İran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidi...
21:34 28.04.2025
0
0
0
NAXÇIVAN :
28 Aprel 2025, Bazar ertəsi
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 25 aprel 2025-ci il tarixdən etibarən sudan səmərəli istifadənin təbliği məqsədilə genişmiqyaslı aksiyaya start verilib.
Bu məqsədlə aprelin 28-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tumbul kənd inzibati ərazi dairəsinin inzibati binasında “Sudan səmərəli istifadənin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin əməkdaşları, Şərur Agro MMC-nin direktoru və torpaq mülkiyyətçiləri iştirak edib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ənvər Abbasov giriş sözü ilə çıxış edərək tədbirin mahiyyətindən söz açıb.
Daha sonra ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 14 saylı regional bölmənin sahə rəisi Səttar Nəsirovun və “Şərur Agro” MMC-nin direktoru Ruzi Qədimovun çıxışları dinlənilib.
Qeyd edilib ki, muxtar respublikada su ehtiyatlarından səmərəli istifadə etməklə torpaq münbitliyinin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi aktual məsələdir. Bu istiqamətdə aparılan aqromeliorativ, meliorativ tədbirlər nəticəsində şoranlaşma və bataqlaşmanın qarşısı alınır, yaşıllıqların sahəsi daha da artırılır. Bütün bunlar, ümumilikdə, muxtar respublika iqtisadiyyatının inkişafına xidmət edir.
Vurğulanıb ki, şoranlaşmanın və su qıtlığının qarşısının alınması üçün kənd təsərrüfatı sahələrində sudan səmərəli və qənaətlə istifadə edilməli, yeni müasir texnologiyalar tətbiq olunmalıdır. Bunun üçün də kənd təsərrüfatı üçün yararlı hesab edilən torpaqlar qeydiyyata alınmalı və onların istifadəsinə, suvarılmasına nəzarət gücləndirilməlidir.
Torpaqların münbitliyinin qorunması, bərpası və mühafizəsiylə bağlı zəruri olan tədbirlərin görülməsi, suvarılan torpaqların genişləndirilməsi, əkilən sahələrdə su itkisinə yol verilməməsi və su ehtiyatlarından daha səmərəli istifadə edilməsi ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəlməsinə nail oluna bilər.
Tədbirin sonunda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb, maarifləndirici broşürlər paylanılıb.
Digər xəbərlər