Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər...
23:44 14.11.2026
0
0
0
NAXÇIVAN :
15 Noyabr 2026, Bazar
Azərbaycanla Avropa arasındakı münasibətlərin müasir siyasi və iqtisadi tarixinə nəzər salsaq, bu münasibətlərin əsasını Xəzər hövzəsinin enerji potensialının Avropa bazarları ilə uzlaşdırılmasının təşkil etdiyinin şahidi ola bilərik. Ötən 3 onillik ərzində bir sıra nailiyyətlər və iri iqtisadi layihələrlə yaddaqalan bu münasibətlər Azərbaycanın etibarlı tərəfdaş kimi özünü təsdiqləməsinə səbəb olmuş, qarşılıqlı siyasi etimadın, strateji maraqların və uzunmüddətli əməkdaşlıq ənənələrinin formalaşmasına xidmət etmişdir. Lakin beynəlxalq münasibətlərin bugünkü arxitekturası dövlətlər qarşısında artıq mövcud əlaqələri qorumaqdan daha mürəkkəb vəzifələr qoyur: yeni geosiyasi reallıqlara uyğunlaşmaq, iqtisadi maraqları təhlükəsizlik prioritetləri ilə uzlaşdırmaq, texnoloji dəyişikliklərə hazır olmaq və beynəlxalq mövqeləri daha geniş əməkdaşlıq şəbəkəsi vasitəsilə möhkəmləndirmək. Bakı ilə London arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə də məhz bu kontekstdə mövcud olan qlobal çağırışlarla ayaqlaşan və yeni məzmunlu dövlətlərarası münasibətlər modelinə keçidin əsasını qoyan siyasi-hüquqi sənəd kimi iki ölkə arasında uzun illər ərzində qurulmuş münasibətlərin müdafiə və təhlükəsizlikdən maliyyə bazarlarına, nəqliyyat bağlantılarından süni intellektə qədər geniş sahələri əhatə edən yeni yol xəritəsini cızır.
12 noyabr 2026-cı il tarixdə Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham tərəfindən imzalanmış Bəyannamənin siyasi mahiyyətini düzgün dəyərləndirmək üçün, ilk növbədə, münasibətlərin əvvəlki inkişaf mərhələsi ilə yeni sənədin müəyyən etdiyi prioritetlər arasındakı fərqə diqqət yetirmək lazımdır. Sənədin siyasi və institusional əhəmiyyətini müəyyənləşdirən əsas xüsusiyyətlər kimi onun üç mühüm istiqamət – müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, eləcə də təhsil və innovasiya üzrə sistemləşdirilməsi dayanır. Əgər ötən onilliklərdə Azərbaycan-Böyük Britaniya əməkdaşlığının strateji ağırlıq mərkəzini, əsasən, enerji resurslarının hasilatı, nəqli və Avropa bazarlarına çatdırılması təşkil edirdisə, indi bu əməkdaşlıq daha geniş qarşılıqlı maraqlar sisteminə qədəm qoyur. Müdafiə sənayesi, kapital bazarları, logistika, "yaşıl enerji", elmi-tədqiqat və texnoloji innovasiya kimi sahələrin eyni sənəddə birləşdirilməsi tərəfdaşlığın artıq ayrı-ayrı iqtisadi layihələr üzərində deyil, bir-birini tamamlayan çoxşaxəli strateji istiqamətlər üzərində qurulmasını nəzərdə tutur.
Bu transformasiyanın başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanla Böyük Britaniya hər şeydən öncə münasibətlərinin siyasi və təhlükəsizlik ölçülərini genişləndirməkdə maraqlıdırlar. Bu, müasir beynəlxalq münasibətlərdə strateji tərəfdaşlığın dayanıqlılığını təmin edən mühüm amildir. Çünki yalnız bir iqtisadi sektora əsaslanan münasibətlər həmin sektorun bazar konyunkturasından, qiymət dəyişikliklərindən və qlobal tələb dinamikasından daha çox asılı olur. Əməkdaşlığın müdafiə, maliyyə, nəqliyyat, təhsil və texnologiya sahələrinə yayılması isə qarşılıqlı maraqların daha çox istiqamətdə formalaşmasına imkan verir. Başqa sözlə, Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı enerji resursları üzərində qurulmuş ənənəvi əlaqələrdən qarşılıqlı strateji maraqların çoxşaxəli sisteminə doğru inkişaf edir.
Bəyannamənin siyasi məzmununda xüsusi diqqətçəkən məsələlərdən biri beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə verilən önəmdir. Məlum olduğu kimi ölkəmiz 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə və 2023-cü ildə suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yeni siyasi reallıq yaradıb. Sənəddə 8 avqust 2025-ci il tarixli Vaşinqton Bəyannaməsinə və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlara istinad olunması da bu kontekstdə 3 ciddi mesaj verir: birincisi, bu, bir daha Azərbaycanın post münaqişə dövründə artan siyasi çəkisinin beynəlxalq münasibətlər sistemində etiraf olunduğunu göstərir. İkincisi, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Böyük Britaniyanın regionda davamlı sülhə nail olunması səylərinə dəstəyinin ifadəsi mənasına gəlir. Sonuncu olaraq isə Cənubi Qafqazda yeni qeyri-konstruktiv mənzərə yaratmaq istəyənlərə verilən mühüm siyasi mesaj kimi özünü büruzə verir.
Müdafiə və təhlükəsizlik istiqamətində müəyyənləşdirilən prioritetlər də özlüyündə münasibətlərin yeni siyasi məzmununu anlamaq üçün mühüm mənbədir. Sənəddə hərbi təlim, potensialın artırılması, qarşılıqlı fəaliyyət qabiliyyətinin inkişaf etdirilməsi və müdafiə sənayesi üzrə birgə təşəbbüslərin araşdırılması nəzərdə tutulur. Azərbaycan üçün bu əməkdaşlığın əhəmiyyəti, ilk növbədə, müdafiə potensialının şaxələndirilməsi, müasir hərbi texnologiyalara və peşəkar təcrübəyə çıxış imkanlarının genişləndirilməsi ilə bağlıdır. Böyük Britaniya isə bu istiqamətdə Azərbaycanın regional təhlükəsizlik sistemindəki mövqeyini və artan strateji əhəmiyyətini nəzərə alan tərəfdaşlıq modeli formalaşdırır.
İqtisadi münasibətlərə gəldikdə isə bəyannamənin imzalandığı dövrdə mövcud olan statistik göstəricilər tərəfdaşlığın miqyasını aydın şəkildə ortaya qoyur. Rəsmi məlumatlara əsasən 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 3 milyard 720,7 milyon ABŞ dolları təşkil edərək 2025-ci ilin eyni dövrü ilə müqayisədə, təxminən, 3,9 dəfə artmışdır. Ötən 9 ayda Azərbaycandan Böyük Britaniyaya 3 milyard 482,9 milyon dollar dəyərində məhsul ixrac olunub, idxal isə 237,8 milyon dollar təşkil edib. Beləliklə, Azərbaycanın xeyrinə 3 milyard 245,1 milyon dollarlıq müsbət ticarət saldosu formalaşıb ki, bu, Böyük Britaniyanın Azərbaycanın xarici ticarət dövriyyəsində, təxminən, 10 faizlik payla üçüncü yerdə qərarlaşmasına və əsas iqtisadi tərəfdaşlardan biri kimi yerini möhkəmləndirməsinə səbəb olmuşdur.
Bununla paralel olaraq statistik göstəricilərin arxasında növbəti ciddi bir iqtisadi reallıq da dayanır. Belə ki, Azərbaycanın Böyük Britaniyaya ixracının kəskin artımında qızıl tədarükü həlledici rol oynamışdır. Təkcə 2026-cı ilin yanvar-iyul aylarında Böyük Britaniyaya 21,9 ton qızıl ixrac edilib və onun dəyəri 3 milyard 468,5 milyon dolları ötüb. Hansı ki bu göstərici Böyük Britaniyanı Azərbaycanın ən böyük qeyri-neft məhsulları alıcılarından biri kimi ön plana çıxarır.
Bəyannamənin iqtisadi məzmununda xüsusi diqqətçəkən istiqamətlərdən biri də maliyyə və kapital bazarları üzrə əməkdaşlığın dərinləşdirilməsidir. Burada əsas məsələ kimi Böyük Britaniyanın, xüsusilə Londonun qlobal maliyyə mərkəzi kimi malik olduğu institusional təcrübə, kapitalın cəlb edilməsi mexanizmləri və beynəlxalq investor şəbəkələrinin Azərbaycan üçün kifayət qədər geniş əməkdaşlıq perspektivləri ön plana çıxır.
Məsələnin strateji tərəfi ondan ibarətdir ki, beynəlxalq kapital bazarlarına çıxış maliyyə resursları əldə etməkdən daha geniş iqtisadi transformasiya tələb edir. Belə bazarlarda fəaliyyət göstərmək istəyən şirkətlər şəffaflıq, maliyyə hesabatlılığı, korporativ idarəetmə, risklərin qiymətləndirilməsi və investorların hüquqlarının qorunması üzrə beynəlxalq standartlara uyğunlaşmalıdırlar. Bu isə yerli biznesin idarəetmə keyfiyyətinə, rəqabət qabiliyyətinə və uzunmüddətli inkişaf imkanlarına birbaşa təsir göstərir. Eyni zamanda beynəlxalq kapital bazarlarına inteqrasiya şirkətlərin bank kreditlərindən asılılığını azaltmaqla səhm və istiqraz emissiyası, layihə maliyyələşdirilməsi və digər alternativ maliyyə alətlərindən istifadəsinə şərait yarada bilər. Bəyannamədə ticarət maliyyəsi, kiçik və orta sahibkarlığın inkişafı, yaşıl maliyyələşdirmə və maliyyə institutları arasında dialoqun ayrıca vurğulanması da əməkdaşlığın yalnız iri korporasiyaları deyil, iqtisadiyyatın daha geniş biznes seqmentlərini əhatə etmək niyyətindən xəbər verir. 2026-cı ilin cari dövrünə qədər Bakı və London arasında müxtəlif səviyyələrdə keçirilmiş görüşlərdə Azərbaycan şirkətlərinin hər iki ölkənin fond birjalarında təmsil olunması, kapital bazarlarının inkişafı və maliyyə əməkdaşlığının genişləndirilməsi məsələlərinin müzakirəsi bu istiqamətin artıq praktiki gündəliyə daxil edildiyini göstərir.
Bəyannamədə Orta Dəhlizin inkişafına ayrıca yer ayrılması isə Azərbaycan-Böyük Britaniya münasibətlərinə daha geniş geoiqtisadi məzmun qazandırır. Bu müddəanın əhəmiyyətini anlamaq üçün Orta Dəhlizə yalnız yükdaşımaların həyata keçirildiyi nəqliyyat marşrutu kimi yanaşmaq onun əsas rolunu anlamaq üçün kifayət deyil. Belə ki Avrasiya məkanında yeni iqtisadi əlaqələrin formalaşmasına təsir göstərən çoxkomponentli logistika sistemi kimi Orta Dəhliz beynəlxalq ticarətdə marşrutların şaxələndirilməsinin iqtisadi təhlükəsizlik məsələsinə çevrildiyi bir dövrdə ölkəmizə tranzit ölkədən daha geniş geoiqtisadi mövqe qazanmaq imkanı verib. Sözsüz ki, bu mövqenin strateji üstünlüyü yalnız coğrafi yerləşmə ilə deyil, müxtəlif regionları bir-birinə bağlayan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər nəqliyyat marşrutu və digər nəqliyyat, enerji və ticarət infrastrukturlarının kəsişməsində yerləşməsi ilə müəyyən olunur.
Böyük Britaniya ilə əməkdaşlığın bu kontekstdə əhəmiyyəti Rəsmi Londonun beynəlxalq maliyyə, sığorta, hüquq və xidmət sektorlarında malik olduğu imkanlarla bağlıdır. Bu sahələr Orta Dəhlizin inkişafında nəqliyyat infrastrukturunun özü qədər əhəmiyyətli rol oynaya bilər. Çünki iri logistika layihələrinin dayanıqlı fəaliyyəti fiziki infrastrukturla yanaşı, onların sığortalanması, maliyyələşdirilməsi, kommersiya risklərinin bölüşdürülməsi, beynəlxalq müqavilələrin hüquqi təminatı və rəqəmsal idarəetmə sistemləri ilə də bağlıdır.
Enerji sahəsində əməkdaşlığın inkişafı da Azərbaycan-Böyük Britaniya münasibətlərinin yeni geoiqtisadi məzmununu müəyyənləşdirən əsas istiqamətlərdəndir. İndiyədək iki ölkə arasında enerji tərəfdaşlığının əsas ağırlıq mərkəzini neft-qaz hasilatı, infrastruktur layihələri və Avropa bazarlarına enerji təchizatı təşkil edib. Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq enerji sistemində etibarlı təchizatçı kimi mövqeyini möhkəmləndirməklə yanaşı, Böyük Britaniyanın ölkəmizin enerji sektorunda uzunmüddətli iştirakını təmin edib. Lakin qlobal enerji bazarlarında baş verən dəyişikliklər və enerji keçidinin sürətlənməsi bu tərəfdaşlığın yeni texnoloji və iqtisadi istiqamətlər üzrə genişləndirilməsini zəruri edir. Bəyannamədə bərpa olunan enerji, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyaların xüsusi yer tutması da məhz bu transformasiyanın siyasi səviyyədə qəbul olunduğunu göstərir.
Burada mühüm strateji məqam Azərbaycanın enerji siyasətində iki paralel istiqamətin uzlaşdırılmasıdır. Bir tərəfdən ölkəmiz mövcud neft-qaz potensialından səmərəli istifadə etməklə Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş mövqeyini qoruyur. Digər tərəfdən bərpa olunan enerji mənbələrinin inkişafı, elektrik enerjisinin istehsalı və ixracı, yeni ötürücü infrastrukturun yaradılması vasitəsilə gələcəyin enerji sistemində öz yerini möhkəmləndirməyə çalışır. Bu iki istiqamətin paralel aparılması bilavasitə Azərbaycanın enerji portfelinin şaxələndirilməsinə və uzunmüddətli dayanıqlılığının artırılmasına xidmət edir. Təsadüfi deyil ki, ötən illər ərzində beynəlxalq tərəfdaşlarla qurulmuş səmərəli əməkdaşlıq təcrübəsinin müsbət nəticələri hazırda bu strategiyanın yeni müstəvidə reallaşdırılması üçün möhkəm zəmin formalaşdırır. Cəbrayıl rayonunda bp, SOCAR və Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə həyata keçirilən, illik orta istehsal gücü təqribən 500 milyon kilovat-saat nəzərdə tutulan 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyası layihəsi, onun milli şəbəkəyə inteqrasiyası məqsədilə 330 kV-luq Şəfəq, daha sonra isə Yeni Səngəçal yarımstansiyalarının istifadəyə verilməsi, habelə "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə təşəbbüslər bu əməkdaşlığın əməli perspektivlərini əks etdirən ən layiqli nümunələr sırasındadır.
Bəyannamədə təhsil və innovasiya sahəsinə ayrılan diqqət də məhz iqtisadi münasibətlərin gələcək keyfiyyətini müəyyənləşdirən amillərlə bağlıdır. Ona görə ki, bu gün dövlətlərin rəqabət üstünlüyü təbii resurslarla yanaşı, həm də texnoloji məhsullar yaratmaq, elmi nəticələri kommersiyalaşdırmaq və yüksəkixtisaslı insan kapitalı formalaşdırmaq qabiliyyəti ilə müəyyən olunur. Dövlətlərin uzunmüddətli inkişaf potensialını müəyyənləşdirən əsas şərtlərdən biri kimi universitetlər, tədqiqat institutları və sənaye müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi, süni intellekt, rəqəmsal idarəetmə, həyat elmləri və texnoloji innovasiyalar üzrə təcrübə mübadiləsinin nəzərdə tutulması, Böyük Britaniya universitetlərinin təcrübəsinin Azərbaycana transferi, peşə təhsilinin inkişafı və birgə tədqiqat proqramları xüsusi əhəmiyyət daşıyır. Başqa sözlə, insan kapitalı və innovasiya sahəsində tərəfdaşlıq digər bütün iqtisadi istiqamətlərin səmərəliliyini müəyyənləşdirən üfüqi inkişaf amili kimi çıxış edir.
Bütün bu istiqamətlərin məntiqi əlaqəsi onu deməyə əsas verir ki, Azərbaycan-Böyük Britaniya münasibətləri imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə öz yüksəlişinin yeni dövrünə qədəm qoyur. Maliyyə əməkdaşlığı iqtisadi şaxələndirmənin kapital bazasını genişləndirir, Orta Dəhliz Azərbaycanın coğrafi üstünlüyünü regional iqtisadi təsir imkanına çevirir, enerji tərəfdaşlığı mövcud təchizat imkanlarını gələcəyin enerji arxitekturası ilə uzlaşdırır, təhsil və innovasiya isə bu proseslərin intellektual və texnoloji əsasını formalaşdırır. Bu kontekstdə ən mühüm amil kimi çıxış edən müdafiə və təhlükəsizlik əməkdaşlığı isə bütün bu istiqamətlərin inkişafı üçün zəruri olan siyasi sabitlik və institusional dayanıqlılığa xidmət edir.
Məhz bu baxımdan əminliklə demək olar ki, imzalanmış bəyannamə ölkəmizin geosiyasi mövqeyini, enerji və tranzit potensialını, o cümlədən iqtisadi imkanlarını dayanıqlı hala gətirəcək hüquqi-siyasi akt kimi iki ölkə arasındakı münasibətlərin siyasi, iqtisadi, elmi, mədəni və hərbi ölçülərinə yeni nəfəs verəcəkdir. Qarşıdakı mərhələdə əsas məsələ isə qarşılıqlı siyasi etimadı konkret iqtisadi nəticələrlə möhkəmləndirmək, mövcud imkanları dayanıqlı layihələrə çevirmək və Bakı-London münasibətlərini fayda yaradan uzunmüddətli strateji əməkdaşlıq modelinə çevirməkdir.
Yusif MİRZƏZADƏ
Naxçıvan Dövlət Universiteti
Tələbə Elmi Cəmiyyətinin sədri
Digər xəbərlər