Xəzər dənizində zəlzələ olub
08:59 26.07.2026
0
0
0
NAXÇIVAN :
26 Iyul 2026, Bazar
Səhərin alaqaranlığında, rayonun hələ tam oyanmadığı bir məqamda uzaqdan gələn səs-küy bizə hara getməli olduğumuzu pıçıldayır. İnsan qaynağına, həyatın ən qaynar nöqtəsinə, yerli meyvə-tərəvəz bazarına doğru yönəlirik. Günəş üfüqdə tam görünməyib, amma yük maşınlarının səsi ətrafı bürüyüb. Burada həyat artıq çoxdan “oyanıb”. Şərurun kəndlərindən təzəcə gətirilmiş məhsullar boşaldılır. Üzərində hələ şeh damlaları olan pomidor, xiyar, kartof və müxtəlif meyvələr digər bölgələrdən gələn alıcılar tərəfindən yeşik-yeşik, torba-torba yük avtomobillərinə yığılır. Kimsə “Topdançılar gəldi”, – deyə səslənir.
Bazarın əsas qapısından içəri daxil oluruq. İlk hiss etdiyimiz rütubətli torpaq, təzə göyərti, xoş ədviyyat və meyvə qoxusudur. Bu qoxu keçmişin ən gözəl xatirələrini oyadır insanda, sanki uşaqlıq illərinin qayğısız yay günlərindən qalan bir meh kimi üzümüzə toxunur. Bazar, sadəcə, alış-veriş məkanı deyil, həm də özünəməxsus ritmi və qaydaları olan canlı bir aləmdir. Bir tərəfdə qırmızı rəngin ən parlaq tonlarında parıldayan Xələc pomidorları, digər tərəfdə üzərinə hələ indicə su çilənmiş, yamyaşıl, təravətli Kürkənd göyərtiləri, piştaxtaların bəzəyi olan Yengicə gilası, Daşarx hülüsü boylanır. Sanki hər bir piştaxta özlüyündə bir rəsm əsəridir. Satıcılar piştaxtaları istəyə uyğun şəkildə bəzəyir. Bu, sadə bir düzüm deyil, əsl vizual sənətdir. Ən qırmızı pomidorlar önə, bir az əzilmişlər isə “tomatlıq” adı altında arxa sıraya yerləşdirilir.
“Şərur bazarının öz qanunları var. Bizim üçün müştərinin gözü doymalıdır. Piştaxta gərək baxan kimi alıcını cəlb etsin”, – deyə bazarın 40 illik “sakini” Elşən Rzayev bildirir. Hava işıqlandıqca bazarda adam sayı da çoxalır. Bu dəfə gözə alverçilər yox, yerli alıcılar “dəyir”. Meyvələrin şirin qoxusu ilə yanaşı, hər tərəfdən bir nida ucalır, hər kəs öz məhsulunu tərifləyir. Amma bu səs-küy adamı yormur, əksinə, insana qəribə bir enerji verir: “Bu pomidordan yeməsən, peşman olarsan, lap dərman kimidir”, “Tərəvəzin şahı burada”, “Yaxın gəl, ucuzluqdu” və sair. Bazarın ən maraqlı tərəfi, əlbəttə ki, bazarlaşma mədəniyyətidir. Burada qiymət sümük kimi bərk deyil, hələ, əksinə, elastikdir. Hər bazarda olduğu kimi, Şərur bazarında da klassik bazar dialoqlarına qulaq veririk. Kimisi meyvə-tərəvəzi seçə-seçə qiymətini aşağı salmaq istəyir, kimisi də piştaxta arxasında ünsiyyət qurur, hal-əhval tutur. Ən əsası isə alıcı bazardan kiçik də olsa, endirimlə ayrılmaq istəyir. Belə kiçik “teatr tamaşası” hər dəqiqə, hər addımda təkrarlanır. Sonda həm satıcı, həm də alıcı razı qalır.
Naxçıvanın kənd təsərrüfatı mərkəzi sayılan Şərur rayonunun meyvə-tərəvəz bazarı digər bazarlardan bir cəhəti ilə fərqlənir. Burada vasitəçilər azdır, birbaşa bağdan topladığı məhsulu satan zəhmətkeş kəndlilər isə çoxdur. Yaşar dayı gülümsəyərək göyərtilərə su səpə-səpə deyir: “Şərur suyuna, torpağına görə birinci yerdədir. Naxçıvan Muxtar Respublikasında məhsulları ən çox yetişdirən də elə Şərurdur. Biz təkcə Şərur bazarında yox, aparıb məhsullarımızı Naxçıvan bazarında da satırıq. Culfadan, Ordubaddan və digər bölgələrdən məhsullarımızı alıb aparıb satırlar. Qiymətlərimiz uyğundur, məsələn, pomidoru 90 qəpiyə, xiyarı 60 qəpiyə, göyərtiləri özümüz yetişdiririk, bir dəstəsini 20 qəpiyə satırıq. Gecə saat 3-dən topdansatış başlayır, saat 8-ə kimi. 8-dən sonra topdan gətirənlər satıb qurtarır, sonra başlayırıq pərakəndə satmağa. Bizdə o qədər ucuzluq olur ki, digər regionlardan alverçilər gəlib buradan alır, üstünə 5-10 qəpik qoyub aparıb Naxçıvanda topdan satırlar. Deyək 500-600 kiloqram alanda, ona da 50-60 manat qalır. Bir də Şərurun suyuna görəmi, torpağına görəmi əkini həm davamlı olur, yəni möhkəm olur, dağılmır, həm də dadlı olur, yeməli olur”.
Satıcıların sözlərinə görə, yerli məhsullar bazara daha çox daxil olduğu üçün meyvə və tərəvəzlərin qiymətində ucuzlaşma var. Ümumilikdə, bazarda məhsul çeşidi kifayət qədər zəngindir və alıcıların seçimi genişdir. Yay mövsümünün davam etməsi ilə yaxın həftələrdə bazara daha çox məhsulun çıxacağı, qiymətlərin daha da ucuzlaşacağı gözlənilir. Satıcı Əli Əliyev deyir ki, bazarda yerli məhsullar çoxdur, yəni Naxçıvanın digər rayonlarının da tələbatını qarşılayır: “Bura böyük bazardır, əhalisi də çoxdur. Qiymətlər mövsümə görə dəyişir, amma ümumilikdə, münasibdir. Hamı ala bilir. Ucuzdur, hamı malını sata bilir. Naxçıvanda, demək olar ki, hər məhsulu burada tapmaq mümkündür. Bir dənə qarpız Nehrəmdən gəlir. Ona görə də həm rəqabət var, həm də qiymətlər aşağı olur”.
“Bazarın ən maraqlı tərəfi insanlarıdır”, – deyirlər. Lakin meyvələri gördükdə insan bir qədər fikrini dəyişir sanki. Burada hər meyvənin öz poetik dili var. Təbiətin ən gizli və dərin şirinliyini bağrında daşıyan əncir, içi qıpqırmızı bir sirr xəzinəsi olan qarpız, hər giləsində Günəşin istisini və yayın nəfəsini saxlayan üzüm, kəsiləndə ətrafa yayılan o təravətli qoxu ilə insana yaşamaq sevincini bəxş edən qovun, yay gecələrinin sərin mehini unutduran məşhur Şərur hülüsü piştaxtalara sanki nəfəs verir. Meyvələrini silə-silə bizimlə söhbətləşən satıcı Anar Tağıyev qeyd edir ki, bunların hamısı yerli Şərur məhsullarıdır, öz əkib-becərdikləri məhsullardır: “Ucuz və keyfiyyətlidir, dad-tamı yerindədir, çox dava-dərman da eləmirik. Hamısı orijinal, yerli məhsullardır. Naxçıvanın digər bölgələri – Culfadan, Şahbuzdan, Naxçıvanın elə özündən gəlib alırlar. Şərur məhsulları bazarın böyük hissəsini təşkil edir”.
Satıcılardan Mirələkbər Seyidov söhbətə müdaxilə edərək vurğulayır ki, Şərur Dərələyəz silsiləsinin ətəyində yerləşdiyinə görə, burada təbiət əlverişli, torpaq isə məhsuldardır. Bu da yetişdirilən məhsulların keyfiyyətinə öz təsirini göstərir. Elşən Rzayevin fikrincə isə kənd təsərrüfatı məhsullarına görə elə Şərur ən bərəkətli rayondur: “Demək olar ki, muxtar respublikanın kənd təsərrüfatı məhsullarının əsas hissəsini Şərur təmin edir. Məhsullarımız yerli, qiymətlərimiz isə münasibdir”.
Bazarın lap küncündə, səs-küydən bir az kənarda kiçik bir çayxana yerləşir. Buranı bazarın qeyri-rəsmi “mətbuat mərkəzi” də adlandırmaq olar. Satıcılar növbə ilə gəlir, armudu stəkanda kəklikotulu çaylarını içə-içə günün xəbərlərini müzakirə edirlər. Maraqlı baxışımızı sezən satıcı Elmar Rzayev yaxınlaşaraq söhbətə qoşulur: “Bazarda satılan otların bir qismini fermerlər özləri yetişdirir, bir qismini isə kənd sakinləri dağlardan, çöllərdən toplayıb gətirirlər. Şərurda əkin-biçinlə məşğul olan çoxdur. Elə buna görə də çayımız belə ətirlidir”.
Günorta saatları yaxınlaşdıqca piştaxtalar boşalır, tərəzilər susur, səslər yavaş-yavaş səngiyir. Amma bazarın ruhu hələ də buradadır. Çünki Şərur bazarında bir azdan yenidən səs-küy eşidiləcək, “axşam ucuzluğu” başlayacaq. Şərurun “Yaşıl bazar”ı təkcə ticarət mərkəzi deyil, burada torpağın bərəkəti, kəndlinin zəhməti və rayonun qədim qonaqpərvərlik ənənələri bir araya gəlir.
Piştaxta arxasında yalnız ticarət deyil, insan münasibətləri, səmimi söhbətlər və qarşılıqlı etibar da yaşayır. Elə buna görə də bu bazar, sadəcə, məhsul satılan yer yox, Şərurun gündəlik həyatını və zəhmət mədəniyyətini yaşadan ünvandır.
Ceyhun MƏMMƏDOV
Digər xəbərlər