NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Səssiz abidələrlə yaşayan, tarixin daşlara həkk olunduğu kənd

...

Naxçıvanın sıldırım dağlarının arxasında, buludların arasından görünən bir kənd var – Yuxarı Əylis. Buraya gəlmək üçün dar, dolama yolları keçmək və şəhər səsindən uzaqlaşmaq lazımdır. Amma kəndə çatan kimi anlayırsan: bu səssizliyin içində yüzillik tarix yatır. Bu kənd, sadəcə, bir yaşayış yeri deyil, həm də təbiətlə iç-içə yaşayan bir tarix muzeyidir. Burada orta əsrlərə aid evlər, mədrəsələr, tarixi abidələr və qədim məscid qalıqları var. Ən maraqlısı isə kəndin mərkəzində yerləşən karvansaradır.

Dağların qoynunda unudulmuş tarix

Yuxarı Əylis səssiz dağların qoynunda unudulmuş tarixdir sanki. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Yuxarı Əylis kəndi bu gün sükut içində yaşayır. Ordubad rayonunun yüksək dağlıq hissəsində yerləşən bu kənd bir zamanlar mədəniyyətlərin qovuşduğu, ticarət yollarının keçdiyi, incəsənətin və sənətkarlığın mərkəzi olmuşdu. İndi isə o, dağların qoynunda susmuş daşlarla, qədim çinarlarla və solğun yaddaşlarla baş-başadır.
Hər daşının, hər divarının bir hekayəsi var bu kəndin. Girişindəki köhnə karvansara divarları bu ərazinin bir vaxtlar böyük bir ticarət mərkəzi olduğunu göstərir. Yerli sakinlər deyir ki, bu karvansara orta əsrlər dövründə istifadə olunub, xüsusilə Səfəvilər dövründə Naxçıvan bölgəsində hər kəsin ziyarət etdiyi, gəldiyi yer olub. Əylisli Musa bəy tərəfindən inşa edilən bu karvansaranın qalan uçuq divarları kəndin öz sakinləri üçün artıq keçmişin səssiz şahidləridir.
Kənd ağsaqqalı Yusif kişinin söhbəti: “Bu ərazidə böyük bazar və digər alış-satış məntəqələri fəaliy­yət göstərirdi, müxtəlif ölkələrdən gələn tacirlər burada alver edərdilər. Həmin dövrdə əhalinin məşğulluq sahələrindən biri də ipəkçilik idi. Səbəb isə burada mülayim iqlim şəraiti ipəkqurdunun yetişdirilməsi üçün əlverişli olması idi. Ona görə də XIX əsrin sonlarında Əylisdə ilk ipəksarıma fabriki fəaliyyət göstərməyə başladı. Kəndin girişində isə “Qala qapısı” adlandırılan yer olub ki, bura orta əsrlərdə gömrük məntəqəsi rolunu oynayıb – şəhərə daxil olan və tərk edən adamların malları məhz burada yoxlanıb”.

Tək qalan evlər...

Yuxarı Əylis kəndində tarixi keçmişə aid, sahibləri naməlum boş qalan evlər də var: pəncərələri sınıq, qapılarından paslı halda asılmış qıfıllar, dar küçələrində səssizlik... Bəzilərində hələ də bağlanmamış pərdələr var, sanki kimsə bu gün-sabah tarixinə, keçmişinə geri dönəcəkmiş kimi. Bir vaxtlar mədrəsə olan bina indi “tənha” haldadır, uçuq-sökük divarlarının arxasında lampa işığında elmə, təhsilə öz töhfəsini verən, dünyaya işıqsaçan sakinlərini gözləriyirmiş kimi görünür. Deyilənə görə, bu bina ötən əsrin ortalarında bir müddət məktəb kimi fəaliyyətini davam etdirsə də, sonradan qapısından qıfıl asılıb. Ümumiyyətlə, bu kənddə orta əsrlərdən başlayaraq elmə daha çox üstünlük verilib. Buna işarə olaraq “Molla Nəsrəddin” jurnalında belə hadisə öz əksini karikatura halında tapıb. Sakinlər deyir ki, o dövrlər Naxçıvanda fəaliyyət göstərən bütün təhsil ocaqlarında əylisli müəllimlər fəaliyyət göstərib, hətta muxtar respublikanın ilk təhsil naziri belə bu kənddən olub. Kəndin ən qədim məhəllələrindən hesab edilən Meydan məhəlləsində ikimərtəbəli mədrəsə binasının memarlıq xüsusiyyətləri onun Səfəvilər dövründə aid olduğunun göstəricisidir. O dövrdə belə bir mədrəsənin fəaliyyət göstərməsi Yuxarı Əylisdə elmə, biliyə nə qədər önəm verildiyinin göstəricisidir və bu mədrəsələrdə ətraf kəndlərin uşaqları belə təhsil alıblar. Burada yeni tipli məktəb isə XIX əsrin əvvəllərində fəaliyyətə başlayıb.

Məscid, mədrəsə, hamam

Yuxarı Əylisdə sanki tarix daşların arasına gizlənib. Kəndin bəzi hissələrində, xüsusilə divarındakı izlər, üzərində naxışlar olan daşlar hələ də yerində qalır. Bunu Əylis çayının üzərində yerləşən və xalq arasında Şah Abbas körpüsü kimi tanınan körpüyə baxdıqca görmək mümkündür. Yusif Qədirquliyev deyir ki, bu körpü mühüm ticarət, iqtisadi əhəmiyyətə malik olub və orta əsrlərdə Ordubad-Əndəmic-Əylis istiqamətində hərəkət edən ticarət karvanları məhz buradan keçərək Əylis bazarına daxil olurmuşlar. Körpünün həndəvərini isə çay bir neçə dəfə yuyub. Tofiq Hüseynov bizi körpünün yanına aparır: “Müəyyən dövrlərdə bu kəndə 3 dəfə sel gəlib və hər dəfəsində də kəndi “yuyaraq” dağıdıb. Əylis bir zamanlar kiçik şəhər idi. Gördüyünüz bu yerdə böyük ticarət mərkəzi yerləşirdi. Ta kəndinin o başına kimi. Çoxu dağılıb, qalan isə yalnız bu qalıq divarlardır”. Kəndin dar küçələrində addımladıqca daşlara hopmuş tarix qoxulu abidələr, evlər, yarı uçulu divarlar bu kəndin çoxetnik və çoxdinli tarixinin sanki susqun şahidləridir. Bura tarix muzeyidir, lakin ziyarətçisi yoxdur.
Torpağın altından boylanan və məscidə söykənən hamam, onun ətrafında olan kəhriz bu kəndin mərkəzində yerləşir. Yusif kişi deyir ki, vaxtilə bu hamam məhz kəhrizin suyu ilə işlədilirmiş. Məscid, mədrəsə, hamam və kəhrizin bir yerdə kompleks halında olması Ordubada xas xüsusiyyətlərdən biridir. Hər küçəsində kəhrizi olan bu kənddə, hətta XVII əsrdə kəhriz sistemi belə mövcud olub. Kənd sakinləri deyir ki, Əylisdə 50-yə yaxın kəhriz var (imiş) və kəhrizlərin su sistemlərində pilləli kaskad tipi prinsipindən istifadə edilirmiş.
Təəssüflər olsun ki, indi bu kəhrizlər qismən quruyub. Amma kənd sakinləri torpağına sadiqdir. Kənd sakinləri “Biz burada doğulmuşuq. Burada da ölərik, burada torpağımız, ruhumuz var. Hər daş bir nişanədir”, – deyirlər.

Səssizliklə danışan kənd və ya gələcəyin səssiz çağırışı

Axşamlar burada yalnız külək danışır, kəndin sükutu insanı öz içinə çəkir: sakitlik içində unudulan, amma hələ də nəfəs alan kənd. Amma bu sakitlik əylislilər üçün rahatlıqdır. Kəndi sərhəddəki əsgər kimi hər tərəfdən qoruyan dağlar gecə ulduzlarını əks etdirir, quşlar səhər azanından əvvəl oxuyur. 
 ...Yuxarı Əylis kimi kəndlər bizi yalnız keçmişimizlə tanış etmir, həm də gələcəyimizə sual verir: belə zəngin mədəniyyət irsini necə qoruyaq? Onları müasir dünyaya necə təqdim edək? Bu kəndlərin qorunması üçün təkcə muzeylərdə, tarixi abidələrin önündə lövhələr quraşdırmaq yox (halbuki yoxdur!), real investisiya, diqqət və maraq göstərmək lazımdır. Çünki tarixi abidələr səssiz ola bilər, amma onların susqunluğu özündə bütöv bir millətin yaddaşını daşıyır.
...Yuxarı Əylis kimi kəndlər Naxçıvan tarixinin arxivləri kimidir: səssiz, amma dərin, unudulmuş, müqəddəs. Hər daş, hər divar, hər sökülən divar keçmişdən gələcək üçün xəbər verir. Buranı qorumaq, tanıtmaq və yaşatmaq, sadəcə, vəzifə deyil, həm də vicdan işidir.
Yuxarı Əylisi seyr edərkən insanı düşüncəyə aparan bir fikir dolaşır başında: “Bu kəndin daşları danışa bilsəydi, bəlkə, dünya onları dinləməyə gələrdi”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 27.07.2025 09:40