NAXÇIVAN :

14 Oktyabr 2026, Çərşənbə

Son avtoqraf

...

Xoşbəxt insanam, çox şükür! Həyatda dəfələrlə maraqlı insanlarla yolum kəsişib. Bu səbəbdəndir ki, yaxşı xatirələrim var. O insanlardan biri budəfəki yazımın qəhrəmanıdır.

Naxçıvan-Bakı təyyarəsindəyəm. Bu dəfə cismim də göydədir. (Ruhum adətkardır, göyləri sevir).

Açın qapıları səba yelinə,

Açın Füzulinin nəfəsidir o...

          – misrasını zümzümə edirəm. Tək dodaqlarım tərpənmir, başımı da yırğalayıram. Buludlara baxa-baxa oxuyuram ürəyimdə. Heç kim eşitmir, yanımda əyləşən atam belə. Atam Nadir Əlincə də sağdır. Onunla birgə çıxmışam bu yolçuluğa. 2003-cü ildir.

... Atam yaxşı, sağlam düşüncəli, ürəyi yuxa insan idi. Heyvan balası görəndə ürəyi gedən, ağac çiçəyinin ətrinə əriyən, oxuduğu şeirdən kövrələn adam idi Nadir Əlincə. Adam kimi adam idi Nadir Əlincə. Bütün qərarlarımı dəstəkləyirdi, hər zaman yanımda idi. Bu yola çıxmaq istəyimə də qarşı gəlmədi,  yol yoldaşım oldu. Ruhu şad olsun!

Əslində, bu yolçuluqda iki məqsədimiz var. Şeirlər kitabım nəşr olunub: “Mələklər qoruyur məni”. Onu nəşriyyatdan götürməliyik. Bir də Məmməd Arazla görüşməliyik. Hə, Məmməd Arazla. Yazımın qəhrəmanı Məmməd əmidir.

Magistr dissertasiyamın mövzusu çağdaş Azərbaycan ədəbiyyatının görkəmli  nümayəndəsi, “İstiqlal” ordenli Xalq şairi Məmməd Arazın publisistikası haqqındadır. M.Arazın “Sənətdə son mənzil olmur” adlı publisistik kitabını əldə etməliyəm. Naxçıvanda tapa bilmirəm. Elmi rəhbərim akademik İsa Həbibbəyli də belə, bu kitab yoxdur. 2001-ci ildə nəşr olunub. M.Arazın məqalə və müsahibələrindən ibarət topludur. Əlqərəz, yolçuluğumuzun məqsədi sadə olsa da, alidir: söz sorağındayıq, kitab sorağındayıq, işıq sorağındayıq. Mən bir yana, atamın sevincini təsəvvür etməniz gərək! Bütün şairlər kimi atam da Məmməd Arazın vurğunudur. Üstəlik  övladının da kitabı çıxıb. Az qalır sevincdən qanad açıb uçsun.

“Ədalət” qəzetinin redaksiyasına üz tuturuq. Baş redaktor Aqil Abbas bizi Məmməd Arazla görüşdürə biləcək adamdır. Məmməd Arazın kürəkənidir axı. Aqil Abbasa şairlə görüşmək istəyimi bildirirəm. Tərəddüd edir. “Çətin işdir”, – deyir. Qəribəmə gəlir. Zehnimdə “niyə çətin olsun ki?” sualı var-gəl edir. “Xalq şairi ilə  görüşmək haqqım deyilmi?” – düşünürəm. Bir anda ruh düşkünlüyü yaşasam da, israr edirəm. Əslində, bu görüşün baş tutmasında atamın rolu böyükdür. Lakin həm də səmimiliyim, üstəgəl indi izi-tozu qalmayan israrım Aqil Abbasın xoşuna gəlir deyəsən. Telefonun dəstəyini götürüb şairin evinə zəng edir. Gülxanım müəllimə ilə danışdığını anlayıram: “Naxçıvandan bir qız gəlib, Məmməd əmini görmək istəyir”. Xəttin o biri ucunda  Gülxanım müəllimə bu istəyi şairə çatdırır. O da razılığını bildirir güman ki. İşarə ilə – deyə düşünürəm. Dumanlı  xatırlayıram, hiss edirəm ki, Aqil Abbas da, dəstəyin  o biri ucunda Gülxanım müəllimə də  təəccüb içindədirlər. Mən isə içimdə  bir işığın istisini hiss edirəm. Məmməd Araz uzaqdan-uzağa məni duyub, ruhumu hiss edib. Ürəkdən-ürəyə həqiqətən yol var imiş...

Onun yaşadığı mənzilə daxil oluruq. İllərin yorğunu şairlə qarşı- qarşıyayam. Axı mən Məmməd Arazı dağ bilirdim... Axı o zirvədir... Danışa bilmir. Amma biz söhbət edirik. Baxışlarla... Boğazımda düyümlənən qəhər ona demək istədiklərimi deməyə macal vermir. Yox əsla ona acımıram! O bu görkəmdə belə mənim üçün dağdır, qayadır. Necə də qürurludur! Əlindəki çəliyi dayaq tutaraq oturduğu yerdə belə dik durmağa çalışır, qamətini dik tutur. Bunun onun üçün nə qədər çətin olduğunu görürəm. Amma o təslim olmur, xəstəliyinin çəkdirdiyimiz şəklə yansımasını istəmir. Adının tarixə qürurla yazıldığı kimi görkəminin də şəklə qürurla həkk olunmasını istəyir. Çünki o, ruhən döyüşçüdür. Onun ruhu qüvvətlidir. Onun bir misrası bu xalqı ayağa qaldırmağa qadirdir. O, xalqın qəlbində güclüdür, gözündə də güclü qalmağa çalışır. Və mən həmin an onun bu mübarizəsinin fərqindəyəm. Onunla – 12 yaşından kiçik çiyinlərinə böyük yük qoyulan Allah bəndəsi, cismi zəif, özü, ruhu nəhəng şairlə fəxr edirəm! O mənim üçün qayalarda bitən çiçəkdir!

Məmməd Araz işarə edir. Gülxanım müəllimə istədiyim kitabı gətirir. Birdən Məmməd Araz işarə edir ki, avtoqraf yazacam. Duruxmuş  halda Gülxanım müəllimə ilə baxışırıq. Əfsanə şair əlləri titrəyə-titrəyə kitaba avtoqraf yazır. Mən tarixi anların şahidiyəm. Ürəyim çırpına-çırpına gözlərimi onun əllərindən, yazıdan ayırmıram. Oxuya bilməsəm də, qələmdən süzülən enerjini duyuram. Anlaşılmaz xətlərdir. Lakin nə fərqi var ki? Əsas odur ki, Məmməd Arazın əlləri ilə yazılıb, Məmməd Araz imzasıdır. Bəlkə də, bu onun son avtoqrafıdır...

Aradan 20 il keçdikdən sonra həmin kitabı xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə şairin Şahbuz rayonunun Nursu kəndində yerləşən ev-muzeyində  keçirilən  tədbirdə muzeyə hədiyyə edirəm. Bu kitab  mənim  üçün çox dəyərlidir. Bu bir tarixdir, və xatirəsi mənim üçün çox əzizdir. Lakin kitabın şairin ev-muzeyində qorunub saxlanılmasını, bu tarixin  gələcək nəsillərə çatdırılmasını doğru hesab edirəm.

Yazımı yekunlaşdırmaq üçün fikrimi toparlayıb təsirli bir sonluq düşünürəm. Telefonuma mesaj gəlir. Məmməd Araz aşiqi olan dostlardan biri şairlə olan şəklimin paylaşımına “Çox şanslısınız” – yazıb. Nə gözəl ifadə edib! Mesaj qəlbimin sarı siminə toxunur. Məmməd əmi gözümün önündə canlanır. Tarix insan səninlə görüşdüyüm üçün çox şanslıyam. Dünyaya gəlişimin düz 27-ci ilinin tamamında səninlə görüşdük. O zaman bu görüş təhsilimin zərurətindən doğmuşdur, deyə düşünsəm də, ad günümdə taleyin mənə bir lütfü olduğunu da anlamamış deyildim. Çox xoşbəxt idim. İndi isə əlli yaşın tamamında fərqinə vardığım həqiqət odur ki, ruhumuz ömrümüz boyu bizə doğma olan ruhları arayır. Ünsiyyətinə ehtiyac hiss etdiyimiz tanış ruhlar bizi cəlb edir, özünə çəkir. Tale onları qarşımıza çıxarır. Sən onlardan biri idin, doğma adam. Nə yaxşı ki, bu həyatda görüşdük. Yollarımız kəsişəcək, bilirəm. Nə vaxtsa... Biz axı “zərrənin milyonda biriyik”...

Səbinə ƏLİNCƏLİ

Bəhruz Kəngərli  Muzeyinin direktoru

Nəşr edilib : 14.10.2026 09:40