NAXÇIVAN :

05 Dekabr 2024, Cümə axşamı

Sosial mediada yalan xəbərlərin yayılma sürəti: çıxış yolları

...

Sosial media müasir dövrdə ən güclü informasiya platformalarından birinə çevrilib. Lakin bu həm də yalan məlumatların (feyk xəbərlər) sürətlə yayılması üçün münbit şərait yaradır. Feyk xəbərlər cəmiyyətdə çaşqınlıq yaradır, ictimai rəyə təsir edir və bəzən ciddi böhranlara səbəb olur. Bu məqalədə yalan xəbərlərin sosial mediada necə və niyə tez yayıldığı, bunun nəticələri və qarşısını almaq yollarını müzakirə edəcəyik.

Yalan xəbərlərin bir neçə yayılma səbəbləri var ki, bunlar alqoritmlərin rolu, sensasiya effektinə ehtiyac, məlumatın təsdiqlənməsinin çətinliyidir. Sosial media platformaları, istifadəçi maraqlarına uyğun məzmun göstərən alqoritmlərdən istifadə edir. Bu, feyk xəbərlərin populyarlığını artırır. Çünki bu tip xəbərlər, adətən, daha çox diqqət çəkir. Yalan xəbərlər, adətən, həqiqətdən daha sensasiyalı olur. İnsanlar maraqlı başlıqları tez paylaşır, məzmunun doğruluğunu yoxlamağa ehtiyac duymur. Hər bir məlumatı faktiki olaraq yoxlamaq üçün vaxt və resurs tələb olunur. İnsanlar çox vaxt xəbərin mənbəyinə diqqət etmədən paylaşım edir və öz inanclarına uyğun məlumatları daha çox qəbul edir. Bu səbəbdən yalan xəbərlər müəyyən qruplar arasında daha sürətlə yayılır.

Belə yalan xəbərlərin yayılması cəmiyyətdə çaşqınlığa, insanların media subyektlərinə etibarının azalmasına,  ictimai və siyasi böhranlar yaranmasına səbəb ola bilər. Həmçinin feyk xəbərlər panika, yanlış qərarlar və hətta sosial iğtişaşlara səbəb ola bilər. Məsələn, pandemiya dövründə yanlış məlumatlar vaksinasiyaya qarşı etirazları artırırdı.

Bəs biz belə yalan xəbərlərin yayılmasının qarşısını necə ala bilərik? Bunun üçün bir neçə amil önəm daşıyır. Məlumat savadlılığının artırılması, texnologiyaların tətbiqi, düzgün tənzimləmə və hüquqi nəzarət və sair.

İlk növbədə, jurnalistlər və xəbər agentlikləri informasiya yayarkən məlumatın dəqiqliyinə və obyektivliyinə əmin olmalıdır. Sosial şəbəkə istifadəçilərinin yeni informasiya əldə etməsi üçün etibarlı mənbələri seçməsi daha məqsədəuyğundur.

Xəbəri yayan mənbənin etibarlılığına diqqət yetirin. Etibarlı xəbər agentlikləri və tanınmış saytlar, adətən, daha düzgün məlumat verir. Saytın “Haqqında” bölməsinə baxaraq, onun kim tərəfindən yaradıldığını öyrənin.

Feyk xəbərlərdə, adətən, diqqət cəlb etmək üçün sensasiyalı və ya şişirdilmiş başlıqlardan istifadə edilir. Başlıq sizi emosional reaksiyaya sövq edirsə, xəbərdən şübhələnin. “Google” və ya digər axtarış motorları vasitəsilə xəbərin doğruluğunu yoxlayın. Müxtəlif mənbələrdə eyni məlumatın yer alıb-almadığını yoxlamaq vacibdir.

Xəbərin tarixini yoxlayın. Köhnə hadisələr yeni hadisə kimi təqdim oluna bilər. Xəbərdə təqdim olunan kontekstin tam və obyektiv olub-olmadığını araşdırın. Şəkillərin və ya videoların feyk ola biləcəyini nəzərə alın. Şəkillərin orijinallığını yoxlamaq üçün Google Reverse Image Search istifadə edə bilərsiniz. Mövzu ilə bağlı rəsmi qurumların açıqlamalarını izləyin.

Tənqidi düşüncə tətbiq edin, hər gördüyünüz və ya eşitdiyiniz xəbərə dərhal inanmayın. Özünüzə sual verin: “Bu məlumat kimə fayda verir?” və ya “Bu xəbərin məqsədi nədir?”

Bu addımlarla feyk xəbərlərin təsirini azalda və daha məlumatlı bir oxucu ola bilərsiniz.

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 03.12.2024 14:01