NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

“Şıxmahmud şəhidləri, qaziləri və müharibə iştirakçıları” kitabı işıq üzü görüb

...

Birinci və İkinci Qarabağ müharibəsində xalqımızın birliyi dünyanı mat qoydu. Bu qələbəni biz çalmalı idik. Çünki mübarizəmiz müstəqilliyimiz, ərazi bütövlüyümüz, ata-babalarımızdan bizə əmanət olan, heç nə ilə dəyişməyən ən qiymətli sərvətimiz uğrunda idi. Bunun üçün bizim haqq, ədalət savaşımız qələbə ilə nəticələndi. Azərbaycan xalqının igid övladları həm I, həm də II Vətən müharibəsində torpağın necə Vətən olduğunu dünyaya göstərdilər. Vətən oğulları qanları, canları bahasına torpaqlarımızı işğaldan qurtardılar, mənfur düşmənlərin tapdağından azad etdilər. O torpaqları ki xarıbülbülü boynubükük qalmışdı.

Xalqımız Vətənə gələn ağrını, acını birlikdə qəbul etdi, birlikdə kədərləndi, birlikdə sevindi. Anaların gözləri yollarda, qulaqları səsdə qaldı. O gözlər həm ağladı, həm güldü. Analar oğul, bacılar qardaş, gəlinlər yoldaş, övladlar ata itirdi. Qəhrəmanlarımız müqəddəs üçrəngli bayrağa büküldü. İgidlərimiz sağlam bədənlərini itirərək qazi oldu.

Bu gün yazıçı və şairlərimiz, bəstəkarlarımız hər iki müharibə zamanı şəhid və qazi olan igidlərimizin qəhrəmanlıqları barədə sevə-sevə şeirlər yazır, mahnılar bəstələyir, kitablar dərc etdirirlər.

Bu kitablardan biri də şairə Arifə Vəliqızının “Şıxmahmud şəhidləri, qaziləri və müharibə iştirakçıları” adlı kitabıdır.

Kitab Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şıxmahmud kəndində doğulub boya-başa çatan, I və II Qarabağ müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan, öz el-obasına qazi kimi qayıdan, I Qarabağ müharibəsində Naxçıvana hücum edən mənfur ermənilərdən Naxçıvanı qoruyan könüllülərə, II Qarabağ müharibəsində Vətəni düşməndən qoruyub qələbə çalıb qayıdan müharibə iştirakçıları olan şıxmahmudlulara həsr edilib.

Kitabda şəhidlərin, qazilərin və veteranların tərcümeyi-halı, uşaqlıq xatirələri, xidməti yerləri və qəhrəmanların şücaətlərindən bəhs edilir. Müəllif şəhidlərə həsr edilmiş bölmədə giriş olaraq yazır: Şəhidlər hünəri ilə zəfərə yol açan qəhrəmanlardır, həyatını əbədi olaraq Vətənə, torpağa, bayrağa qurban edərək şəhidlik zirvəsinə ucalıb şəhadət şərbətini içən igid qəhrəmanlardır! Şəhidlər Vətən sevgisini bütün sevgilərdən uca tutanlardır.

Adıçəkilən mücadilədə el-obasından sağ gedib qazi kimi qayıdan igidlərimizi müəllif belə dəyərləndirir:

Qazilər şəhidlərin Vətəndə nəfəs alan canlılarıdır. Şəhidlər əbədi gözlərini yumublar, qazilərsə hər gün şəhiddirlər.

Qazilər Vətənlə bütövləşən, Vətən sevgisiylə aliləşən, bütün sevgiləri Vətən sevgisinə dəyişən, yuxuda bitməyən müharibənin əbədi əsgərləridir. Həyatı boyu o yuxular dəyişməz olaraq qalır. Yəni bir dəfə müharibədə olmaq son nəfəsinə qədər müharibənin izini daşımaq kifayət edir.

Yeni nəşrdə şəhidlərin əziz xatirəsinə 27, qazilərə və veteranlara isə 13 şeir həsr edilib.

Ədəbiyyatımızda bu mövzuya müraciət edən şair və yazıçılarımızın hər yeni nəşri onlara böyük ehtiramın ifadəsidir. İnanırıq ki, “Şıxmahmud şəhidləri, qaziləri ilə müharibə iştirakçıları” kitabı həmin nəşrlər sırasında layiqli yert tutacaq.

Nəşr edilib : 08.01.2025 12:08