NAXÇIVAN :

18 Sentyabr 2026, Cümə

Söz mülkünün unudulmaz ustadı – Şəhriyar

...

Məhəmmədhüseyn Şəhriyar poeziyası elə bir ümmandır ki, onun sahillərinə yanaşan hər kəs orada öz ruhundan bir zərrə, öz taleyindən bir iz tapır. Sözün qüdrəti ilə zamanın və məkanın sərhədlərini aşan böyük ustad ədəbiyyatımızın yaddaşına həkk olunmuş parlaq sənətkarlardandır. Bu gün Şərq ədəbiyyatının bu nəhəng sütununun anım günüdür. Heydərbabaya pənah aparan, doğma dilin həsrətini misra-misra içinə çəkən nəhəng bir ruhun sükutla yad edildiyi gündür. Şəhriyar qəlbinin döyüntülərini, xalqının fəryadını, ayrılığın və həsrətin acısını kağıza köçürürdü. Onun hər sözündə doğma torpağın ətri, ana dilimizin incəliyi və insan ruhunun ən dərin qatlarında gizlənən kədər var.

Şəhriyar yaradıcılığı həyatın elə bir bədii salnaməsidir ki, burada uşaqlığın saf duyğularından tutmuş ömrün payızındakı tənhalığa qədər hər mərhələ öz əksini tapır. Təbrizin, Heydərbabanın, o taylı-bu taylı Vətən xatirələrinin poeziyada bu dərəcədə canlı və yanğı ilə təsviri yalnız Şəhriyar qələminə məxsus bir mozaikadır. Onun misraları oxucunun hisslərinə elə ilk sətirdən toxunur, insanı öz daxili dünyası ilə baş-başa qoyur.

Həyatın amansız sınaqlarından, talesiz sevgilərdən və Vətən həsrətindən keçən şair öz ömür yolunu, yaşadığı daxili fırtınaları bədii dilin ən uca zirvəsində tərənnüm edib. Şəhriyarın öz taleyinə, ötüb keçən illərinə tutduğu o möhtəşəm ayna insanın acılı-şirinli xatirələrini dilləndirir:

Bir uşaqlıqda xoş oldum, o da yer-göy qaçaraq,

Quş kimi dağlar uçub, yel kimi bağlar keçdi.

Sonra birdən qatar altında qalıb, üstümdən

Deyə bilməm nə qədər sel kimi dağlar keçdi.

Ürəyimdən xəbər alsan necə keçdi ömrüm,

Göz yaşımla yazacaq: mən günüm ağlar keçdi.

Uşaqlıq illərinin o qayğısız, quş kimi azad çağları geridə qaldıqdan sonra başlayan fırtınalar, həyatın ağır zərbələri və ruhu göynədən göz yaşları ustadın qələmində sənət əsərinə çevrilib. O öz kədərini ümumbəşəri bir duyğuya çevirə bilən nadir söz ustalarından idi. Şəhriyarın misralarında fəğan edən ümidlər, sükutla pıçıldayan kədər və heç vaxt sönməyən işıq insanı təkrar-təkrar düşünməyə vadar edir.

Ömrün dumanlı yollarında addımlayarkən Şəhriyar heç vaxt öz kökündən, köksündə gəzdirdiyi milli ruhdan qopmadı. O, misraları ilə kədərə belə gözəllik verdi, ayrılığı belə poeziyanın ən uca pilləsinə qaldırdı. Şairin ədəbi irsi bu günümüzün və gələcəyimizin mənəvi dayağıdır. Zaman axıb getdikcə, nəsillər dəyişdikcə Şəhriyar sözünün təravəti azalmır, əksinə, daha da dərinləşib cilalanır.

Şəhriyar Heydərbabada əsən küləyin pıçıltısında, dillər əzbəri olan misralarda, ana dilimizin hər bir şirin kəlməsində və poeziyasevərlərin döyünən qəlbində əbədi olaraq yaşayır. Ruhun şad olsun, söz mülkünün unudulmaz ustadı. Buraxdığın zəngin irs hələ neçə-neçə nəsillərin yoluna işıq saçacaq, qəlbləri riqqətə gətirməyə davam edəcək...

Elnurə CƏFƏROVA

Nəşr edilib : 18.09.2026 17:00