NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

“Söz və qürurun zirvəsində: Hüseyn Razi” adlı kitabın təqdimat mərasimi keçirilib

...

Sentyabrın 18-də AMEA Naxçıvan Bölməsində Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun müəllifi olduğu “Söz və qürurun zirvəsində: Hüseyn Razi” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik kitabın elmi və ədəbi əhəmiyyətindən danışıb. Monoqrafiyada yer alan Hüseyn Razinin Ulu Öndərə yazdığı məktubu xüsusilə qeyd edən İsmayıl Hacıyev şairin irsinin elmi-nəzəri təhlil kontekstində aktuallığını vurğulayıb, onun Azərbaycan ədəbi-mədəni mühitində tutduğu yeri və bu irsin sistemli şəkildə öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O həmçinin müəllifin tədqiqat yanaşmasını və monoqrafiyanın elmi-estetik dəyərini yüksək qiymətləndirib. Əsərin Naxçıvan ədəbi mühitində mühüm yer tutan Hüseyn Razi şəxsiyyətinin tanıdılması və onun yaradıcılıq irsinin tədqiqi baxımından dəyərli mənbə olduğunu qeyd edib. O, müəllifi ərsəyə gətirdiyi yeni kitabı münasibətilə təbrik edib.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Ədəbi şəxsiyyətin sənət pasportu haqqında söz” adlı məruzəsində Hüseyn Razi irsinin ədəbi şəxsiyyət kontekstində təhlilini aparıb və müəllifin yanaşma tərzini yüksək qiymətləndirib. Şəxsiyyətin yaradıcılıq arxetipini və onun milli-mənəvi kimliyin formalaşmasındakı rolunu izah edib. O, monoqrafiyada ədəbi portretin sənədli bədii-estetik kontekstdə təqdim edilməsini “ədəbi şəxsiyyətin sənət pasportu” kimi səciyyələndirib.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Görkəmli şəxsiyyət haqqında ümumiləşdirici əsər yazma nümunəsi” adlı məruzəsində kitabın elmi-publisistik üslubda yazıldığını və geniş oxucu kütləsi üçün əlçatan olduğunu qeyd edib. Monoqrafiyanın metodoloji strukturuna nəzər salaraq, müəllifin sistemli elmi yanaşmasını, üslubların harmoniyasını və tipoloji xarakteristikanı ön plana çıxarıb. Məruzədə əsərin həm də mühüm bioqrafik tədqiqat nümunəsi olduğu qeyd edilib.

Təqdimat mərasimində çıxış edən müəllif Fərman Xəlilov kitabının elmi əhəmiyyəti, ərsəyə gəlmə mərhələləri barədə danışıb, ürək sözlərini səsləndirib. Tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edərək Hüseyn Razi kimi şəxsiyyətin ədəbi irsini işıqlandırmaqdan qürur duyduğunu bildirib. O bu əsərin təkcə ədəbi tədqiqat deyil, həm də mənəvi borcun ifadəsi olduğunu vurğulayıb. Eyni zamanda yaradıcılığına göstərilən diqqətə görə minnətdarlıq edib.

Nəşr edilib : 18.09.2025 18:01