NAXÇIVAN :

23 Yanvar 2026, Cümə

Söz ürəkdən qopan oddur…

...

80 yaşın astanasında olan şair Səhlabla söhbət

Naxçıvanda yaşayıb-yaradan, ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən Səhlab Məmmədov poeziyamızda özünü təsdiq etmiş istedadlı şair kimi oxucuların rəğbətini qazanıb. Onun şeirləri insan ruhunun ən dərin qatlarına toxunan, həyatın incəliklərini ustalıqla ifadə edən duyğuların bənzərsiz təcəssümüdür. Bu günlərdə söz dünyasının bu səmimi yolçusu ilə görüşərək yaradıcılığı, ilham mənbələri və poeziyanın həyatındakı rolu barədə söhbət etmək qərarına gəldik. Səhlab müəllimin nəvəsi – Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi Günel Məmmədova ilə yollandıq Səhlab müəllimin yaşadığı ünvana. Qapıdan içəri keçən kimi Səhlab müəllimin dediyi: “Nə yaxşı bu qoca Səhlabı yad etmisiz…” sözləri bizi bir anlığa qapı ağzında saxladı.

Məlumat üçün bildirək ki, Səhlab Məmmədov bu ilin sentyabr ayında 80 yaşını qeyd edir. Yaddaşında qalan xatirələrin isə sanki yeni olduğu qənaətinə gəldik.

Rafiq Təhməz:

– Səhlab müəllim, istərdik ki, əvvəlcə bir az özünüz haqqında danışasınız. Uşaqlığınız, gəncliyiniz yaddaşınızda necə izlər qoyub?

– Mən Naxçıvan torpağının havasını udub, suyunu içib, bu el-obanın içində boy atmışam. Müəllimlik də etmişəm, şairlik də, döyüşçü də olmuşam... Sözlə nəfəs almışam, deyərdim. Yaradıcılığa da çox erkən başlamışam. Orta məktəb illərində dahi Nizamini, Füzulini, digər klassiklərimizi, müasir dövrdə yaşayıb-yaradan şairlərimizi çox oxuyurdum. Düşünürəm ki, sözə bağlılığım da elə oxuduqlarımdan başlayıb…

Sözə, qələmə sarıldığım dövrdə onu kəşf etmişəm ki, əlahəzrət söz ürəkdən qopan bir oddur, bala... Qopubsa, ondan qaça bilməyəcəksən, onun əsiri olacaqsan. Yalnız onda, necə deyərlər, söz də sənin sözündən çıxmayacaq. Mən də o odun içində bişdim.

Günel Məmmədova:

– Baba, Rusiyada hərbi xidmət keçmisən. Bir müddət orada yaşamısan. Sonra yenə Vətənə qayıtmısan…

– Bilirsən, bala, Vətən elə bir şeydi ki, insanın bədəninə doğulandan maqnit kimi hopur. Hansı diyara getsən də, harada yaşasan da, nə qədər gözəl, nə qədər yaşamalı yer olsa da, Vətənin yerini verməz. Doğma torpaqda, el-oba içində başını yastığa qoyanda, bax o zaman bilirsən: sən evdəsən! O vaxt Vətənin qədrini daha çox biləcəksən!

             Gəzdiyim dağlara çıxa bilmərəm,

             Nəfəsim təngiyər, nəyimə gərək?

             Artıq qocalığı yıxa bilmərəm,

             Gücümüz tən gələr, nəyimə gərək...

Düşünün ki, Vətən… o olmadan həyat yarımçıqdır. Belə həyat yaşayanları azmı görmüşük? Yadınıza salın: böyük Məmməd Araz necə deyirdi? “Vətən mənə oğul desə nə dərdim?” Vətənin sənə oğul deməsi üçün ona layiq övlad olmalısan…

Rafiq Təhməz:

– 90-cı illərdə, o ağır dövrdə Naxçıvanda ilk hərbi birliyin yaradılmasında yaxından iştirak etdiyinizi də eşitmişik, döyüşçü olduğunuzu da. Bəs o illəri necə xatırlayırsınız?

– Sanki dünən olub... Doğrudan da, çox ağır günlər idi. İnsanlar bu gündən sabah olan inamlarını itirmişdilər. Naxçıvanda vəziyyət daha ağır idi. O dövrdə xalqımızın dahi oğlu Heydər Əliyev Naxçıvana gəldi. Elə bil ki, Ulu Tanrı Onu qədim diyara Naxçıvanı qorumağa göndərmişdi. Dahi rəhbər Naxçıvandakı bu vəziyyəti görüb Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasına start verdi. Məni də o şərəfli işə çağırdılar – qərargah rəisi oldum. Cəbhənin önündə, torpağın müdafiəsində dayandım. İbn Sina belə bir söz deyib: “Səhər oyananda bir yerin ağrımırsa, bil ki, hələ sağsan”. Mən də o döyüş illərində hər gün bir az daha canlı idim, çünki Vətən çağırırdı! Şükür ki, Naxçıvan qorundu.

Günel Məmmədova:

 – Şeirlərin, kitabların barədə nə deyərdin, baba? Hansını yaradıcılığının zirvəsi sayırsan?

– Xalq şairimiz Səməd Vurğun deyirdi ki, əlimdədir hələ qələm… Mənim də qələmim hələ yorulmayıb... Sadəcə, səhhətim imkan vermir ki, bu günümüzü yazım… Neçə-neçə kitabım işıq üzü görüb, oxucularımdan xoş sözlər eşitmişəm. O kitabların hər biri ömrümün nişanəsidir: “Məhəbbətin keçmiş zamanı yoxdur”, “Payız nəğmələri”, “Çalxanqala əfsanəsi”, “Qızıldağdan gələn səslər”...

             Bu şeirimi daha çox xoşlayıram:

             Səhlab yanan məşəl, sən buz parçası,

             O sağalmaz yara, sən duz parçası.

             Günəş ola bilməz ulduz parçası,

             Sevgidən danışma, yardan danışma

Sevginin, xəyanətin, həyatın özü var bu misralarda. Sözün ürəkdən gəlirsə, dərdinə də, sevincinə də şərik olacaqlar.

Rafiq Təhməz:

 – Siz Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz…

– Rusiyadan qayıtdıqdan sonra yazdıqlarımı götürüb Naxçıvan Yazıçılar Birliyinin qapısını döydüm. Gözəl şairimiz, birliyin sədri Asim Yadigarla rastlaşdım. Dedim, mən də şeir yazıram. Soruşdu ki, hansını deyə bilərsən? Mən də elə Asim Yadigarın öz şeirini oxudum:

Soruşdular, dünyada ən böyük çay hansıdır?

Araz dedim, bu dünyada Arazdan böyük çay olmaz dedim…

Asim müəllim qayıtdı ki, bəs bu mənim şeirimdi. Şeir məni elə tutmuşdu ki… Xeyli söhbət etdik. Başa düşdüm ki, şeir elə-belə yaradıcılıq sahəsi deyil. Bu yolu getmək çətindir. Və sonralar bu həqiqəti özüm də təsdiq etdim.

Günel Məmmədova:

– Baba, sənə ilham hardan gəlir, gənclik illərinə qayıtsa idin, nə edərdin?

– Necə yaşamışamsa, eləcə də yaşamaq istəyərdim, bala. Əzabdan qorxmamışam, Vətəni sevməkdən doymamışam. İlham isə… Necə deyim? Bu doğma diyarda hansı ünvana üz tutsan ilham özü gələcək. Böyük dramaturqumuz Cəfər Cabbarlının dediyini bir qədər dəyişsək: Mövzu özü səni tapacaq...

Rafiq Təhməz:

– Şair dostlarınız da çox olub…

– Muxtar Qasımzadə mənim ən yaxın şair dostlarımdan biridir. Mənim şeirlərimə ilk dəfə olaraq o düzəliş etmişdi. İlk şeirim də onun işlədiyi qəzetdə çıxmışdı. “Əmək bayrağı” qəzetində, Babək rayonunda çıxırdı o qəzet. Şeirim dərc olunan gün xeyli söhbət etdik Muxtarla. Bu günümə çatmağımda Muxtara və digər şair dostlarıma minnətdaram.

Günel Məmmədova:

– Yaradıcılığında poemalara da rast gəlirik…

– Görürdüm ki, böyük hadisələri şeirlə ifadə etmək olmur. Buna ancaq poemanın gücü çatar. Mən də bu sahədə gücümü sınamaq istədim. Poemalarımdan biri general Cəmşid xan Naxçıvanskiyə həsr edilib. Poemada tariximizdə olan hadisələri şərh etməklə yanaşı, Vətənimizdə necə qeyrətli oğullar olub, onlar Vətən uğrunda müharibələrdə necə döyüşüblər – bunu demək istəmişəm. Xalq yazıçısı Hüseyn İbrahimovun “Baharın hekayəsi” əsərini oxuyandan sonra isə məndə də belə bir hiss yarandı ki, “Qönçənin nağılı” adlı bir poema yazım. Onu da qələmə aldım. Poema haqqında müsbət rəylər deyildi.

Rafiq Təhməz:

– Torpaqlarımızı bütöv halda görmək sizə hansı hissləri yaşatdı?

– Ürəyim bayram etdi! Müzəffər Ali Baş Komandanımıza dua etdim: Allah ona uzun ömür versin, qələbələrimizin sayını artırsın! Xalqımız, dövlətimiz o ağır günləri bir də yaşamasın…

Günel Məmmədova:

– Peşmançılığın varmı ki, kaş şair olmazdım?

– Əksinə! Mən bir dəfə dedim, əgər, doğrudan da, kiməsə acığın tutub, qarğış edəcəksənsə, ona de ki, səni görüm şair olasan. Çünki şair şüşə boruya yerləşdirilmiş bir civə kimidir. Yəni havanın temperaturu dəyişdikcə o civə qalxır, enir. Yəni temperaturu göstərir. İstilik olanda yuxarı, soyuq olanda aşağıya. Həyat da belədir, yaşadığımız bu dünyada o qədər faciələr, o qədər hadisələr baş verir ki, şair olan kəs onları laqeyidliklə dinləyib yola sala bilməz. Onların hamısı şair qəlbinə təsir edir…

Rafiq Təhməz:

 – Gənc şairlərə nə tövsiyəniz var?

 – Deyərdim: Vətəndən yazın, xalqdan yazın! Qəhrəmanlıqdan, zəhmətdən yazın… İnsanların adını ucaldın! Çünki bütün yaradıcı sahələrin baş qəhramanı insandır. Onu vəsf etməkdə şeir digər ədəbi növlərdən yuxarıda dayanır.

P.S. Səhlab müəllim 10 ildən çoxdur ki, yataq xəstəsidir… Danışdıqca nəfəsi təngiyir, arabir duruxurdu… Buna görə də sualları dayandırdıq. Amma Səhlab müəllim bizi buraxmaq istəmirdi. Hələ də şeirlər deyir, biz isə onu dinləyirdik…

            Rafiq TƏHMƏZ

Günel MƏMMƏDOVA

Nəşr edilib : 18.09.2025 16:46