NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

Son 4 ildə 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib

...

Son 4 il ərzində (2021-2024-cü illər) 179 min 186 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. 2020-ci ilin noyabr ayından ilin sonunadək təmizlənən 605,8 hektar ərazini də nəzərə alsaq, 2024-cü ilin sonuna kimi 179 min 791,8 hektar ərazinin mina və partlamamış sursatlardan tamamilə təmizləndiyini deyə bilərik. Ötən ildə isə işğaldan azad olunan ərazilərdə 62 min 23,9 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 16,8 faiz çoxdur.

"Şərq qapısı" xəbər verir ki, bu barədə məlumat Media Təhlil Mərkəzinin (MTM) hazırladığı təhlildə yer alıb.

Aparılan təhlil zamanı məlum olub ki, işğaldan azad olunan ərazilərdə ötən il həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı 2 min 372 tank və 4 min 286 piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə isə işğaldan azad olunan ərazilərdə son 4 ildə (2021-2024-cü illər) 18 min 411 tank, 29 min 250 piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

Minatəmizləmə əməliyyatlarını Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət yerinə yetirir.

İşğaldan azad olunan ərazilərdə ötən il 59 min 163 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə son 4 il (2021-2024-cü illər) ərzində aşkarlanaraq zərərsizləşdirilən partlamamış hərbi sursatların sayı 119 min 104-dür.

Təhlil zamanı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, 2022-2025-ci illər ərzində 215 min hektar ərazinin minalardan təmizlənməsinin nəzərdə tutulduğu məlum olub. Plana uyğun olaraq, hazırda 159 min hektardan artıq ərazi minalardan təmizlənib. Bu da o deməkdir ki, müddətin bitməsinə bir il qalsa da, dövlət proqramında nəzərdə tutulan ərazinin 73,95 faizi minalardan təmizlənib.

Bundan başqa, Tədbirlər Planında 2026-cı ilin sonuna kimi işğaldan azad olunmuş ərazilərdə minalardan təmizlənmiş ərazilərin sahəsinin 280 min hektara çatdırılması qeyd edilib və bu işin 56,79 faiz hissəsi icra olunub.

Nəşr edilib : 22.01.2025 11:34