DİN Ordubadda səyyar xidmət göstərəcək
08:39 16.02.2026
0
0
0
NAXÇIVAN :
16 Fevral 2026, Bazar ertəsi
Bu il yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə ölkə başçısının su problemlərinə strateji yanaşmasını nümayiş etdirir. Qəbul olunan Dövlət Proqramı dünyada su probleminin mövcud olduğu bir zamanda ölkəmizdə su idarəçiliyində yeni yanaşmanın təşviqinə, problemin həlli yollarının araşdırılmasına və su itkisinin qarşısının alınmasına xidmət edir. İki mərhələdə (2026-2030 və 2031-2035) həyata keçiriləcək proqramın icrası zamanı su və kanalizasiya infrastrukturunun tam yenilənməsi, fasiləsiz su təminatı səviyyəsinin 95%-ə çatdırılması nəzərdə tutulub.
Proqramın icrası nəticəsində 28-30 yeni su anbarı tikiləcək ki, bu da su ehtiyatlarının səmərəli idarə olunmasını təmin edərək quraqlıq dövründə su çatışmazlığını aradan qaldıracaq, Azərbaycanı regionda su təhlükəsizliyi nümunəsi edəcək; bu anbarlar həm içməli su, həm də suvarma suyu ehtiyaclarını qarşılayacaq. Onillik dövrü əhatə edən bu strateji sənəd yağış və tullantı sularının idarə olunması sistemlərini müasirləşdirərək paytaxt və ətraf qəsəbələrin ekoloji təhlükəsizliyini və su təminatını yeni mərhələyə yüksəldəcək. Bu təşəbbüs, eyni zamanda Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq su resurslarının effektiv istifadəsini təmin edərək gələcək nəsillər üçün təmiz su mirasını qoruyacaq, iqlim dəyişikliyi təsirlərini yumşaldacaq və ölkənin ekoloji dayanıqlığını gücləndirəcək.
Su təsərrüfatının modernləşməsi Naxçıvanın da analoji problemini aradan qaldıracaq
Məlumdur ki, Naxçıvan Muxtar Respublikasının əksər ərazisində quraq və yarımquraq iqlim şəraiti hökm sürür. Eyni zamanda əhalinin təbii artımı, kənd təsərrüfatı və iqtisadiyyatın inkişafı suya olan tələbatı gündən-günə artırır. Suvarma suyunun çatışmazlığı kənd təsərrüfatı məhsulu istehsalı üçün çox ciddi problemlər yaradır. Nəzərə alsaq ki, ölkədə su resurslarının 70%-dən çoxu kənd təsərrüfatı suvarmasında istifadə olunur, o zaman sudan səmərəli istifadənin zəruriliyi ön plana çıxır ki, bu da yeni qəbul olunan Dövlət Proqramında öz əksini tapıb.
2024-cü ildə yağan güclü yağışlar, eyni zamanda dağlarda yağıntının çox olması ötən il və cari təqvim ili ilə müqayisədə muxtar respublikada bol su ehtiyatının yaranmasına səbəb olmuşdu. Belə ki, muxtar respublikanın əsas sututarlarından biri hesab olunan, ümumi həcmi 100 milyon kubmetr olan Heydər Əliyev su anbarında həmin il suyun həcmi yay aylarında 90 milyon kubmetr səddini aşmışdı. Lakin bu rəqəmi müvafiq dövr üçün deyə bilmirik. Quraqlıq dövrü və yağıntıların olmaması nəticəsində artıq muxtar respublika ərazisində suvarma üçün yararlı olan göllərdə də suyun hədsiz dərəcədə azalması müşahidə edilir.
Ötən ilin quraqlıq keçməsi fonunda son günlər muxtar respublikanın dağlıq və dağətəyi ərazilərinə yağan qar su ehtiyatlarının bərpası baxımından müsbət amil kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, bu yağıntılar çayların qidalanmasına, su anbarlarına suyun yığılmasına və ümumilikdə, su təminatının mərhələli şəkildə yaxşılaşmasına şərait yarada bilər.
Mövzu ilə bağlı məlumat verən Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Texniki istehsalat və suyun balansı şöbəsinin müdiri Fərman Fərzəliyev bildirib ki, 2025-ci ilin 16 yanvar tarixinə muxtar respublikada ümumi su ehtiyatları 166 milyon 120 min kubmetr təşkil edib. Cari ilin eyni dövründə isə bu göstərici 81 milyon 975 min kubmetrdir. Bu rəqəmlər ötən ilin quraq keçməsinin su ehtiyatlarına ciddi təsir göstərdiyini deməyə əsas verir.
Şöbə müdiri əlavə edib ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında irili-xırdalı, ümumilikdə, 37 ədəd su anbarı mövcuddur. Həmin su anbarları əhalinin içməli suya, kənd təsərrüfatının isə suvarma suyuna olan tələbatının ödənilməsində mühüm rol oynayır. Qeyd edək ki, 16 yanvar 2026-cı il tarixinə Heydər Əliyev su anbarında 16 milyon 15 min kubmetr su ehtiyatı mövcuddur. Ötən ilin eyni dövründə isə bu göstərici 41 milyon 140 min kubmetr olub.
Tullantı və yağış sularından səmərəli istifadə müsbət nəticə verəcək
Bundan sonrakı yağışlı hava şəraitini və dağlardan gələn qar sularını nəzərə alsaq, o zaman belə bir sual yaranır: ehtiyat sular harada toplanacaq və ya bu suları toplamaq üçün nə etmək lazımdır? Təəssüf hissi ilə qeyd edə bilərik ki, uzun illərdir, Naxçıvanda yağış sularının toplanılması və ondan təsərrüfatlarda istifadə olunması təcrübəsi formalaşmayıb. Düzdür, yağış yağdıqda və ya qar əridikdə mövcud olan göllər və ya bəzi su anbarlarına su yığılır, lakin davamlı yağıntılardan lazımınca toplanılmadığından böyük həcmdə su boşuna axaraq selə çevrilir. Yağıntılar nəticəsində yığılan sular əkin sahələrinə və çay məcralarına axıdılır. Halbuki yağış sularından istifadənin böyük perspektivləri var. Yaponiya, ABŞ, eləcə də bəzi Avropa ölkələrində yağış suları şəbəkəsi ayrıdır. Ölkə rütubətlidirsə, su ehtiyatları ilə yaxşı təmin olunubsa, bu zaman yağış suları ayrıca olaraq birbaşa çaylara axıdılır. Burada məqsəd çayların ekoloji sistemlərinin dəstəklənməsi, həmçinin çaylarda suyun bolluğunu təmin etməkdir. Bəzi ölkələrdə isə yağış suları müəyyən su anbarlarına, yeni yaradılan süni göllərə yığılır. Bu göllər isə daha çox dağətəyi bölgələrdə yaradılır. Muxtar respublikanın Kiçik Qafqaz dağlarının ətəyində yerləşdiyini nəzərə alsaq, bu cür gölləri bizdə də yaratmaq olar və müəyyən fəsillərdə kifayət qədər su ehtiyatı toplamaq mümkündür. Təbii ki, göllər yaradılarkən ərazinin relyefi nəzərə alınmalı, mütəxəssislər tərəfindən kompleks tədqiqatlar aparılmalı və buna uyğun işlər görülməlidir. Bəzi ölkələrdə mövcud göllərin, çayların yaxınlığında süni göllərin salınması təcrübəsi də var. Əlbəttə, bu işlər həyata keçirilsə, Naxçıvanda müəyyən su problemlərinin aradan qaldırılması üçün yerüstü, yeraltı su mənbələrindən də səmərəli istifadə etmək mümkün olar.
Cari il yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxış edən dövlət başçısı bu məsələyə toxunaraq qeyd edib ki, bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür: “Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Qeyd etdiyim kimi, son 20 il ərzində ancaq sadaladığım, – halbuki görülən işlər qat-qat çoxdur, – layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək”.
Onillik dövrü əhatə edən Dövlət Proqramı yağış və tullantı sularının idarə olunması sistemlərini müasirləşdirərək paytaxt və ətraf qəsəbələrin ekoloji təhlükəsizliyini və su təminatını yeni mərhələyə yüksəldəcək.
Mütərəqqi suvarma üsulları su itkisinin qarşısını alır
Bakı və Abşeron yarımadasında su təchizatına dair keçirilən müşavirədə Baş nazirin müavini Şahin Mustafayev ötən il su təchizatı baxımından Naxçıvan Muxtar Respublikasında müəyyən çətinliklərin müşahidə edildiyini vurğulayıb: “Belə ki, ötən il ərzində əsas iki su anbarına – tutumu 150 milyon kubmetr olan “Arpaçay” su anbarı və tutumu 100 milyon kubmetr olan Heydər Əliyev su anbarına – daxil olan suyun həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə, təqribən, yarıbayarı – 200 milyon kubmetrdən artıq azalmışdır. Tapşırığınıza uyğun olaraq Naxçıvan Muxtar Respublikası üzrə su ehtiyatlarından səmərəli istifadə və əhalinin su ilə dayanıqlı təchizatı məsələsi komissiyanın fəaliyyəti çərçivəsində ətraflı müzakirə edilmiş, problemlərin köklü şəkildə həlli ilə bağlı görüləcək tədbirlərin ilkin layihəsi hazırlanmış və yekunda diqqətinizə təqdim ediləcəkdir”.
Ümumiyyətlə, ölkəmizin su ehtiyatları, əsasən, Araz və Kür çayı, onların qolları suya olan tələbatın əhəmiyyətli hissəsini ödəyir. Azərbaycanda su ehtiyatlarının davamlı idarə olunması üçün müxtəlif layihələr hazırlanır. Bunlara sudan səmərəli istifadə, suvarma texnikasının modernləşdirilməsi, suyun təmizlənməsi və s. kimi tədbirlər daxildir. Bundan əlavə, beynəlxalq əməkdaşlıq və su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı digər ölkələrlə aparılan danışıqlar da mühüm yer tutur. Keçirilən müşavirədə bu məsələyə də toxunan ölkə Prezidenti qeyd edib ki, su mənbələri hər bir ölkə üçün çox önəmlidir: “Bizim su mənbələrinin, təqribən, dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır – Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır. Bu gün problemlərdən biri həm də itkilərlə bağlıdır. Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı bizə bu gün kifayət edərdi. Halbuki biz baxmalıyıq, gələcəyi də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, təbii ki, tələbat da artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bu gün bu sahədə itkilər, təqribən, 40-45 faizdir və qeyd etdiyim kimi, proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır”.
Sudan qənaətlə istifadə edək
Göründüyü kimi, yağış və qar sularından istifadə üçün muxtar respublikada süni göllər yaradıla bilər, hətta mövsümə uyğun suları yığmaq və il boyunca onlardan istifadə etmək də mümkündür. İlin əvvəlindən başlayaraq muxtar respublikada yağıntıların miqdarının ötən illərə nisbətdə bir qədər çox olması isə anbarların tam dolmasına, muxtar respublikanın içməli və suvarma su təminatının yaxşılaşdırılmasına tam imkan verir. Bununla yanaşı, növbəti aylarda sudan səmərəli istifadə edərək mövcud su ehtiyatından qənaətlə faydalanmaq lazımdır. Su həyat mənbəyidir. Bu çağırış hər birimizə aiddir. İstər çöldə, istərsə də evdə sudan qənaətlə istifadəni diqqətdə saxlamalıyıq.
Ceyhun MƏMMƏDOV
Digər xəbərlər