NAXÇIVAN :

31 Iyul 2026, Cümə

Süni intellektin maliyyə sektorunda tətbiqi ilə bağlı müzakirələr aparılıb

...

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilovun rəhbərliyi ilə "Bank sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi və süni intellektin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib.

AMB-dən bildirilib ki, sədr müavini ölkənin rəqəmsal transformasiya və süni intellektin tətbiqi gündəliyinin bank sektorunda ardıcıl şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. O, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda keçirilmiş müşavirədə və iyun ayında Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilmiş prioritetlərin bank sektorunda tətbiqinin zəruriliyini vurğulayıb.

Banklarda rəqəmsal transformasiya üzrə məsul olan rəhbər şəxslərin iştirakı ilə keçirilən görüşdə süni intellektin maliyyə sektorunda tətbiqi, rəqəmsallaşma prosesində sektor iştirakçılarının qarşılaşdıqları əsas çağırışlar müzakirə olunub.

Görüşdə, həmçinin rəqəmsal transformasiya istiqamətində Mərkəzi Bankdan və prosesin sürətləndirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarından gözləntilər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı səsləndirilən rəy və təkliflərin bank sektorunun gələcək rəqəmsal inkişaf istiqamətlərinin formalaşdırılmasında nəzərə alınacağı bildirilib.

Nəşr edilib : 31.07.2026 16:30