmkirdən on nəfərlik süvari mühafizə dəstəsi yola nəzarət edir”. (“Qafqaz arxeologiyası komissiyası aktları” 1868 Tiflis). Bu məktubla Lazerev, əslində, Gəncəni işğal etməyin o qədər də çətin olmayacağına işarə edirdi.
1803-cü il 25 fevral. Sisyanovun Cavad xana ilk məktubunda yazılır: “... sizin dinc müttəfiq və dostcasına qonşuluq əlaqələri saxlamaq meylinizi gördüm... Sizi və sizin xalqı lütfkar rus imperatoru öz himayəsinə götürür...
... Sədaqətli etimadınızın ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənsəb sahibi böyük oğlunuz Uğurlu ağanı, bir əmanət kimi Tiflisə göndərəydiniz”.
Cavad xanın etiraz cavabı Sisyanovun Gəncəyə hücum planının hazırlanması üçün bəhanə oldu.
1803-cü ilin noyabrında Sisyanov xeyli hərbi qüvvə ilə Şəmkirə çatdı.
1803-cü il 27 noyabr. Sisyanovun Cavad xana ikinci məktubunda deyilirdi: “... Gəlmişəm ki, şəhərinizi Avropa adəti üzrə tutam...
Sizdən ikicə söz tələb edirəm. “Hə, yaxud yox”,
... İmtina etsəniz, bəxtinizdən küsün. Sabah günortaya qədər cavab almasam, başınıza od, alov yağacaq...
Gəncəyə qılınc və atəş gətirmişəm”.
Cavad xan məktubu oxuyaraq elə həmin gün cavab yazır. Sisyanova yazdığı cavabda onun niyyəti, cəsarəti, Vətənə sədaqəti açıq-aydın görünür. Məktub Gəncəyə 29 noyabrda çatır.
Gəncə. 29 noyabr 1803-cü il.
Cavad xandan Sisyanova.
“Müharibə etmək niyyətindəsənsə, mən hazır.
... Uğur isə Allahın əlindədir.
... Sən Şəmşəddilə girən gündən döyüşə hazıram. Əslində, bədbəxtlik səni Peterburqdan bura gətirib çıxarıb...”.
Daş qayaya rast gəlmişdi. Cavad xan Cəngisi Gəncə səmalarında guruldayır, Sisyanovun qoşunları Gəncə qalasının mühasirəsinə davam edirdi.
Sisyanov Lazerevin Gəncədə yaşayan ermənilərdən alıb, ona göndərdiyi məlumatları da dəyərləndirirdi. O, Gəncə ermənilərini öz tərəfinə çəkmək üçün onlara müraciət ünvanladı.
1803-cü il 30 noyabr.
Sisyanovun Gəncə ermənilərinə müraciəti.
“... Hamınızı əmin edirəm ki, Ümumrusiya taxt-tacının müdafiəsi üçün qalxan hər bir erməni, özünün və əmlakının təhlükəsizliyinə tam təminat alacaq. Müsəlmanların soyğunçuluğundan, hər cür təqib və sıxışdırmalarından canınız qurtaracaq.
... Sizə Gürcüstanın hər hansı bir guşəsində Rusiya dövlətinin sakini kimi, asudə yaşamaq hüququ veriləcəkdir”.
Aradan bir neçə gün keçdi. Mühasirə halqası şəhəri sıxır, ərzaq tükənir, atların ot-ələfi azalırdı. Öldürülənlər haqqında söz-söhbət şəhəri bürüyürdü”.
Bir axşam səs yayıldı ki, Cavad xanın oğlu Hüseynqulu ağa Kotlyarevski adlı rus kapitanını ağır yaralayıb. Bundan hiddətlənən Sisyanov Cavad xana növbəti hədə dolu məktubunu göndərdi.
1803-cü il, 9 dekabr. Sisyanovdan.
“Qalanı təslim edirsiniz, yoxsa yox?! Cavabınız sabah səhər tezdən təcili gəlməlidir.
...Qasid öz əmin-amanlığı naminə əlində ağ yaylıq tutmalıdır”...
Və ... 1803-cü il 11 dekabr Sisyanovun növbəti məktubu:
“Şəhərin açarını Hüseynqulu ağa ilə mütləq göndərin. Bu tələb nahara qədər yerinə yetirilməsə, qan su yerinə axacaq”.
Sisyanovun hədə dolu məktublarına məhəl qoymayan Gəncə xanına 26 dekabr və 28 dekabrda da müraciət ünvanlandı.
Nəhayət, Gəncə əhalisini qırğına vermək istəməyən Cavad xan səssizliyini pozdu: 1803. 28 dekabr. “... Nə hədlə belə danışırsan?! ... Həddini bil. O ki qaldı şəhərin tərhif verilməsinə, ... Gəncəyə yalnız meyidimin üstündən keçə bilərsən!
Mən öləndən sonra, özgə cür yox”.
Şəhərin ətrafında bir ay idi vuruşma davam edirdi. Mühasirə halqası daha da daralmışdı. Şahidlərin yazdığına görə, “sular al-qana boyanmışdı”...
Cavad xan isə vuruşur, Gəncə təslim olmurdu. Bu inad və etiqaddan sarsılan Sisyanov Cavad xana sonuncu məktubunu və şərtlərini göndərdi.
1803-cü il 29 dekabr. Sisyanovdan Cavad xana.
“... təslim şərtlərini sizə göndərirəm.
1. Cavad xan Gəncəli, tabeliyindəki bütün əhali ilə birlikdə Ümumrusiya padşahının təbəəliyinə and içir.
2. Qala tamamilə təmizlənir, orada Rusiya qoşunlarının topları, hərbi sursatı yerləşdirilir.
3. Cavad xan Gəncəli Rusiya imperiyasının tabeliyində olaraq əvvəlki ixtiyarla öz ərazisini idarə edir və Rusiyaya ildə 20 min manat təzminat verir.
Bu müddəaları imzalayan zaman 1804-cü il üçün həmin məbləği əlüstü ödəyir.
4. Qaladakı və Şəmşəddil yolundakı rus ordusunu ərzaqla təmin edir.
5. Şəmşəddil və onun əyalətləri Gürcüstan hökumətinin idarəsinə keçirildiyi üçün bu ərazilərdə yaşayan əhali sıxışdırılmır”.
Bu şərtləri qəbul etdiyinin göstərgəsi olaraq Cavad xan Gəncəli öz oğlu Hüseynqulu ağanı Gürcüstanın baş idarəedicisinin yanında həmişəlik qalmaq üçün əmanət (girov) verməli idi.
Məğrur, cəsarətli, igid Cavad xan Sisyanovun şərtlərini yaxına belə buraxmazdı. Çünki Gəncənin işğalı digər xanlıqların da tabe edilməsini asanlaşdıra bilərdi.
Xanın Cəngi sədası yeri, göyü sarsıtdı. Şahidlərin yazdığına görə, 1804-cü il 3 yanvar Orucluq bayramı idi. Cavad xan camaatın bayramı pozulmasın deyə qalanın içində bayram tədarükü görmüş, bir tərəfdən də düşmən hücumunun qarşısını almağa çalışırdı.
Qala divarlarından çöldə isə general Portnyagin öz qoşunu ilə Qarabağ qapısının, polkovnik Karnyagin Tiflis darvazasının qabağını kəsmişdi. Şəhər tam mühasirəyə alınmışdı. Sisyanov özü mayor Belavinin ehtiyat batalyonu ilə mərkəzi meydana gəldi. Qala divarlarına nərdivan uzadılaraq on bir top hazır vəziyyətə gətirildi. Yanvarın 3-dən 4-nə keçən gecə qalaya hər tərəfdən od yağmağa başladı.
Rəşid bəy İsmayılov yazır: “Gəncəlilər, həqiqətən, şir kimi müqavimət göstərirdilər...
... Topların sədası, güllələrin vıyıltısı, qalanın içindən qalxan ah-nalə ərşə dayanmış, ətrafa dəhşətli vahimə salmışdı”.
H.Dubrovski yazır: “Şəhərin hər yerində qan su yerinə axırdı. Beş yüzə qədər tatar məsciddə gizlənmişdi...
Bir erməni bizim əsgərlərimizə çatdırdı ki, onların içərisində bir neçə Dağıstan ləzgisi var. Ləzgi adının dilə gətirilməsi, məscidin top atəşinə tutulması üçün xüsusi işarə oldu”.
Qala bürclərindən birində Cavad xan topun üstünə qalxaraq fövqəladə mətanətlə hücumu dəf edərkən qətlə yetirildi. Elə həmin gün Hüseynqulu ağa döyüş meydanında vuruldu...
Sanki qəsdən, acıq üçün Cümə məscidini Gəncənin təhfil-təslim məkanına çevirdilər. (Həmin məscidin üstündə bu sözlər yazılmışdır:
“Hicri 1209, miladi 1795-ci ildə Cavad xan Ziyadoğlu bu məscidi və minarəni təmir etdirib”).
Beləliklə, 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə Gəncə xanlığının varlığına son qoyuldu.
Cavad xan Cəngisi susduruldu.
Şəhərin tarixi adı dəyişdirilib, imperatorun arvadının şərəfinə Yelizavertapol qoyuldu.
Nizaminin, Məhsətinin, Bəndərin gözəl Vətəni Gəncənin adını dilə gətirmək qadağan olundu.
Cavad xanın vurğunu olduğu Gəncədə bircə nəfər qohum-əqrəbası qalmadı. Gəncənin özü də Cavad xansız sönük göründü.
Ürəklərdə, dodaqlarda titrək-titrək gəncəli aşıq Həsənin kövrək misraları dolanırdı:
Bayraqları bürc üstündə qurdular,
Uzaq, böyük hamısını qırdılar.
O zaman ki, Cavad xanı vurdular.
Sanarsan, qırıldı beli Gəncənin.
Aybəniz MƏMMƏDOVA,
Ordubad rayonunun Bist kənd tam
orta məktəbinin müəllimi
Digər xəbərlər