NAXÇIVAN :

23 Dekabr 2024, Bazar ertəsi

Sahibə Qafarova dağıstanlı həmkarını Azərbaycan-Ermənistan sülh prosesinin gedişi barədə məlumatlandırıb

...

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Rusiya münasibətlərinin bu gün də Prezident İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edib. O, qarşlıqlı səfərlərin bu münasibətlərə böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Spiker indiyədək Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən 300-dək sənədin imzalandığını bildirib. Qeyd edilib ki, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır və ölkəmizdə bir sıra təhsil ocaqlarında rus dili geniş tədris olunur.

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyi ərazilərdə aparılan tikinti-quruculuq işləri, orada həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd layihələri”, COP29-un Azərbaycanda keçirilməsi ərəfəsində Azərbaycana qarşı edilən təzyiqlər, Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi və bu prosesə yaradılan maneələr haqqında ətraflı məlumat verib.

Zaur Askenderov Dağıstan və Azərbaycan xalqlarının tarixi əlaqələri, paylaşdıqları ortaq dəyərlərdən danışıb.

Görüşdə parlamentlərin qarşılıqlı münasibətlərin inkişafında oynadığı mühüm rol qeyd edilib, Milli Məclisin həm Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası və Dövlət Duması ilə, həm də Dağıstan Xalq Məclisi ilə əlaqələrinin əhəmiyyətindən danışılıb.

Zaur Askenderov Dağıstanda böyük Azərbaycan diasporasının olduğunu və azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 23.12.2024 17:42